Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:26

Çirkli Kür suyunu içmək məcburiyyəti


Bakıda su gözləyən balaca sakin
Bakıda su gözləyən balaca sakin
«Elə vaxt olur ki, içdiyimiz su qurdlayır, amma əlacımız yoxdur. Nəyə pul çatdıraq?» Sabirabad rayonunun Çiçəkli kəndinin sakini, orta məktəb müəllimi Yusifəli Məmmədov illərdi Kür çayının lilli suyunu içməyə məcbur olduqlarını deyir. O bildirir ki, 2 tonunu 5-6 manata aldıqları Kür suyunu həyətlərdə daşdan hördükləri anbarlara doldurub durultduqdan sonra içməyə istifadə edirlər. Hətta yay aylarında qurd düşən bu su mədə-bağırsaq xəstəliklərinin yayılmasına səbəb olur.

Türkiyə prezidenti Abdullah Gül deyir ki, indi dünyada hər iki nəfərdən birinin təmiz içməli suya əli çatmır.
Gəncədə içməli su alan sakinlər, yanvar 2007

Prezident Gül bu barədə martın 17-də İstanbulda başlayan Beşinci Dünya Su Forumunda məlumat verib. Həftənin sonuna qədər davam edəcək forumda dünyanın 130 ölkəsinin 20000-ə yaxın təmsilçisi su qıtlığı və bununla bağlı mümkün münaqişələri müzakirə edirlər.

BMT-nin forumda yayılan məlumatına görə, suya tələbat qarşıdakı onilliklərdə qlobal siyasi qarşıdurmalara və müxtəlif səviyyələrdə münaqişələrə gətirib çıxara bilər.

Tədbirin keçirildiyi binanın ətrafına toplaşan insanlar da su probleminə diqqət yetirməyə çalışıblar, amma polis onların aksiyasını dağıdıb. Aksiyada iştirakçılar diqqəti su mənbələrinin özəlləşdirilməsinə yönəltməyə çalışıblar. Onlar hesab edirlər ki, içməli su biznes üçün istifadə edilməməlidir, bu, fundamental insan haqlarının bir ünsürü kimi nəzərdən keçirilməlidir.

Azərbaycanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə su çatışmazlığı olduğunu bildirir. Nazirliyin internet səhifəsində yayılan məlumata görə, Azərbaycanda ümumi su ehtiyatları müxtəlif qiymətləndirmələrə əsasən 28,1-30,3 km3-dir. Nazirlik hesab edir ki, ölkə ərazisinin hər 1 km2-ə düşən su təminatına nəzər salanda Azərbaycanda da su çatışmazlığı müşahidə olunur.

Amma aran rayonlarının əksəriyyəti, o cümlədən də Sabirabad rayonu bol sulu Kür çayının düz kənarında yerləşir. Rayonun Çiçəkli kənd sakini Yusifəli Məmmədov problemi çayın suyunun azlığında deyil, suyun çirkli olmasında görür:

- Kürün lehməli suyu ilə xəmirimiz yoğrulub. 48 yaşım var, amma elə bil 80 yaşındayam. Kür suyu ilə necə şux dayanmaq olar ki?!

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hələlik Yusifəli Məmmədov kimi aran rayonlarının sakinlərinə təskinlik verir. Nazirlik hazırda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi üçün tədbirlər gördüyünü bildirir. Nazirliyin məlumatına görə, son bir-iki ildə 100 kənddə modul tipli su təmizləyici qurğu quraşdırılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG