Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:38

«Nə istəyirsən danışım, bir «exit-poll»a verilən puldan başqa»


2008-ci il prezident seçkisində «exit-poll»

2008-ci il prezident seçkisində «exit-poll»

Martın 18-də keçiriləcək referendumda iki təşkilat birgə «exit-poll» keçirəcəklərini bildiriblər - Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və «ELS» Müstəqil Araşdırmalar Mərkəzi. Bu təşkilatlar ötən parlament və prezident seçkilərində də «exit-poll» keçiriblər. Hər iki qurum «exit-poll»un keçiriləcəyi dairələrin sayı (118 dairədə 800 məntəqədə ) və bu işə nə qədər adam cəlb olunacağı (2 minə yaxın ) barədə məlumatları o vaxt da açıqlayıb və indi də gizlətmir.

Amma o vaxt da, indi də gizli qalan bir məqam var ki, bu da həmin «exit-poll»un maliyyə mənbəyi və ona nə qədər pul xərcləndiyidir.

«ELS»in rəhbəri İradə Yaqubova «Azadlıq» radiosuna deyib ki, o, «exit-poll»la bağlı bütün suallara cavab verməyə hazırdır, bircə maliyyə məsələsindən başqa:

- «Exit poll»a bağlı nə istəyirsiz mən sizə danışım, amma maliyyə məsələsilə bağlı müraciət edin AVCİYA-ya.

- Yəni maliyyə barədə heç bir şey demək istəmirsiz?

- Yox, pul barəsində yox. Texnologiya, metrologiya, nə istəyirsiz, necə keçir, hamısı barədə danışa bilərəm…

«Exit-poll»un 60-cı illərdən başlayaraq keçirildiyi Birləşmiş Ştatlarda bu növ seçki monitorinqinin maliyyə mənbəyinin açıqlanması məcburidir. Çünki «pulu kim verirsə, mahnını da onlar sifariş verir». Bu ölkədə «exit-poll»arı əsasən, müstəqil televiziya kanalları və qəzetlərin konsorsiumları sifariş verir.

Azərbaycanda isə bir qədər fərqlidir, icraçı məlum olsa da, sifarişçi gizli saxlanılır.

İradə Yaqubova ehtimal edir ki, ən dəqiq məlumatları AVCİYA-dan almaq mümkündür. Amma belə deyilmiş.

AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı da «exit-poll»un keçirilməsinə nə qədər pul ayrılmasından xəbərsiz olduğunu bildirdi. Onun dediyinə görə, həm müşahidə, həm «exit-poll», özü dediyi kimi, dədə-baba qaydasıyla keçirilir. Yəni təşkilatın öz vəsaiti hesabına. Təşkilatın öz vəsaitini isə bu qurumda təmsil olunan orta və xırda sahibkarlıqla məşğul olan iş adamları ödəyir. Onların adlarını və ödədikləri məbləği isə, yenə də, özü dediyi kimi, bilmir. Başqa mənbələr də var:

«Digər maliyyə mənbəmiz verdiyimiz qrant layihələrinə aldığımız dəstək hesabınadır. Məsələn, ötən il AVCİYA-nın QHT-lərə Dövlət Dəstəyi Şurasından layihəsi keçib. Sonra bizim digər ofislərimiz var ki, onların ATƏT və Norveç səfirliyindən layihəlri keçir. Yəni mənbələr bunlardır».

ATƏT-in Bakı ofisindən «Azadlıq» radiosuna bildirdilər ki, ötən parlament və prezident seçkilərində olduğu kimi, ATƏT 18 mart referendumunu da müşahidə etməyəcək. Bundan başqa, ATƏT referendumla bağlı «exit-poll» keçirən hər hansı təşkilata da qrant ayırmağı planlaşdırmır.

AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov isə deyir ki, onlar «exit-poll»un keçirilməsinə nə qədər vəsait ayrıldığını açıqlaya bilməsələr də, pulun müxtəlif iş adamları tərəfindən ayrıldığını həmişə deyirlər. Onun dediyinə görə, qurum yeni yarananda 50-dən çox iş adamına müraciət ediblər, onlardan 4-5-i həmin müraciətə müsbət cavab verib.

V.Əlibəyovun sözlərinə görə, elə indi də «exit-poll»un pulunu həmin iş adamları verir. Pul verən sahibkarların kimliyinə gəlincə, o deyir ki, hazırda həmin adamlarla danışıqlar aparılır və razılıqları alınandan sonra onların adı AVCİYA-nın internet səhifəsində yerləşdiriləcək. Qaldı ki, «exit-poll»u hakimiyyətin özünün maliyyələşdirməsilə bağlı deyilənlərə, Vəli Əlibəyov bu məlumatın yanlış olduğunu deyir.

2005-ci ildə Azərbaycanda qalmaqallı Mitofski «exit-poll»unun yerli partnyoru da AVCİYA olmuşdu. Uorren Mitofski sonrakı xatirələrində yerli tərəfdaşların «exit-poll» nəticələrini saxtalaşdırmağa cəhd etdiyini deyirdi.

Hüquqşünas Ənnağı Hacıbəyli isə deyir ki, QHT-lərin fəaliyyətinin ən əsas prinsiplərindən biri tam şəffaflıqdır. Hər hansı QHT-nin aldığı pulun məbləğini və mənbəyini gizlətməsinin heç bir hüquqi əsası yoxdur. Maliyyə yardımı və qrant alan təşkilatlar həm də bu barədə Ədliyyə Nazirliyinə rəsmi məlumat verməlidirlər.

Şərhləri göstər

XS
SM
MD
LG