Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:42

İran azərbaycanlıları Novruzu Bakıda qeyd edirlər


İranda yazın gəlişini milli adətlərə uyğun təntənə ilə qeyd etmək imkanları məhduddur

İranda yazın gəlişini milli adətlərə uyğun təntənə ilə qeyd etmək imkanları məhduddur

«İdeallar uğrunda həbsdə olmaq da gözəllikdir».

Bunu xalq şairi Sabir Rüstəmxanlı «Azadlıq» radiosunun efirindən İranda həbsdə olan azərbaycanlı fəalları Novruz münasibətilə təbrik edərkən deyib.

Novruz bayramı ilə əlaqədar Bakıya İrandan yüzlərlə azərbaycanlı turist gəlib. «Azadlıq» radiosunun müxbirləri ilə söhbət zamanı onlar deyiblər ki, İranda yazın gəlişini milli adətlərə uyğun təntənə ilə qeyd etmək imkanları məhduddur.

İranda azərbaycanlıların milli-mədəni hərəkatının fəalı Çengiz Bəxtavər də «İşdən sonra» proqramında bu barədə danışıb:

«Bizim kökümüz birdir. Biz bir millətik, xalqın o tayı bu tayı olmaz. Novruz da elə Oğuz bayramıdır. Oğuz ellərindən qalan bu bayramı xalqımız yaşadır. Təəssüf ki, sıxıntılar var. Amma biz bu ənənələri saxlayıb gələcək nəsillərə ötürürük. Doğrudur, imkanlar eyni deyil. Burda bizim şairlərin, müğənnilərin imkanı yoxdur ki, televiziyaya çıxsınlar».

Ç. Bəxtavər deyir ki, İranda insanlar onsuz da basqı altındadırlar, qeyri-fars millətlərdən olanlarsa bu basqını daha kəskin hiss edirlər:

Sabir Rüstəmxanlı
«Biz dilimizi istəyirik. Öz dilimizdə təhsil almaq, öz tariximizi, adətlərimizi saxlamaq istəyirik. Bizim coğrafi adlarımızı dəyişirlər, buna qarşıyıq. Biz İran Konstitusiyasında, «Quran»da yazılanların yerinə yetirilməsini istəyirik. «Quran»da dillərin, millətlərin bərabər hüququ haqqında yazılıb. Bizim istədiyimiz həm şəriətə, həm qanuna uyğundur. Biz mədəni bir hərəkat yürüdürük. Bizə qarşı basqılar var, amma bunlar bizi qorxutmur. Xalqımız da gündən-günə güclənir. Cəmiyyəti qapalı saxlayırlar. Amma bunun xeyrini görmürlər, əks nəticə alırlar. Fəallarımıza çətinlik yaradırlar. Mən fürsətdən istifadə edib indi həbsdə olan fəallarımızı və onların ailələrini təbrik etmək istəyirəm».

Ç. Bəxtavər qeyd edib ki, İranda milli məsələ son yüzillikdə yaranıb:

«İranda min ilə yaxın türklər hakimiyyətdə olublar, amma onlar heç bir millətin kökünü kəsməyə çalışmayıblar, kimliyinə toxunmayıblar. 80 ildir ki, İranda hakim olan zümrə azərbaycanlıların kimliyini, tarixini aradan qaldırmağa çalışır. Amma bu bir xülyadır, bunu özləri də görürlər. Aydın fikirlilərimiz, ziyalılarımız, sənətçilərimiz ənənələrimizi qoruyurlar. Gələcəkdə bu irsi qorumaq əzmini daha da artıq ortaya qoyacağıq. Hakim rejim də bilməlidir ki, əgər istəyirlərsə, biz sülh içində yaşayaq, çirkin adətlərindən, şovinist siyasətdən əl çəkməlidirlər. Barış içində yaşamaq istəyirlərsə, bunu etməyə məcburdurlar».

Şair, millət vəkili Sabir Rüstəmxanlı deyir ki, Azərbaycan üçün İran yad ölkə deyil, təəssüf ki, indiki rejim onu yadlaşdırmaq istəyir:

«Orda ciddi anti-türk ovqatı var».

O, İrandakı vəziyyəti 60-cı illərdən əvvəlki Azərbaycanla müqayisə edib.

«Biz sovet illərində yaşatdıq dilimizi də, ruhumuzu da. 60-cı illərdə Azərbaycanda ilk dəfə Novruz qeyd olunanda, mənə elə gəlirdi ki, Azərbaycan müstəqilliyini qazanıb. Halbuki, bu sadəcə bayram idi. Amma Azərbaycan dilində şerlərin səslənməsi çox gözəl idi və biz güclü hisslər keçirirdik. İranda heç bir millətlə münaqişəmiz yoxdur. Sadəcə, istəyimiz budur ki, azərbaycanlılara imkan versinlər, onlar öz dilini, adət-ənənəsini qorusun».

Çengiz Bəxtavər
S. Rüstəmxanlı bildirir ki, hazırda Azərbaycan Respublikasında azadlıqların məhdudlaşdırılmasına, demokratiya ilə bağlı problemlərə baxmayaraq, müstəqilliyin nemətləri danılmazdır:

«Dilimiz dövlət dilidir, öz dilimizdə təhsil almaq haqqımız var. Öz musiqimizi, öz tariximizi azad öyrənə bilirik. Problemlərimiz var. Onlar bizimdir və həll etmək də bizim işimizdir».

Çengiz Bəxtavər də deyir ki, İranda azərbaycanlıların arzusu Azərbaycan Respublikasında da demokratiyanın, insan haqlarının çiçəklənməsini görməkdir:

«Dünya tarixi də göstərir ki, harda parlament demokratiyası varsa, o ölkə daha irəli gedir. Bu yolu tutmaq lazımdır».

O ki qaldı İranda azərbaycanlıların üzləşdiyi problemlərə, Ç. Bəxtavər deyir ki, heç bir aparteid rejimi sonsuz deyil:

«Cənubi Afrikada, digər ölkələrdəki aparteid rejimlərin sonu nə oldu? 21-ci əsrdə aparteidə yer yoxdur».

Söhbətə telefonla qatılan «Varlıq» jurnalının təsisçilərindən biri professor Cavad Heyət də deyir ki, İranda azərbaycanlıların ana dilində məktəb hüquqları təmin olunmayıb:

«Mən bu məsələni İran rəhbərliyinin də nəzərinə çatdırmışam. Onlar da vəd veriblər»...

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG