Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:27

Praqa danışıqlarında müzakirələr hansı həll modeli üzərində gedib?


Səs: Real audio
“Narıncı inqilab” Birləşmiş Ştatlara ilk zərbəsini vurub Bakıdakı ekspertlər hesab edirlər ki, əgər Praqa danışıqlarında Qarabağın statusuna toxunulubsa, bu, artıq münaqinəşin “mərhələli həll” forması olmayıb.



Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edir ki, Ermənistan tərəfinin iddiasına görə, onlar Qarabağın statusunun referendum yoluyla həll edilməsini də danışıqların gündəliyinə gətirmək niyyətindədirlər. Bu isə onların əvvəlki mövqelərindən geri çəkilməməsinin göstəricisidir.



Tofiq Zülfüqarovun sözlərinə görə, nə qədər ki, həmsədr dövlətlər Ermənistan tərəfinə güclü təzyiqlər etmir, bu münaqişənin həllində ciddi irəliləyiş mümkün deyil.



Bununla belə o, hesab edir ki, həmsədərlər də Azərbaycan tərəfi kimi “mərhələli plan”ı müdafiə edirlər. Həmsədrlərin ötən ilin payızında regiona səfərləri zamanı şəxsən özü bunun şahidi olub. Ancaq hazırda Ermənistan “mərhələli plan”a hazır deyil. Çünki keçmiş prezident Levon Ter-Petrosyan “mərhələli plan”a razılıq verdiyi üçün hakimiyyətdən uzaqlaşdırılıb.



İndiki prezident Robert Koçaryan da məhz həmin plana qarşı çıxdığı üçün Ermənistanda güclü dəstək əldə etmişdi.



«Ayna-Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov isə deyir ki, əslində real vəziyyət hər iki tərəfdən danışıqları sürətləndirməyi tələb edir. Ermənistan böyük layihələrdən kənar qalıb. Üstəlik, son vaxtlar onlar Qərbə meyl etməyə başlayıblar. Bu isə onlardan Qarabağ münaqişəsində yumşalma tələb edir.



Oxşar problemlər Azərbaycanın da qarşısına çıxıb. Artıq böyük layihələrdən Ermənistanı kənarda qoymaq təzyiqləri öz effektini itirməkdədir. Azərbaycanda da yaxşı başa düşürlər ki, Qarabağ münaqişəsi həll edilməsə, iqtisadi inkişafa nail olmaq mümkün olmayacaq. Bu eyni zamanda Qərbə inteqrasiya prosesini də ləngidir.



Ancaq başqa tərəfdən, hər iki hakimiyyətin güzəştə meyl göstərməsi onların daxildə nüfuzlarına cox ciddi zərbə vura bilər. Ona görə də danışıqların gedişində müəyyən irəliləyişlərin ardınca daxili və xarici amillərin təsirindən asılı olaraq tez-tez də geriləmələr baş verir.



Rauf Mirqədirovun sözlərinə görə odur ki, tərəflər öz xalqlarına həqiqəti axıra qədər demək istəmirlər. Məsələn Azərbaycanda “mərhələli plan” adlandırılan həll modeli Ermənistanda “paket planı” kimi təqdim edilir.



Daha bir müstəqil ekspert Leyla Əliyeva isə hesab edir ki, Qarabağ münaqişəsində irəliləyişin əldə edilməsi təkcə Azərbaycan və Ermənistan rəhbərliyinin mövqeyindən aslı deyil. Hətta həmsədr dövlətlərin fəallaşması da bu prosesi lazımı qaydada sürətləndirməyə bilər. Leyla Əliyeva deyir ki, görünür, bu regionda geopolitik dəyişikliklərə də ehtiyac var.
XS
SM
MD
LG