Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:13

Eldar Namazov: beynəlxalq təşkilatlar QHT-lərin Azərbaycandakı seçki prosesində öz sözünü deyə bilməsi üçün konkret iş görürlər


Səs: Real audio
“Bir ulduz batanda, o biri doğur” Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovun fikrincə, hələ ki, beynəlxalq təşkilatlardan ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı yalnız bəyanatlar səslənsə də yaxın zamanlarda Azərbaycan hökumətinə Seçki Məcəlləsinin dəyişdirilməsi, seçkilərin şəffaflığının təmin edilməsi ilə bağlı ciddi təzyiqlər başlanacaq. Cənab Namazov deyir ki, «hər halda hakimiyyət bütün bunların yalnız bəyanat olduğunu düşünüb arxayınlaşmamalıdır. Beynəlxalq təşkilatların əksəriyyəti o fikirdədir ki, Azərbaycanda bu il mütləq azad və ədalətli seçkilər keçirilməlidir. Onların təmsilçiləri bu barədə qəti fikirlər söyləyirlər».

Eldar Namazovun sözlərinə görə beynəlxalq strukturlar QHT-lərin koalisiyasının təklifləri ilə tanışdırlar. İndi həmin təkliflərin ciddi müzakirəsi gedir. Artıq beynəlxalq təşkilatlar QHT-lərin Azərbaycandakı seçki prosesində öz sözünü deyə bilməsi üçün konkret işlər görürlər.

Demokratik Seçkilərə Yardım Mərkəzinin sədri Əli Quliyev isə deyir ki, noyabrda parlament seçkilərinin demokratik keçirilməsi zərurəti ilə bağlı beynəlxalq institutlardan, ATƏT-dən, AŞ-dan və ABŞ-dan müxtəlif səviyyələrdə bəyanatlar səslənib. Ancaq bu bəyanatların arxasında heç bir iş yoxdur. Onun sözlərinə görə 2003-cü ildə keçirilən prezident seçkiləri öncəsi də belə bəyanatlar verilirdi. Ancaq son nəticədə onların heç bir təsiri olmadı. «Ona görə mən bu bəyanatlara o qədər də optimist yanaşmıram.»

Əli Quliyevin fikrincə, həmişəki kimi beynəlxalq təşkilatlar hələ ki, yalnız bəyanat verməklə məşğuldurlar. Bu prosesdən ciddi heç nə gözləmədiyini bildirən Əli Quliyev deyir ki, əgər vəziyyət bu cür davam edərsə, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi mümkün olmayacaq. «Nəticə olması üçün Azərbaycan hökumətinə ciddi təziqlər edilməlidir. Normal seçki üçün demokratik mühit yaradılmasa, QHT-lərin prosesdə iştirakına qoyulan qadağa aradan qaldırılmasa, ictimai televiziya və hakimiyyətin nəzarətində olmayan digər telekanallar yaradılmasa bu parlament seçkilərindən çox şey gözləməyə heç bir əsas yoxdur».

Demokratik Seçkilərə Yardım Mərkəzinin sədri Əli Quliyev belə deyir.

Milli QHT forumunun prezidenti Azay Quliyev isə deyir ki, verilən hər bir bəyanatın, söylənilən hər bir fikrin konkret nəticəsi olmalıdır. Azərbaycandakı seçkilərlə bağlı beynəlxalq qurumların gündəliklərində hazırda nə olduğunu konkret deməkdə çətinlik çəkdiyini bildirən Azay Quliyev verilən bəyanatların arxasında işin olduğuna əmindir. O deyir ki, beynəlxalq təşkilatlar Azərbaycandakı seçkilərlə bağlı konkret plana malikdirlər.

Cənab Quliyevin sözlərinə görə artıq bir çox QHT-lər seçki ilə bağlı müəyyən təkliflər alıblar. Həmin təkliflərə hətta Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq maliyyə qurumları və fondlar da qoşulublar. Milli QHT forumunun prezidenti deyir ki, burada söhbət əsasən texniki əməkdaşlıqdan gedir və yaxın vaxtlarda ictimaiyyət bu kompaniyanın şahidi olacaq. Onun fikrincə «qarşıdakı parlament seçkiləri demokratiklik baxımından özündən əvvəlkilərdən fərqlənəcək. Bu irəliyə doğru daha bir addım olacaq. Bunu etmək üçünsə, həm dövlət qurumlarının, həm QHT-lərin, həm də beynəlxalq təşkilatların birgə səyinə böyük ehtiyac var. Əlbəttə ki vətəndaşlardan da çox şey asılıdır.

Ayaz Quliyev bu işdə kimlərinsə beynəlxalq təşkilatlardan Azərbaycana təzyiq göstərməyi, sanksiyaların tətbiq olunmasını tələb etməsini də məqsədəuyğun saymır. O deyir ki, «öz dövlətinə cəza istəyənlərin hərəkəti anlaşılan deyil.t Problemlər var və onlar etiraf olunmalıdır. Ancaq hər şey qərəzsiz olmalıdır. Hər şeydə qərəzlilik görmək və ya hər şeyi həddən artıq ideallaşdırmaq məsələnin həlli deyil».

Günün bütün mövzuları

XS
SM
MD
LG