Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:07

Ümumxalq səsverməsi, yoxsa inzibati seçki?


Həsən Kərimov və Mübariz Əhmədoğlu

Həsən Kərimov və Mübariz Əhmədoğlu

«Xalq bu referendumu boykot edərək, hakimiyyətə yox dedi».

Bu fikri «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatının səlahiyyətli nümayəndəsi Həsən Kərimov «Panorama» verilişində deyib:

«Hakimiyyət bütün inzibati resurslardan istifadə etsə də, büdcə təşkilatlarında çalışan insanları məcburi seçki məntəqələrinə gətirməyə çalışsa da, referendumda heç 15 faiz seçici iştirak etmədi…».

«Vətəndaş cəmiyyəti» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Mübariz Əhmədoğlu isə dedi ki, referendumda real göstərici MSK-nın açıqladığı ilkin rəqəmlərdən prinsipial şəkildə fərqlənməyib:

«Siz təsəvvür edin, büdcə təşkilatlarında çalışan insanlar, ordu, polis və hakimiyyətin nəzarətində olan digər strukturlar - bu, seçicilərin təqribən 30 faizidir. Belə olan halda, hansı əsasla demək olar ki, səsverməyə cəmi 15 faiz seçici gəlib? Bir də mən büdcə təşkilatlarında çalışan insanların seçkidə iştirakını təmin etməkdə qəbahətli heç nə görmürəm…».

H. Kərimov isə dedi ki, büdcə təşkilatlarında çalışan insanlar bir çox hallarda məcburi qaydada səsverməyə gətiriliblər:

«Hamı bilir ki, mən müxalifətçiyəm və bu referendumu boykot etmişəm. Ancaq mənim evimə zəng vurub həyat yoldaşımı hədələyirlər. Həyat yoldaşım müəllimə işləyir. Ona deyirlər ki, sən hökumətdən pul alırsan, əgər seçkiyə gəlməsən, sənə gələn il saat verməyəcəyik. Bəzi rayonlarda insanların qarşısına şərt qoyublar - səsverməyə gəlməsəniz, pensiyalarınızı ala bilməyəcəksiniz. Sonra da seçki qutularını kütləvi şəkildə bülletenlərlə doldurublar…».

Söhbət əsnasında H. Kərimov bildirdi ki, hakimiyyət tez-tələsik referenduma getməklə yalnız öz ömrünü uzatmaq, ölkədə monarxiya yaratmaq istəyir.

Ancaq M. Əhmədoğlunun fikrincə, hakimiyyətin monarxiya yaratmaq kimi niyyəti yoxdur:

«Əgər onlara bu lazım olsaydı, konstitusiyaya dəyişiklik etməyə ehtiyac qalmazdı. İlham Əliyev Rusiyada olduğu kimi, Baş nazir olar, prezidentliyi isə özünə yaxın şəxslərdən birinə güzəştə gedərdi. Regionda çox mürəkkəb proseslər gedir. Belə bir şəraitdə Azərbaycan güclü olmalıdır. Əks halda, 2013-cü ilə qədər hakimiyyətdə parçalanma yarana bilərdi…».

H. Kərimov isə düşünür ki, Azərbaycana güclü hakimiyyət yox, güclü xalq lazımdır:

«Siz nə vaxt imkan verəcəksiz ki, xalq öz hakimiyyətini seçə bilsin. Axı bu xalqın haqqıdır. Azərbaycanda güclü hakimiyyət yoxdur. Bu, zora söykənən sabitlikdir. Ölkədə bazar iqtisadiyyatı adı altında bazarlıq iqtisadiyyatı hökm sürür…».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG