Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:31

Pensiya yaşı artırılır


Səs: Real audio
Rusiya prokurorluğu Timoşankonun işinə xitam verəcək Azərbaycanda pensiya yaşı artırılır. Parlamentdə hazırlanan «Vətəndaşların pensiya təminatı haqqında» yeni qanun layihəsində nəzərdə tutulur ki, pensiya yaşı 65 yaşa yaxınlaşdırılsın. İndi Azərbaycanda qadınlar 57, kişilər isə 62 yaşında təqaüdə çıxır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Kazbek Ələkbərov deyir ki, dövlət sayı 1 milyon nəfərdən artıq olan böyük bir pensiyaçı ordusunu saxlamaqda çətinlik çəkir.

Kazbek Ələkbərov deyir ki, bir tərəfdən pensiyaçıların sayı artır, o biri tərəfdən beynəlxalq təşkilatlar istəyirlər ki, Azərbaycan hökuməti ölkədə yoxsulluğun səviyyəsini azaltsın. Buna görə də təqaüdün minimum səviyyəsi artırılmalıdır və son illər təqaüdlər bir neçə dəfə artırılıb.

Sosial Müdafiə Fondundan Oqtay İbrahimov deyir ki, belə bir qanunun qəbul edilməsini həm də o zəruri edir ki, ölkədə yeni pensiya sistemi tətbiq olunmağa başlayır, bu sistem pensiyaların fərdi uçotu adlanır və mahiyyəti odur ki, hər bir vətəndaş işlədiyi dövrdə sosial müdafiə fonduna nə qədər ödəmələr etsə, onun hesabında nə qədər pul yığılsa, həmin məbləğə uyğun pensiya alacaq. Oqtay İbrahimov deyir ki, bu baxımdan pensiya yaşının qaldırılması vətəndaşlara sərf eləyir. Onun bildirdiyinə görə, əgər vətəndaş təqaüdə tez çıxarsa, onun hesabında toplanan vəsait yetərli olmaya bilər. Oqtay İbrahimov bildirir ki, indi dünya dövlətlərində orta təqaüd yaşı 65-dir, amma Azərbaycanda hələ də Sovetlər Birliyində müəyyənləşən yaş hədləri qüvvədədir. Halbuki onun sözlərinə görə, son onilliklərdə dünyada həyat səviyyəsinin və buna uyğun olaraq orta ömür uzunluğunun artması müşahidə olunur. Yeni qanunvericilikdə qadınlarla kişilərin pensiyaya çıxma yaşı arasında olan böyük fərqin də aradan qaldırılması nəzərdə tutulur. Oqtay İbrahimov deyir ki, əksər dünya ölkələrində də bu belədir. Onun sözlərinə görə, qadınların kişilərə nisbətən daha tez təqaüdə çıxması məntiqə də uyğun deyil, çünki statistik göstəricilərə görə, Azərbaycanda qadınlar kişilərdən daha çox yaşayır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda kişilər üçün orta ömür müddəti 69, qadınlar üçünsə 75-dir. Pensiya yaşı müəyyən ediləndə bu rəqəmlər nəzərə alınır. Amma bu rəqəmlərin dəqiqliyinə şübhə ilə yanaşanlar da var. Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında göstərilir ki, Azərbaycanda orta ömür uzunluğu 63 yaşdır və bu rəqəm Azərbaycan statistikasıyla uzlaşmır. İqtisadçı ekspert Vüsal Qasımov da yerli statistik göstəricilərlə razılaşmır. Onun fikrincə, keçid dövrünü yaşayan ölkədə orta ömür müddətinin yüksək olması mümkün deyil, çünki belə ölkələrdə sosial müdafiənin və tibbi xidmətə əlyetərliliyin səıviyyəsi aşağı olur. Bununla belə Vüsal Qasımov təqaüd yaşının artırılmasında müsbət cəhətlər olduğunu da deyir. Onun sözlərinə görə, bu, hökumətə imkan verəcək ki, pensiyaların ümumi məbləğini daha da artırsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG