Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:55
...Gənc dost, yenə səni keçmişə götürməyə qərar verdim. 2009-cu il martın 18-dən 1879-cu il martın 18-nə - 130 illik bir sıçrayışa hazırsanmı? Soruşacaqsan ki, niyə məhz 18 mart? Elə biləcəksən ki, hamının bildiyi gerçək bu gündən söz açacağam? Yox, 18 mart təkcə referendum günü deyil, həm də Bəri Qafqaz (Zaqafqaziya) Qori Müəllimlər Seminariyası Azərbaycan bölməsinin yarandığı gündür.


Qori Seminariyasının Azərbaycan bölməsi necə yarandı?
Bu seminariya 1876-cı ildə açılıb. Burada rus, gürcü və erməni bölmələri olub. Azərbaycan bölməsi sonradan fəaliyyətə başladı. Tarixçilər bu təşəbbüsdə Mirzı Fətəli Axundovun rolunu ayrıca vurğulayıblar.


Azərbaycan bölməsinin ilk inspektoru Aleksey Osipoviç Çernyayevski oldu
Bu adı yadda saxlamağa dəyər. Azərbaycanda oyanışın başlamasında, yerli ziyalıların yetişməsində onun da payı var. A.O. Çernyayevski 1840-cı ildə Şamaxıda doğulub. İlk təhsilini də burada alıb, ancaq “sonrası gəlməyib” – imkansızlıq mane olub. O, kənd uşaqlarını başına yığıb onlara rus dili öyrədib. Təbii ki, Azərbaycan türkcəsini də bilirmiş. 1867-ci ildə o, Şamaxı Qəza Məktəbinin müəllimi olur. Sonra təyinatla müxtəlif yerlərdə çalışır. Qori seminariyasının Azərbaycan bölməsi açılanda onu da dəvət edirlər.

Çernyayevski Qori Seminariyasında 14 il çalışıb
Aleksey Osipoviç Azərbaycanı kənd-bə-kənd gəzib, seminariyaya uşaq toplayıb. “Dəli Kür” filmində Rus Əhmədin evinə gələn adam onun prototipidir. Belə səfərlərdə seminariyaya cəlb edilənlər arasında Səfərəli bəy Vəlibəyov, Firidun bəy Köçərli, Mirzə Cəlil Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev olublar.

1881-ci il yanvarın 26-da Qafqaz Canişini “Təlimat” imzalayır
Bu təlimatla Güney Qafqaz xalqlarına öz ana dillərində ilkin təhsil almaq hüququ verilir. Azərbaycan türkləri üçün ortaya ciddi problem – dərslik problemi çıxır. Bu zaman 1852-ci ildə Mirzə Şəfi Vazehin İvan Qriqoryeviç deyilən bir şəxslə “Kitabi-türki” adlı dərslik tərtib etdiyi yada düşür. Ancaq həmin dərslik bəyənilmir və qərara alınır ki, yenisi hazırlansın.

Çernyayevski tanıdığı ziyalıları Tiflisə toplayır
O, Azərbaycan ziyalıları qarşısında ana dilində dərslik yaratmaq vəzifəsi qoyur. Artıq Qori Seminariyasında müəllimlik edən Səfərəli bəy Vəlibəyov və Şuşada yeni üsulla ilk məktəb açan Həsənəliağa Xan Qaradağski bu işdə yardımçı olurlar. “Vətən dili”, beləcə, yaranır və 1882-ci ildə Tiflisdə nəşr edilir.

“Əkinçi”dən sonra “Vətən dili”nin nəşri 19-cu əsr Azərbaycanının üzünü ağardıb
“Vətən dili” Mirzə Fətəlinin “Təmsilat”ından sonra anadilli 2-ci çap kitabı sayılır. Azərbaycan ziyalılarının böyük bir hissəsi məhz bu kitabdan dərs alıb. Ta sovetlər dönəminədək tədris edilən “Vətən dili” bolşevik unutqanlığının qurbanı oldu.

2 il öncə “Vətən dili” yenidən nəşr edildi
Kitabı 125 il aradan sonra gündəmə gətirən və Azərbaycan türklərinin yeni nəsli ilə görüşdürən şəxs həmin dərsliyin müəlliflərindən birinin –Həsənəli xanın nəticəsi Vüqar Qaradağlı oldu.

Çernyayevskini işdən niyə çıxardılar?
...Seminariyada şagirdlərdən birinin pulu oğurlanır. Bu işdə 2-ci sinifdə oxuyan Süleymandan şübhələnirlər. O da günahsızlığını sübut etmək üçün özünü güllə ilə vurur, ancaq xoşbəxtlikdən sağ qalır. Bu həmin Süleymandır ki, sonradan məşhur yazıçı olur və “Qorxulu nağıllar”ın sevimli müəllifi kimi tanınır (Süleyman Sani Axundov). “İntihar cəhdi”ndən sonra Çernyayevskini polis get-gələ salır və Aleksey Osipoviç istefa ərizəsi yazmağa məcbur qalır. İş bununla da bitmir. Heç bir il ötmədən – 1894-cü ildə A.O. Çernyayevski dünyasını dəyişir.

1918-ci ildə Qori Seminariyasının Azərbaycan bölməsi Qazağa köçürülür
Firidun bəy Köçərli Qazax Seminariyasının ilk rəhbəri olur. Xəyallarını tam gerçəkləşdirə bilmir, çünki 1920-ci ildə rus “qızıl ordu”sunun xüsusi şöbəsi onu həbs edib güllələyir. “Vətən dili” dərsliyinin ağır yükünü çəkən daha bir Vətən fədaisi də dünya ilə belə vidalaşır.

18 mart 1879 – 18 mart 2009 və aktual sual: Vətən, sən kiminsən?

Vətən, sən kiminsən? Firidun bəylərin, Üzeyir bəylərin, Çernyayevskilərin, Süleyman Sanilərin, yoxsa... Bir oğurluq suçunu çiynində daşımaqdansa ölümü seçən Süleymanların varkən, sən niyə bu hala düşdün?

Vətən, söylə, sən kiminsən?

“Dama-dama daş dəlinər!” – deyən Həsən bəy Zərdabin varkən, sən niyə heç dəyişmədin?

Bütün məhrumiyyətləri, qadağaları göz önünə alıb da “Sizi deyib gəlmişəm!” söyləyən Mirzə Cəlil varkən, sən onu niyə eşitmədin?

“Ucundadır dilimin həqiqətin böyüyü...Nə qoydular deyəyim, nə kəsdilər dilimi” deyən Əli bəy Hüseynzadə varkən, sən niyə üzüqaranlığa gedirsən?

Hələ ötən əsrin 30-cu illərində “Sərbəst insanlar ölkəsində” əsərini yazan Əhməd bəy Ağaoğlu varkən, sən niyə belə zavallı oldun?

Vətən, söylə, sən kiminsən? Haydı, söylə!

Şərhləri göstər

XS
SM
MD
LG