Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:32

Brüs Linin filminə baxdı, pedofil oldu


Avropa Şurasında hesab etmirlər ki, axtalanma pedofillərin reabilitasiyasına kömək edə bilər

Avropa Şurasında hesab etmirlər ki, axtalanma pedofillərin reabilitasiyasına kömək edə bilər

Pavel xatırlayır ki, məşhur karateçi Brüs Linin çəkildiyi filmə baxandan sonra onda «idarəolunmaz arzular» baş qaldırıb və qonşuluqda yaşayan 12 yaşlı oğlanı evlərinə dəvət edərək 5 bıçaq zərbəsi ilə qətlə yetirib.

Bu hadisə 20 il qabaq baş verib. O vaxt Pavelin 18 yaşı vardı, bundan sonra o, 7 il həbsxanada, 5 il isə ruhi xəstəxanada yatıb. Cəza müddətinin son ilində öz xahişi ilə onu axtalayıblar. İndi o, Çexiyada bir katolik humanitar təşkilatında bağban işləyir.

Pavel «The İnternational Herald Tribune» qəzetinə müsahibəsində deyir ki, artıq heç kimin həyatına təhlükə törətmir və məhsuldar həyat yaşayır.

Amma Avropa Şurasında hesab etmirlər ki, axtalanma Pavelin dediyi kimi pedofillərin reabilitasiyasına kömək edə bilər.

Şuranın işgəncələr əleyhinə komitəsi keçən ay axtalanmanın yolverilməz olduğunu bildirib və Çexiyanı bu təcrübəni qanundan kənar elan etməyə çağırıb. Çexiya cərrahi yolla axtalama praktikasından istifadə edən yeganə Avropa ölkəsidir. Son 10 ildə 94 nəfər axtalanıb.

Fərdin hüquqları və cəmiyyətin özünümüdafiə haqqı arasında ziddiyyətlə bağlı belə mübahisələr Avropa və Amerikada son dövrlər baş verən tükürpədici cinayətlərdən sonra yenidən qızışıb.

Keçən ilin payızında Polşada 45 yaşlı bir kişi tutublar, onu öz qızını zorlamaqda və ondan iki uşaq dünyaya gətirməkdə təqsirli biliblər. İndi Polşada belə canilərin kimyəvi yolla axtalanması təcrübəsinin tətbiqinə başlamağı düşünürlər. Bu, həmin şəxslərin ehtirası öldürən dərmanlar qəbul etməsini nəzərdə tutur.

Keçən ilin avqustunda ABŞ-da - Luiziana qubernatoru Bobbi Cindal da pedofillərə qarşı cərrahi və kimyəvi axtalamanın tətbiqinə icazə verən qanunu imzalayıb.

Bu ay Çexiyada bir uşağı zorlayıb öldürən 43 yaşlı Antonin Novakı ömürlük cəzaya məhkum ediblər. 9 yaşlı Yakub Simanek keçən ilin mayında itkin düşmüşdü.

Novak cinsi zorakılığa görə, qonşu Slovakiyada 4 il yarım həbsdə yatıb, amma bədəndə testosteronu - cinsi hormonları azaldan dərmanları qəbul etməyi Çexiyada törətdiyi cinayətdən 2 ay qabaq dayandırıbmış. Cərrahi axtalamanı müdafiə edənlər deyirlər ki, əgər Novakı axtalasaydılar, 9 yaşlı uşaq cinayət qurbanı olmazdı.

Avropa Şurasının Çexiyaya göndərdiyi komissiyanın rəhbəri Ales Butala deyir ki, bu təcrübə məhkumun nəsil artırmaq hüququnu pozur. Bundan başqa, onun sözlərinə görə, axtalanma hələ o demək deyil ki, həmin şəxs bir daha cinayət törətməyəcək:

«Avropa Şurası belə şəxslərin yenidən zorakı cinayət, o cümlədən pedofiliya və qətl törətməsi ilə bağlı 3 hal aşkar edib. Bundan başqa, əqli inkişafdan geri qalanlar, eləcə də ekzibişnistlər, yəni ictimai yerlərdə soyunmaq adəti olanları da axtalayıblar».

Butala deyir ki, seksual zorakılıq törədən şəxslər axtalanma üçün müraciət etməklə azadlığa çıxmaqlarına yol açmaq istəyirlər. Onun fikrincə, buna «öz istəyilə» adı vermək düzgün olmazdı.

Amma Praqadakı xəstəxanalardan birinin psixiatrı olan Martin Holli deyir ki, axtalanan məhkumların heç biri eyni cinayəti təkrar törətməyib.

ABŞ-dakı Con Hopkins Universitetinin mütəxəssisi Fred Berlin isə deyir ki, kimyəvi axtalamanın effekti 100 faiz deyil. Onun sözlərinə görə, belə dərmanlar qəbul etmiş şəxslər yenidən seksual zorakılıq törədə bilərlər:

«Məsələn, internet vasitəsilə çox asanlıqla testosteron sifariş etmək olar».

Çexiyada öldürülən 9 yaşlı uşağın atası Haynek Blasko isə həkimlərin və hüquqşünasların bu mübahisəsi fonunda deyir ki, pedofillər bağlı qapılar arxasında saxlanmalıdır:

«9 yaşlı uşağı həyatdan məhrum edən caninin hüquqlarıyla onun qurbanlarının haqları arasında fərq olmalıdır».

Şərhləri göstər

XS
SM
MD
LG