Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:30
«Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit amnistiyaya düşsə də, onun azadlığa çıxması yubadılır. Mirzə Sakitin qardaşı Fərasət Zahidov deyir ki, o martın 18 və 19-u saatlarla 10 saylı cəzaçəkmə yerinin qarşısında gözləyib, ancaq qardaşını buraxmayıblar.

Bundan sonra Mirzə Sakitlə görüş alıb: «Deyir ki, buraxılmamağımın yubadılması referendumla bağlıdır. Dünənki səsvermədə nə Mirzə Sakit, nə də başqa məhbuslar bülleten üzü görməyiblər. Onlara bir jurnala qol çəkdirməklə kifayətləniblər, qalan işləri isə özləri görüblər. Sakit də deyir ki, ona görə məni tez buraxmaq istəmirlər ki, bu haqda məlumatlar verərəm, bu yolla onu incidirlər».

Mirzə Sakit qardaşına onu da deyib ki, əgər bu gün onu azad etməsələr, amnistiyadan imtina edəcək.

Penitensiar Xidmət İdarəsinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovsa deyir ki, Mirzə Sakitə qarşı heç bir qərəz yoxdur, amnistiyaya düşən şəxs kimi o da azadlığa çıxacaq: «Bizdə elə məhbus var ki, azadlığa çıxmasına 5 gün, eləsi var ki, hətta 1 gün qalıb. Birinci növbədə biz amnistiyanı onlara tətbiq edirik. Ondan sonra isə bir neçə ayları qalanlar buraxılacaq. Amnistiyaya düşənlər hamısı çıxacaq».

Mehman Sadıqov cəzaçəkmə yerində səslərin saxtalaşdırılmasıyla bağlı deyilənləri yalan adlandırır. «Bu doğru deyil. Biz bütün məhbuslara şərait yaratmışdıq ki, səsvermə hüquqlarından azad şəkildə istifadə etsinlər».

Seçki üzrə ekspert Hafiz Həsənov isə bildirir ki, cəzaçəkmə yerləri kimi qapalı yerlərdə səslərin saxtalaşdırılması üçün münbit şərait var:
«Burda azad iradədən danışmaq mümkün deyil. Ötən seçki təcrübəsi də göstərir ki, cəzaçəkmə yerlərində səsvermə komanda şəklində olur. Rəhbərlik hansı komandanı verirsə, o da icra olunur. Həm də qanuna görə, həmin yerlərdə təşkil olunan məntəqələrdə seçki komissiyasının üzvləri heyətin özündən yaradılır. Bu da saxtalaşdırmağa böyük şərait yaradır».

Hüquqşünas Osman Kazımovsa deyir ki, amnistiyaya düşən məhbusun buraxılması mümkün qədər tez olmalıdır:

«Mirzə Sakitə qarşı bu qərəzli münasibətdir. Həm də Amnistiya aktında göstərilmir ki, cəzasının bitməsinə bir gün qalanı birinci növbədə buraxmalıdırlar, iki gün qalanı ikinci növbədə. Bu insanların hamısı tez azadlığa buraxılmalıdır».

Mirzə Sakit narkotik saxlamaqda ittiham olunaraq 3 il cəza alıb. Onun cəzasının bitməsinə 3 ay qalıb. Beynəlxalq təşkilatlar və jurnalist özü həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Amnistiya tətbiq olunan məhbuslar isə bütövlükdə 4 ay ərzində azadlığa buraxılacaq. Penitensiar Xidmət İdarəsindən verilən məlumata görə, artıq 100-dən artıq məhbus azadlığa çıxıb.

Şərhləri göstər

XS
SM
MD
LG