Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:45

Korrupsiya ilə Mübarizə İdarəsinin qonşusundan xəbəri varmı?


Bakı Baş Gömrük İdarəsi ilə Korrupsiyaya qarşı Mübarizə İdarəsi bir ünvanda yerləşir
Bakı Baş Gömrük İdarəsi ilə Korrupsiyaya qarşı Mübarizə İdarəsi bir ünvanda yerləşir

İndi də keçək Bakı Baş Gömrük İdarəsinə. Burda nələr baş verir, idxalçı bu İdarədə hansı qanunsuzluqlarla üzləşir.

Əvvəla onu deyim ki, Sumqayıt Gömrük İdarəsilə Bakı Baş Gömrük İdarəsi arasında bir sıra fərqlər var. Ən ciddi fərrqsə Bakı Baş Gömrük İdarəsinin yerləşdiyi ünvanla bağlıdır. Ünvanın məsələyə dəxlindən isə bir az sonra söz açacağam.

Əgər Sumqayıt Gömrük İdarəsində sahibkara və jurnalistə hər şeyi gömrük brokeri demişdisə, Bakı Baş Gömrük İdarəsində baş verən qanunsuzluqların bir çoxunun şahidi və müşahidəçisi özümüz olduq. Sahibkarın üzləşdiyi ilk qanun pozuntusu, korrupsiya halı Bakı Baş Gömrük İdarəsilə eyni küçədə - «Kaveroçkin-30» ünvanda yerləşən «AZƏRİTERMİNAL» Qapalı Səhmdar Cəmiyyətində baş verir. Gətirdiyi malın Gömrük Bəyannaməsinin tərtibi üçün üzərində xəngəl, xaş və s. xörək adları yazılmış qapıdan keçən sahibkar ilk növbədə elə burda korrupsiya ilə üzləşir.

Rusiyadan mal gətirən sahibkardan 8 manatlıq qəbzə görə, 70 manat alan şəxslə söhbətimiz elə də pis alınmadı. Ona elə gəldi ki, mən də mal gətirənlərdən biriyəm.

- Axı əvvəl bu qəbz 55 manat idi.
- Sən düz deyirsən, əvvəl elə idi, sonra 65 oldu, fevralın 1-dən də 70 manat oldu - gülə-gülə - yəqin bir azdan yüz olar. Burdan bizə cəmi 4-5 manat qalır vəssalam. Bəzi xırda-para işlərə isə biz heç pul almırıq. Vallah bilmirəm kimin villası, nəyi yarımçıq qalıb, bilmək olmur. Bizi kimi firmalar çox idi hamısını bağladılar bir dənə biz qalmışıq. Bizi də saxlayıblar kontrol üçün.
- Siz malın vergisini ƏDV-i depozitdənmi ödəmisinizmi?
- Hə.
- Gərək mənə zəng edib məsləhətləşəydiz, mən sizə deyəydim gərək ödəməyəydiz.
- Onu qəbul eləmirlər ki?
- Yox.
- Niyə?
- Nağd ödəmək lazımdır, özü də 50-nin 50-yə. Siz indi nə qədər ödəyəcəksiniz?
(Rusiyadan mal gətirən sahibkar)-Biz, beş min altı yüz nə qədər...
- Bax indi onun 50 faizini nağd ödəməlisiniz. Adamlar var ki, ona görə yüklə dolu maşınları bir aydı yatıb gömrükdə
Sahibkar- Depozit»dən ödəyiblər ona görəmi?
- Yox, depozitdən də ödəyə bilərsən, amma əllinin-əlliyə. Misal üçün gətirdiyin malın ƏDV-si 5 min manatdırsa onu depozitdən hesaba ödəmisənsə onun əlli faizi qədər yəni 2500 manat da nəğd verməlisən.
- Belə çıxır ki, onda 5 min manat vergi ödəməli olan adamın 7 min 500 pulu çıxır?
-Hə elədir?

Malın dövlət rüsumlarını depozitdən ödəyəndən sonra, həmin 8 manatlıq qəbzi götürüb qalxdıq Bakı Baş Gömrük İdarəsinin üçüncü mərtəbəsinə. 2009-cu ilin yanvarından Gömrükdə Vahid Pəncərə sistemi tətbiq olunur və burda sahibkar elə bir problemlə üzləşmir.

Bakı Baş Gömrük İdarəsi ilə Korrupsiyaya qarşı Mübarizə İdarəsi bir ünvanda yerləşir. Böyük bir zalda hamının gözünün qarşısında sənədlər hazırlanır. Amma bundan sonra bəzi proseslər başlayır. Sahibkar elə həmin mərtəbədə oturan şöbə rəisinin otağına göndərilir. İki sahibkarla birgə hamı kimi həmin şöbə rəisinin yanında mən də oldum. Bütün sənədlərin qaydasında olmasına baxmayaraq mal gətirən sahibkarlar həmin şöbə rəisinin yanında olmalıdılar.

Ancaq yenə də bu o demək deyil ki, sahibkar həmin şöbə rəisinin otağından çıxandan sonra gömrükdən malını götürə bilər. Belə ki həmin məmur da hər mala qeyri-rəsmi nəzarət edən şəxsin razılığını eşitməlidir.

Bakı Baş Gömrük İdarəsinin icazə alıb mal buraxdığı VİDADİ kimdir?

Əgər kərə yağı gətirmək istəyən sahibkara Sumqayıt Gömrüyündə Telman adlı şəxsdən icazə almaq məsləhət görülürsə, Bakı Baş Gömrük İdarəsində də taxta, şüşə, quru meyvə gətirənlər Vidadi adlı şəxsə müraciət etməlidir. Belə ki adı sadalanan malları gətirən sahibkara Bakı Baş Gömrük İdarəsində ən çox verilən sual belədir—«mal gətirdiyin barədə Vidadiyə məlumat vermisənmi? (Bunu müxbir özü müşahidə edib. Ölkəyə mal gətirən iş adamları ilə birgə özü bu prosesdə yaxından iştirak edib)

Əgər mal sahibi bu suala «hə» cavabı verirsə və Vidadi adlı şəxsin zəng etdiyi Gömrük rəsmisi bunu təsdiqləyirsə onda malın buraxılmasına göstəriş verilir. Bu zaman sahibkarın hə deməsi əsas deyil, gərək Vidadi adlı şəxs özü Bakı Baş Gömrük İdarəsinə zəng edib razılığını bildirsin. Burda sahibkarın yox, Vidadinin dediyinə inanırlar. Əgər o zəng edibsə ona «get sənədləri ver malın buraxılsın» deyilir. Əsas şərt odur ki, Vidadi adlı şəxs Bakı Baş Gömrük İdarəsinin Maliyyə Tarif Şöbəsinin şöbə rəisi polkovnik-leytenanta zəng edib razılıq verib ya, yox. Çünki Vidadilə razılığa gələ bilməyən sahibkar idxal etdiyi malı götürə bilməz.

Azərbaycana mal gətirən iş adamları ilə birgə mən Bakı Baş Gömrük İdarəsində həmin şöbə rəisinin otağında oldum. (Bizimlə birgə otaqda xeyli sahibkar da var idi, onlardan da bir-bir kiməsə zəng-edib etmədikləri soruşulurdu, hətta bəzi sahibkarlara deyilirdi ki, ödənilən məbləğ azdı bir az da ödəsin və yaxud hamı çıxandan sonra gələrsiниz. Bu və s. söhbətlər gedirdi. Hətta Dubaydan mal gətirən bir sahibkara təkidlə deyilirdi ki, onun gətirdiyi mal özünün deyil). Şöbə rəisi digərlərinə dediyi kimi bir yerdə otağına girdiyimiz sahibkarlara da dedi ki Vidadiyə zəng etsinlər. Şöbə rəisinin bu sözündən sonra Bakı Baş Gömrük idarəsindən çıxan sahibkardan biri elə mənim yanımda Şöbə rəisinin dediyi Vidadiyə zəng etdi.

Sahibkar - Vidadi salam!
Vidadi - Salam!
- Vidadi, biz indi İbrahim müəllimin yanında olduq, bizə dedi gedin Vidadiyə deyin malı buraxaq. İndi biz nə edək.
- Mən sizə özüm deyəcəyəm, sabah zəng edərsiniz.
- Oldu Vidadi
- Sağ olun.
- Sağ ol.

Bütün bu proseslər, sahibkardan 8 manatlıq sənədə 70 manat alınmasından tutmuş İdarənin Vidadi adlı şəxsdən icazə almasına qədər hamısı Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin düz qonşuluğunda baş verir. Korrupsiyanın baş verdiyi bu ünvanları sağdan və soldan Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən yalnız bir divar ayırır. Özü də Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin lap qonşuluğunda baş verən bu proses heç bir narahatlıq-filan olmadan açıq-aşkar həyata keçirilir.

BAKI BAŞ GĞMRÜK İDARƏSİNİN «SARI KAĞIZ» PAROLU.

ŞÜŞƏNİN TONUNA ALINAN RÜŞVƏT

GÖMRÜKDƏN VERGİLƏRƏ ÖTÜRÜLƏN «PAS»

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG