Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:14

Manas bazasını Bakı əvəz edə bilər


Manas. Əfqanıstandan gələn Amerika əsgərləri 2008

Manas. Əfqanıstandan gələn Amerika əsgərləri 2008

Əgər Amerika və Qırğızıstan rəsmiləri arasında Manas aviabazasının icarəsi ilə bağlı son danışıqlar nəticə verməsə, sözügedən bazanı əvəz etməyə əsas namizəd Bakı olacaq.
Bunu Amerikanın “The New York Times” qəzeti yazır. Qəzet qeyd edir ki, indi Amerika Əfqanıstana yeni təchizat yolları axtarır.

Səbəblərdən biri odur ki, Pakistandakı Xeybər aşırımı etibarlı deyil və Əfqanıstana gedən maşın karvanları orada getdikcə daha çox Taliban yaraqlılarının hücumuna məruz qalır. Digər səbəb isə Qırğızıstanın Amerika hərbçilərini Manas bazasından çıxarmaq qərarıdır. Amerikanın bir başqa məsələ ilə bağlı da narahatlığı artır. Belə məlumatlar var ki, Rusiya öz ərazisi ilə Amerika və onun NATO-dakı müttəfiqlərinin Əfqanıstana böyük miqdarda yük daşımasına məhdudiyyətlər qoya bilər.

“Nyu York Tayms” yazır ki, Amerika mümkün yollardan biri kimi İran yolundan istifadə edilməsini istisna edir. Amma Pentaqon və NATO-nun planlaşdırma ekspertləri hər bir variantı nəzərdən keçirmək prizmasından yanaşaraq İranın Çahbahar limanından Pakistandan yan keçməklə Əfqanıstanın qərbinə aparan yolu da öyrənirlər. Bu həm də ən qısa yoldur.

Amma İran marşrutu NATO-nun başqa üzvləriylə Tehran arasında təchizat yolları haqda danışıqlarda diqqət mərkəzində ola bilər. Söhbət o NATO üzvlərindən gedir ki, onların İranla diplomatik münasibətləri var. Bunu NATO-nun ali müttəfiqlik komandanlığının təhbəri general Con Qrəddok keçən ay bildirmişdi. Bundan başqa şiə dövləti olan İranın sünnü Talibanla arası yoxdur və İran NATO-ya təchizat yolu versə, bu, Talibana zərbə olar.
Qırğızıstan - Amerika əsgərləri Əfqanıstandan gələn təyyarədə. Manas bazası. 26 fevral 2009

General Qrədok keçən ay “Asoşieytid Pres”ə verdiyi müsahibədə bildirmişdi ki, Amerika NATO-nun başqa üzvlərinin İranla razılığa gəlməsinə etiraz etməyəcək.

Məqalədə deyilir ki, Rusiyadan keçən təchizat yollarına alternativlərə keçən həftə aydınlıq gəldi. Amerika Bakıda konfrans keçirərək Azərbaycan, Türkiyə və Gürcüstandan olan nəqliyyat rəsmiləri və özəl podratçılarla birgə Əfqanıstana yeni təchizat yollarını müzakirə elədi.

Söhbət Cənubi Qafqaz, daha sonra Orta Asiyadan keçməklə Əfqanıstanın şimalına aparan marşrutdan gedir.
NATO rəsmiləri deyirlər ki, məqsəd yalnız əlavə bir marşrut əldə etməkdir, onların niyyəti Rusiya və ya Pakistan yolunu tam əvəz eləmək deyil.

Amma qəzet yazır ki, hətta bu da Moskvanı qıcıqlandıra bilər, çünki əlavə marşrut Kremlin Əfqanıstana yük daşınmasında artan rolunu azalda bilər. Xüsusən də yeni marşrutda Gürcüstanın olması Moskvanın xoşuna gəlməyə bilər.

Gürcüstan NATO üzvü olmağa can atır və Əfqanıstana gedən yüklərin öz ərazisindən keçməsinə canla-başla razı olardı. “Nyu York Tayms” yazır ki, Rusiya Amerikanın Əfqanıstana yük daşımaq əməliyyatlarına dəstək verdiyini bildirsə də, bir müddət əvvəl Qırğızıstana böyük iqtisadi yardım boyun olub. Qırğızıstan da Amerikanı Manas aviabazasından çıxarmaq qərarı verib.
Əfqanıstan

Qırğız paytaxtı ətrafındakı həmin aviabaza vasitəsilə Əfqanıstana əsgər daşınır və yanacaqdolduran təyyarələr uçur. Doğrudur, hələ də Amerika və Qırğızıstan arasında danışıqlar gedir. Müzakirələrin əsas mövzusu bazanın icarə haqqının qaldırılması olacaq. Amma danışıqlar iflasa uğrasa, Amerika öz yanacaqdolduran təyyarələrini Fars körfəzindəki bazalara yerləşdirəcək.

Bakıda konfrans keçirən Amerika və Azərbaycan rəsmiləri deyirlər ki, söhbət yüklərin Gürcüstanın Poti limanından quru yoluyla Bakıya, ordan dəniz yoluyla Qazaxıstanın Aktau limanına, daha sonra isə Özbəkistan vasitəsilə Əfqanıstana daşınmasından gedir.

Bakı-Aktau marşrutuna Bakı-Türkmənbaşı yolu da alternativ ola bilər. Təchizat yollarıyla bağlı müzakirələr Tacikistan rəsmiləri ilə də aparılıb.
Pakistan – Taliban yaraqlıları Əfqanıstana gedən yolda ələ keçirdikləri zirehli maşınla. 10 noyabr 2008

Bir Amerika rəsmisi qəzetə deyib ki, sınaq olaraq axır iki həfətədə Türkiyə-Azərbaycan-Əfqanıstan marşrutu ilə ilk yüklər daşınıb. Bakıdakı konfransda iştirak edən Amerika rəsmisi bildirib ki, söhbət silahların daşınmasından getmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG