Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:03

Rayonlara getmək çətinləşib


Azərbaycan avtovağzalı
Azərbaycan avtovağzalı
«Naxçıvana bilet olmayacaq?», «Naxçıvana yeni reys olacaq?». Bu suallar Bakının aviakassalarında hər dəqiqə səslənməkdədir. Novruz bayramını Naxçıvandakı qohumları ilə keçirmək istəyənlər artıq bir neçə gündür bilet tapa bilmədiklərini deyirlər:

- Bilet yoxdur. Nə zaman soruşuruq, deyirlər gözləyin.

Sərnişinlər həm də Bakıya necə geri qayıdacaqlarından da rahatsız olduqlarını deyirdilər. Azərbaycan Hava Yolları Dövlət Konsernindən (AZAL) sərnişinlərə bildirirdilər ki, reyslərin uçuş saatı dəyişdirildiyindən geriyə biletləri yalnız Naxçıvandan ala bilərlər.

«AZAL»ın mərkəzi satış ofisinin növbə rəisi isə hər iki istiqamətə bilet satışı ilə bağlı problem olmadığını deyir. Növbə rəisinin sözlərinə görə, həm Bakıda, həm də Naxçıvanda sərnişin sıxlığını aradan qaldırmaq üçün əlavə reyslər açılmaqdadır:

- Naxçıvana hər 2 istiqamətə bilet varmı?

- Naxçıvana bilet hər gün olur.

- Bayramla bağlı reyslərin sayı artıbmı?

- Əlbəttə. Hər gün əlavə 3-4 reys uçur. Yoxsa, baxın necə sıxlıq yaranır.

Bu yerdə Naxçıvana uçmaq istəyənlərdən biri söhbətə qoşulur:

- Axı bilet yoxdur. Ayın 21-nə bilet axtarırıq, tapa bilmirik.

Növbə rəisi duruma aydınlıq gətirməyə çalışır:

- Bilirsiz niyə satılmır? Reyslərin uçuş saatları dəyişdirilib. Sonadək dəqiqləşdirmələr olandan sonra bilet satışına başlayırıq.

Aviakassanın qarşısında isə 41 manatlıq biletlər 2 qat artığına – 80 manata satılırdı. Müsahibə vermək istəməyən «səyyar» bilet satıcıları dedilər ki, özləri də Naxçıvandandırlar. Bayram zamanı bilet qıtlığı olacağını öncədən bildikləri üçün bir neçə ədəd bilet alıb sonradan satırlar. Bununla da öz dilləri ilə desək, Naxçıvana havayı uçurlar.

Bakının dolub-boşalan yeni avtovağzalında da bilet tapmaq müşkülə dönüb. Azərbaycanın demək olar ki, bütün rayonlarına bilet satışı ilə məşğul olan kassalardan bilet soruşanda cavab verirlər ki, ancaq bayramdan sonrakı günlərə bilet var. Sərnişinlər deyir ki, bir neçə gündür bilet axtarırlar:

- Bilet tapa bilmirsiz?

- Xeyr, deyirlər ki, bilet yoxdur. Gözləyirik.

- Hara gedirsiz?

- Tovuza.

- Dünən də gəlib neçə saat dayanıb evə getmişik.

- Avtovağzal işçilərindən söz verən varmı ki, əlavə reyslər olacaq?

- Xeyr. Bir söz deyən yoxdur.

- Siz hara gedirsiz?

- Ağdaşa. Ancaq bilet tapa bilmirəm.

- Siz niyə kassaların qabağında deyil, dayanacaqda durursuz? Axı biletlər kassada satılır?

- Kassada deyirlər ki, bilet yoxdur. Burda durmuşuq ki, bəlkə əlavə maşın çıxsa, elə burdan minək gedək. Burda əldən də bilet tapmaq olar.

Avtovağzal işçiləri isə deyirlər ki, vağzal martın sonuna qədər gücləndirilmiş rejimdə işləyəcək. Bunun üçün marşrutların qrafiklərinə dəyişiklik edilib.

Avtovağzaldakı sərnişin qıtlığından ən çox yararlananlar isə rayonlara işləyən taksi sürücüləridir. Bir neçə taksi sürücüsünə yaxınlaşıb qiymətləri soruşanda bəlli oldu ki, qiymətlər adi günlərdəkindən təxminən 2 dəfə bahadır. Bakıya yaxın rayonlara taksilər bir sərnişini 20-30 manata, Daşkəsən-Gəncə istiqamətinə, cənub bölgəsinə isə 50 manata aparırdılar. Belə qiymət artımını isə sürücülər bayram günləri rayonlardan Bakıya sərnişinlərin az gəlməsi ilə izah edirlər:

- Bayram günləri rayondan Bakıya boş qayıdırıq. Ona görə də məcburuq qiymətləri qaldıraq.

- Belə baha qiymətlərlə sərnişin yığa bilirsiz?

- Baxın avtovağzalda nə qədər adam var. Hava da soyuqdur. Avtovağzaldan deyirlər ki, guya bayramla bağlı yeni reyslər açılır. Doğru deyil. Hər gün rayonlara neçə avtobus yola düşürdüsə, elə o sayda da yola çıxır. Əgər əlavə reyslər açılsaydı, bu qədər sıxlıq olardı? Ona görə də bayram günləri sərnişin qıtlığı olmur.
XS
SM
MD
LG