Keçid linkləri

Təcili xəbərlər

Bakı necə caz şəhəri oldu?


Balaca Əzizəyə ilk dərslərdən biri
Balaca Əzizəyə ilk dərslərdən biri
O da eynən tarzən Mirzə Fərəc kimi Bakının göbəyində - İçərişəhərdə doğuldu. Amma aradan az qala yüz il ötmüşdü. Bakı başqa Bakı idi. 1940-cı il martın 16-sı. Dünya savaşı gedirdi. Vaqifin atası Əziz Mustafazadə hərbi həkim idi. 8 il Uzaq Şərqə qulluq etmişdi. Həm də gözəl tar çalırdı. Atası haqqında bu qədər. Vaqif anası ilə yaşayırdı – İçərişəhərdəki kommunal evlərdən birində. Zivər xanım musiqi məktəbində pianodan dərs deyirdi. Elə o üzdən Vaqif 3 yaşından pianoda çalmağa başlayıb. Zivər xanım adi xanım deyilmiş, çox tələbkar imiş. Saatlarla oğlu ilə məşq edirmiş. Məhəllə uşaqları Vaqifi oynamağa çağıranda anası deyərmiş: «Gün gələcək, Vaqif çox məşhur olacaq. Odur ki, ona dəyməyin».

Caz Bakıya nə vaxt gəlib?

«Azərbaycan international» dərgisinin redaktoru Betti Bleyer bu sualı belə cavablayır. Onun yazdığına görə, XIX əsrin sonlarında Bakı öz nefti ilə məşhurlaşanda, Amerikada eyni vaxtda yeni musiqi növü olan caz meydana çıxıb. Nyu-Orlean və Çikaqo şəhərlərinin arxa məhəllələrindən, restoranlarından yüksələn caz tezliklə Bakıya da yol açıb. Arxiv qəzetləri 1900-cu illərdə Bakı restoranlarında caz çalındığını yazır (Xanım Bettiyə təşəkkürlər). Hətta Nobel qardaşları Bakıda caz dinləyirlərmiş... Sovetlər gələndə təbii ki, bütün bunlara son qoyuldu. Amma bu, hələ tam yasaq deyildi. Çünki 1930-cu illərdə Bakıda Tofiq Quliyev və Niyazinin yaratdığı Dövlət Caz Orkestri fəaliyyət göstərirdi. 1945-ci ildə müharibənin başa çatması ilə «kapitalist musiqisi»nə qadağa qoyuldu. 5 yaşlı Vaqif hələ bunlardan xəbərsizdi...

Ləqəbi: «muzıkant»

Hə, Vaqifi İçərişəhərdə belə çağırırlarmış. Yaxşı musiqi duyumu olduğu üçün. Yığılırlarmış Filarmoniyanın bağına, orda bal rəqsləri üçün meydança varmış. Vaqif hamıdan gözəl rəqs edirmiş. Dostlarının söylədiyinə görə, o, həm də çox yaraşıqlı imiş. Vaqif və dostlarının bir arzusu da varmış. Qız qalasının damına çıxıb, şəhəri seyr etmək. O vaxt buna icazə verməzlərmiş.
Xoşbəxtliyə bax, Vaqifgilin o dar mənzilindən Xəzər görünürmüş. Vaqif bütün uşaqlığını dənizə baxaraq keçirib. Sonralar «musiqiçi kimi yetişmənizdə kimin rolu olub?» sualını belə cavablarmış: Anam, dəniz, İçərişəhər...

İki Vaqif

9 yaşında Vaqif təkcə bal rəqsləri oynamırdı. Həm də Corc Gerşvinin əsərini çalırdı. Bir az böyüyəndən sonra o dostları ilə (şair Vaqif Səmədoğlu ilə) başqa məşğuliyyət də tapdı. Gizlicə «Amerikanın səsi» və BBC radiolarını qısa dalğadan (lap indiki kimi – gülməlidir, deyilmi?) tutmağa çalışarlarmış. Üstəlik, radionun səsini də qısarlarmış ki, qonşular eşitməsin. Veriliş bitən kimi həmin musiqi eyni ilə çalınarmış. Dostlar caz motivləri olan kinofilmlər də axtararmışlar. Belə kino tapanda ona hətta 20-30 dəfə baxarmışlar. Elə bilməyin ki, kinonu axıracan seyr edərmişlər. Şair Vaqifin dediyinə görə, caz olan hissə bitən kimi Vaqiflər evə qaçıb, eşitdiklərini çalarmışlar... Xoşbəxt Sovet uşaqları. «Xoşbəxtlər» filmdə casusun nə vaxt gəlməyini də əvvəlcədən duyarmışlar. Caz səsləndisə, demək, casus gələcək... Gülməlidir, deyilmi? Amma gerçəklikdir.

Daha bir xatirə. Bunu Vaqifin dostu Vasif Babayev xanım Bettiyə söyləyib. 1963-cü il imiş. Vaqif artıq Asəf Zeynallı musiqi texnikumunu bitiribmiş. Xruşşovun «ilıqlaşma» dövrü imiş. Amma yasaqlar varmış. Axşamlar universitetdə keçirilən gecələrdə tələbələr gizlicə rok-n-rol oynarlarmış. Vaqif yığıncaqda görünən kimi hamı qışqırıb, alqışlayarmış. Vaqif piano arxasına keçərmiş. Tələbələrdən biri pusquda durarmış. Rok-n-rol oynayan, caz çalan hər kəsin həbs olunma qorxusu var imiş... Gülməlidir, deyilmi?
Amma gerçəklikdir.

Vaqif bütün ömrü boyu belə yasaqlarda qarşılaşdı, belə yasaqlarla yaşadı. Vaxtsız ölümünə də səbəb elə bu yasaqlar oldu.
Yazını bitirməkdəyəm. Vaqif haqda nə qədər desən, yazmaq olar. Amma bir şeyi də sizə deyim. Deyirlər ki, Vaqif cazla muğamın sintezini ilk dəfə bir konsertdə yaradıb. Caz kompozisiyası çalırmış. Birdən «Bayatı-Şiraz»a (Mirzə Fərəcin «Bayatı-Şiraz» sevgisini xatırlayın) keçib. Konsertdən sonra ürəyi xarab olub. Üstünə həkim gəlib. Sonra anası Zivər xanımdan xahiş edib ki, onun üçün pianoda bir «Bayatı-Şiraz» çalsın...

Son söz

Vaqif Mustafazadə indi Bakının, İçərişəhərin simvollarından biridir. 60-70-ci illərdə isə o, adi bakılılardan biri idi. Onda «ulduzlar» Bakının küçələrində gəzirdilər – göylərdə deyildilər. Hüsü Hacıyev küçəsində Bəxtiyar Vahabzadəni, Tofiq Quliyevi, Emin Sabitoğlunu görmək olurdu. «Xaqani» küçəsi yazıçı Anarın idi. Bütün məşhur xanəndələri Filarmoniyanın bağında görərdin. Vaqifi isə mən həmişə Qız Qalasının, «Azərbaycan» kinoteatrının ətrafında, «Nizami» küçəsinin girəcəyində görərdim. Əzizənin əlindən yapışıb, söhbətləşə-söhbətləşə gedirdi. Mən də Qız Qalasına, Xəzərə necə baxırdımsa, Vaqifə də eləcə baxıb keçirdim...

Ən son yazılan

XS
SM
MD
LG