Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:02

Seçicilərin məntəqələrə daşınması qanuna zidd deyil


İki seçici səsvermə kabinəsinə eyni zamanda daxil olur

İki seçici səsvermə kabinəsinə eyni zamanda daxil olur

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun elə ilk dəqiqələrindən hökumətin bəzi strukturlarının bu prosesə ciddi hazırlaşdığı üzə çıxdı. Söhbət kvorumun olmayacağı əndişəsindən görülən bəzi tədbirlərdən gedir. Səsvermə yenicə başlamış Xırdalan şəhərində 3 məntəqənin yerləşdiyi Mədəniyyət Evinin qarşısında hazır dayanmış mikro avtobuslar diqqətimizi cəlb etdi. Həmin avtobusun sürücülərindən Camal Cümşüdov və Rahid Qocayev deyirdi ki, onları işlədikləri 82 saylı marşrutların sahibləri göndəriblər:

- 6 nəfər mən gətirmişəm,15 nəfər də yoldaşım gətirib. Axşama kimi burdayıq. Bizi hara göndərsələr, ora gedəsiyik. Nümayəndələrlə gedirik, onlar qapıları döyür, insanları çağırır, biz də onları məntəqələrə gətiririk.

Həmin Mədəniyyət Evində yerləşən 118 saylı Ağdam şəhər Seçki Dairəsinin 44 saylı məntəqəsinin sədri Arzu Mövsümova isə sürücülərin etirafına baxmayaraq avtobuslarla seçicilərin gətirilməsini təkzib etdi:

- Əvvəla, bura Mədəniyyət Evidir, burda avtobusların dayanmasına təbii baxmaq lazımdır. Bir də burda bir neçə məntəqə var. Başqaları haqqında deyə bilmərəm, ancaq bizim avtobuslarla adamları məntəqəyə gətirməyə ehtiyacımız yoxdur.

Mədəniyyət Evində yerləşən 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin 35 saylı məntəqəsində isə üzümüzə qapını bağladıqlarından onlardan hər-hansı bir reaksiya ala bilmədik.

Mərkəzi Seçki Komissiyasının sözçüsü Azər Sarıyev isə «Azadlıq» radiosuna deyib ki, seçicilərin uzaq məntəqələrə daşınmasını təşkil etmək qanunla qadağa deyil. İcra strukturları bunu təşkil edə bilər.

«Azadlıq» radiosunun əməkdaşı Kəbiran Dilavərli isə bu prosesdə 60 saylı Mənzil İstismar Sahəsinin iştirakını müşahidə edib. Həmin sahənin rəisi Vüqar Həsənli əməkdaşımıza deyib ki, adamları referenduma cəlb etmək onların borcudur:

- Telefonlarla zəng edib xahiş edirik ki, səsverməyə gəlsinlər, məntəqələrinin yerlərini əgər bilmirlərsə, bunu da onlara izah edirik. Lazım gəldikdə evlərə də gedirik.

«Respublikaçılar» təşviqat qrupunun üzvü Gülağa Aslanlı isə deyir ki, Binəqədi rayonunda, «Hövsan» qəsəbəsində büdcə təşkilatlarında çalışan qadınlardan ibarət 35-40 nəfərlik dəstələr bir neçə məntəqədə səsvermə prosesində iştirak ediblər. Oxşar vəziyyətlə «Azadlıq» radiosunun əməkdaşları Xırdalan şəhərində də rastlaşıblar. Bundan başqa, bir sıra məntəqələrdə seçki qutularına kütləvi bülleten atma halları da müşahidə edilib.

45 saylı Abşeron Seçki Dairəsinin 6 saylı məntəqəsində isə bir seçici bir neçə bülleteni qoltuğuna vuraraq bir-bir qutuya atırdı. Biz bu mənzərəni video ilə lentə aldıqdan sonra məsələyə həmin məntəqənin sədri Cəmilə Məhərrəmovanın münasibətini də öyrənmək istədik. Ancaq o, belə halı görmədiyini bildirdi:

- Bu, ola bilməz. Burda hər bir şəxsə yalnız bir bülleten verilir. Belə hal ola bilməz.

Qəribədir ki, həmin məntəqədə olan müşahidəçilər də bir şəxsin qutuya bir neçə bülleten atması halı ilə rastlaşmadıqlarını dedilər. Ancaq onların arasında müxalifətdən müşahidəçi yox idi.

16 saylı Yasamal 2-ci Seçki Dairəsinin 2 saylı məntəqəsində də oxşar halın baş verməsi ilə bağlı iddialar var. Həmin məntəqədə «Respublikaçılar» təşviqat qrupundan olan müşahidəçi Emil Əliyev deyir ki, sədr Surxay İsmayıl qutuya 2 dəfə topa bülleten atıb. Ancaq Surxay İsmayıl da «Azadlıq» radiosunun müxbiri ilə söhbətində belə bir halın baş verdiyini təkzib edib.

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 29 saylı məntəqəsində isə müxalifətdən olan müşahidəçilər deyirdilər ki, gün ərzində çoxsaylı qanun pozuntuları ilə üzləşiblər:

- Gün ərzində «karusel» işə düşüb, dəstə-dəstə bülletenləri də seçki qutularına doldurublar. Hətta dəstə-dəstə bülletenlər qutuya girmədikdə əllərilə basıb keçiriblər.

Ancaq həmin məntəqədə Yeni Azərbaycan Partiyasından olan müşahidəçi Niyaz Hacıyev deyir ki, 4-5 pozuntuya görə bütöv bir prosesi gözdən salmaq olmaz. Onun sözlərinə görə, bütünlükdə xalq Konstitusiyaya əlavə və dəyişiklikləri müdafiə edir.

Şərhləri göstər

XS
SM
MD
LG