Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:52

Gənc klassik musiqi ifaçılarının dünya səhnəsinə çıxmasına nə mane olur?


Səs: Real audio
Qərb Orta Asiyada insan haqları pozuntularına məhəl qoymur «Ən böyük arzum - Nyu-Yorkun Metropoliten Operasında oxumaq təklifi almaqdır». Bunu klassik Avropa musiqisinin gənc ifaçılarından olan Ülvi Qılınc deyir. İndi Ülvi və daha üç azərbaycanlı gənc - Dinarə Əliyeva, İlahə Əfəndiyeva və Natəvan İsmayılova ciddi şəkildə mayda İspaniyanın Barselona şəhərində keçiriləcək beynəlxalq müsabiqəyə hazırlaşırlar. Ciddi hazırlaşmağın isə səbəbi var. Müsabiqə dünya şöhrətli opera müğənnisi Monserrat Kabalyenin adını daşıyır, müsabiqəyə dünyanın hər yerindən ən istedadlı gənclər qatılacaq. Azərbaycanlı gəncləri Barselonaya madam Kabalyenin özü dəvət edib. O, azərbaycanlı gənclərin ifasını bir neçə ay əvvəl Bakıda onlara ustad dərsi keçərkən bəyənmişdi.

Ülvi Qılınc deyir ki, müsabiqədə dünyanın böyük teatrlarının impresarioları da iştirak edəcəklər və onlar bəyəndikləri gənclərə əməkdaşlıq təklifi edə bilərlər.

Müsabiqənin baş mükafatı – qran-prisi 10 000 dollar məbləğindədir. Amma Azərbaycan Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyir ki, əsas pul deyil, əsas olan - azərbaycanlı gənclərin belə müsabiqələrdə iştirak edib təcrübə toplamasıdır. Fərhad Bədəlbəyli deyir ki, gənclərin Barselonada uğurlu çıxışına inanır, ortaya çıxa biləcək yeganə problem isə onların səfər xərci ola bilər, amma çalışıb buna yol verməyəcəklər.

Həm Fərhad Bədəlbəyli, həm də gənc ifaçı Ülvi Qılınc bir ifadəni tez-tez işlədirlər – «Bəlkə impresariolar görüb bəyəndi». Bəs müsabiqədəki həmin impresariolar kimlərdir və azərbaycanlı gənclərin gələcəyi onlardan niyə bu qədər asılıdır?

Fərhad Bədəlbəyli deyir ki, indiki dövrün klassik musiqi ifaçısı öz sənətini necə inkişaf etdirmək haqqında düşünməklə yanaşı həm də öz sənətini bir məhsul kimi təqdim etməyin yolları, yəni artmenecment haqqında da düşünməyə məcburdur. Və bu təkcə Azərbaycanda yox, dünyanın hər yerində belədir.

«525-ci qəzet» mədəniyyət yazarı Vəfa Şahvələdqızı isə deyir ki, ictimai quruluşun dəyişməsi xüsusən klassik musiqi ifaçılarını böyük çətinliklərlə üz-üz qoyub. Onun sözlərinə görə, müasir musiqi ifaçıları tez bir zamanda şou-biznes qanunlarına uyğunlaşa bildilər, bu sahəyə pul qoyub gəlir götürmək imkanları yarandı, amma opera artistləri indiyəcən demək olar ki, tam şəkildə dövlət qayğısından və mesenatların, yəni xeyriyyəçilərın sənətçilərə təmənnasız yardımından asılı vəziyyətdədirlər. Çünki bu musiqinin Azərbaycanda böyük auditoriyası yoxdur. Məsələn, caz kimi. Vəfa Şahvələdqızı hesab edir ki, dövlətin klassik musiqi sahəsinə etdiyi yardım gənc ifaçılara pulsuz musiqi təhsili almaq imkanı yaratmaq, onlara, məsələn, adlı təqaüdlər vermək ola bilər ki, bu imkanlar da Azərbaycanda yaradılır.

Barselonada keçiriləcək beynəlxalq müsabiqəyə hazırlaşan gənc ifaçı Ülvi Qılınc isə deyir ki, indiki dövrdə gənc bir ifaçının dünyada özünü tanıtması üçün sponsor məsələsi nə qədər böyük əhəmiyyət daşısa da, heç də hər şeyi pul həll etmir, əsas şərt kimi istedadın olması vacibdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG