Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:04

Siyasi qüvvələr E. Hüseynovun qətlini "terror" kimi qiymətləndirirlər


Səs: Real audio
Siyasi və ictimai təşkilatlar, beynəlxalq jurnalist qurumları terror aktını pisləyir, Azərbaycan hökumətindən tez və qəti tədbir götürməsini tələb edirlər. Oktyabrın 3-ü səhər Prezident yanında Təhlükəsizlik Şurasında «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli müzakirə edilib.



Prezident İlham Əliyev yığıncaqda hüquq-mühafizə orqanlarına cinayətin tezliklə araşdırılması və qatillərin tapılmasıyla bağlı tapşırıq verib.



Yığıncaqdan sonra o, kütləvi informasiya vasitələrinə açıqlamasında deyib ki, bu, Azərbaycanın müasir tarixində jurnalistlərin zorakı üsulla öldürülməsinə dair ilk hadisədir.



Baş verən hadisəni Azərbaycana ləkə adlandıran prezidentin sözlərinə görə, bundan bəzi qüvvələr ölkənin beynəlxalq aləmdə gözdən salınması üçün istifadə edə bilərlər.



İlham Əliyev həmçinin qeyd edib ki, bu, demokratiyaya, söz azadlığına qarşı zərbədir.



Hakim Yeni Azərbaycan partiyasının icra katibi Əli Əhmədov isə Elmar Hüseynovun qətlini terror hadisəsi adlandırır. Onun sözlərinə görə, bu, onu göstərir ki, Azərbaycanda hələ də demokratiyanın inkişafından narahat olan qüvvələr mövcuddur.



Əli Əhmədov ümüd edir ki, Azərbaycan ictimaiyyəti baş verən faciə ilə bağlı tələsik nəticə çıxarmayacaq. Hüquq-mühafizə orqanları isə cinayətin tezliklə və obyektiv şəkildə araşdırılması üçün bütün imkanlardan istifadə edəcəklər.



Azərbaycan Xalq Cəbhəsi partiyası “islahatçılar” tərəfinin lideri Əli Kərimli isə Elmar Hüseynovun öldürülməsini hakimiyyətin demokratik qüvvələrə xəbərdarlığı kimi qiymətləndirir. Bunda məqsəd isə seçki ərəfəsində müstəqil mətbuat və demokratik qüvvələrin gözünü qorxutmaqdır.



Müsavat başqanı İsa Qəmbər də baş verən hadisəni terror kimi dəyərləndirir. Ancaq onun sözlərinə görə, bu, hakimiyyətin azad mətbuata və azad sözə qarşı terrorudur.



İsa Qəmbərə görə, ölkənin birinci şəxsi müqəssirləri az vaxta aşkar edib cəzalandırmasa, bütün komandasıyla birgə istefa verməlidir.



Milli Demokrat partiyasının sədri İsgəndər Həmidov da hesab edir ki, baş verən faciəli hadisəyə görə hakimiyyət məsuliyyət daşıyır. O deyir ki, bu, dövlət başçısının öz vəzifələrinin öhdəsindən gələ bilməməsinin göstəricisidir.



İsgəndər Həmidovun sözlərinə görə, cinayətin sifarişçiləri layiqli cəzalarını almasalar, Azərbaycanı daha ağır faciələr gözləyir.



Milli Birlik Hərəkatının rəhbəri Lalə Şövkət Hacıyeva isə Elmar Hüseynovu şəhid hesab edir. Ona görə, «Manitor»un mərhum redaktoru söz və mətbuat azadlığının qurbanıdır.
XS
SM
MD
LG