Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:18

Azərbaycanda 9 yaşınacan olan uşaqların sayı azalıb


Səs: Real audio
Yeltsin araqdan imtina edib Həmsöhbətim Vüqar Eyvazov gənc atadır, 5 yaşlı bir oğlu var. Vüqar aspirantdır. O deyir ki, ailəsinin daha böyük olmasını istərdi, amma maddi vəziyyəti buna imkan vermir. Vüqar deyir ki, indiki zəmanədə uşağın dünyaya gəlməsi çox baha başa gəlir, elə təkcə doğum evinin xərci 400 dollardır, Bundan başqa hamilə qadının həkim nəzarətində olmasından tutmuş körpənin normal qidalanmasına qədər bir xeyli başqa xərclər də var. Vüqar hesab edir, çox uşaq dünyaya gətirib onların normal inkişafını təmin etməməkdənsə, onları uşaqlıq sevincindən məhrum böyütməkdənsə, bir uşaqlı ailə modeli daha uğurludur.

Vüqar Eyvazov kimi azuşaqlı ailə modelinə üstünlük verənlərin sayı, Dövlət Statistika Komitəsinin məlumatına görə, artmaqdadır. 4 və daha çox uşağı olan ailələrin sayı isə əksinə kəskin şəkildə azalır. Ümumilikdə son 10 ildə doğumun səviyyəsi aşağı düşüb. 9 yaşına qədər olan uşaqların sayı azalıb və artıq ölkənin orta məktəblərinin şagirdlərə olan ehtiyacı tam ödənmir. Parlamentin sosial siyasət komissiyasının üzvü Məlahət Həsənova bu demoqrafik dəyişiklikləri əsasən Qarabağ müharibəsində Azərbaycan tərəfinin verdiyi itkilərlə bağlayır: «20 min şəhid 20 min qurulmamış ailə deməkdir».

Məlahət Həsənovadan fərqli olaraq «Təmiz dünya» mərkəzinin rəhbəri Mehriban Zeynalova deyir ki, azuşaqlı ailələrin artması bir tərəfdən əhalinin ümumi yaşayış səviyyəsinin aşağı olmasından qaynaqlanırsa, digər tərəfdən ölkədə 1 milyonacan qaçqının olması ilə bağlıdır. Mehriban Zeynalova doğum səviyyəsinin azalmasında gənclərin işləmək üçün Rusiya və başqa ölkələrə kütləvi miqrasiyanın da böyük rol oynadığını bildirir.

Audio

Mehriban Zeynalova onu da deyir ki, yaşayış səviyyəsinin aşağı olması 30 yaşdan sonra qurulan ailələrin sayının artmasına səbəb olur. Belə ailələrin isə onun sözlərinə görə, ekoloji problemlərin və xəstəliklərin artdığı indiki dövrdə nəsilartırma qabiliyyəti yüksək olmur. Qadın Krizis Mərkəzinin mütəxəssisi Təranə Həsənova isə gənclərin azuşaqlı ailə modelinə üstünlük verməsini daha çox Avropa həyat tərzinin Azərbaycana sirayət etməsi ilə bağlayır. Onun fikrincə, bir çox müasir gənclər özlərini həddən ziyadə uşaq qayğısı ilə yükləmək istəmirlər.

Təranə Həsənovanın sözlərinə görə, başqa bir səbəb ailədə qadınlarla kişilərin oynadıqları ənənəvi rollarda olan dəyişiklikdir. Onun sözlərinə görə, bir çox qadınlar evdar qadın olmaqdansa, dünyaya uşaq gətirib öz həyatını uşaqların tərbiyəsinə sərf etməkdənsə, işləyib evə daha çox pul gətirməyə üstünlük verirlər.
XS
SM
MD
LG