Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:55

Müxalifət seçki saxtalaşdırılmasının ağır cinayət hesab olunmasını istəyir


Səs: Real audio
Sosial təminat sistemində islahatlar Rusiyada narazılıq doğurub Yanvarın 14–də müxalifətin Azad Seçki Forumu Beynəlxalq Mətbuat Mərkəzində növbəti yığıncağını keçirib və seçki qanunvericiliyinin islahatı ilə bağlı qətnamə qəbul edib.



ADP, AMİP, AXCP, Müsavat və sair müxalifət partiyalarının, eləcə də bir sıra QHT-lərin qəbul etdiyi qətnamədə seçki qanunvericiliyinə təklif olunan əsas dəyişikliklərdən biri qarışıq seçki sistemi ilə bağlıdır.



Müxalifətin fikrincə, parlament və bələdiyyə seçkilərində proporsional və majoritar sistem bərabər əsaslarla tətbiq olunmalıdır. Həmçinin, bütün seçki komissiyaları eyni qaydada və əsasda iqtidar və müxalifət arasında paritet təmsilçilik prinsipi ilə formalaşmalıdır.



Forum hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasını da məqsədəuyğun saymır.



Bundan başqa, beynəlxalq müşahidəçilər istisna olmaqla bütün müşahidəçilərin MSK–da qeydiyyatdan keçməsi qaydasının ləğv edilməsi, maliyyəşmə mənbəyindən asılı olmayaraq QHT-lərə seçki prosesinin bütün mərhələlərini izləmək və komissiyaların hərəsinə bir müşahidəçi təyin etmək hüququnun verilməsi istənir.



Seçki qanunvericiliyinə edilməsi vacib sayılan dəyişikliklər sırasında bir sıra xarici ölkələrdə tətbiq olunan qaydalar da öz əksini tapır. Belə təkliflərdən biri bülleten almazdan əvvəl seçicinin baş barmağının ultrabənövşəyi şüalanma cihazı ilə yoxlanması və bülleten aldıqdan sonra onun baş barmağına ultrabənövşəyi şüalara həssas olan xüsusi məhlul çilənməsidir.



Azad Seçki Forumu seçki saxtalaşdırılması və seçki saxtalaşdırılmasına məcburetmənin ağır cinayətlər kateqoriyasına aid edilməsini və cəzanın sərtləşdirilməsini də zəruri hesab edir.



Forum iştirakçıları bu dəyişiklikləri məqbul saysalar da, müəyyən iradlar da səsləndi.



“Hətta ən demokratik qanunla uduzmaq olar”- deyən ADP-nin baş katibi Akif Şahbazov bildirdi ki, mütəşəkkil qaydada cəmiyyətin müxalifətə inamını qaytarmaq, xalqı seçkiyə gətirmək lazımdır.



Müsavat başqanı İsa Qəmbər onun bu fikri ilə razılaşmadı. O dedi ki, «xalq müxalifətə yox, dəyişikliyin baş verə biləcəyinə inamını itirib. Xalqın bu inamını bərpa etmək lazımdır».



Müsavat başqanının fikrincə, əsas məsələ seçkilərdə demokratik qüvvələrin vahid koalisiya ilə iştirak etməsidir.



Politoloq Eldar Namazov isə əldə edilən razılaşmaya xələl gətirə biləcək bir sıra məqamlara diqqəti cəlb etdi:



«Son vaxtlar bir sıra qəzetlərdə müxalifətin birləşmə ideyasının kimə məxsus olması barədə yarış gedir. Hər kəs çalışır ki, bu ideyanın ona məxsus olduğunu sübut etsin. Gəlin, belə şeylərə son qoyaq. Bu artıq çeynənmiş mövzudur».



Cənab Namazov 3–cü forumun da işgüzar və səmərəli keçməsi üçün indidən onun vaxtının və mövzusunun müəyyənləşməsini vacib saydığını bildirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG