Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:58

«İƏT-in təsirli bir quruma çevriləcəyi real deyil»


İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tehran sammiti, 11 mart 2009
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tehran sammiti, 11 mart 2009
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tehran sammitinin formal gündəliyi daha çox iqtisadi məsələlərə həsr edilib. Çıxışlarda da daha çox üzv dövlətlərin bu sahədə əlaqələrini gücləndirməkdən danışılıb. Qısaca tanıtma kimi qeyd edək ki, bu qurumu 1985-ci ildə İran, Türkiyə və Pakistan yaradıb. Sonra ona Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstan qoşulub.

İƏT-in martın 11-də başlanan Tehran sammitinə qonşu İraq və Suriyanın dövlət başçıları da fəxri qonaq kimi qatılıblar.

Aydındır ki, tədbirə toplaşan ölkələrin hərəsinin burdan öz mənafeyi üçün gözlədikləri var. Məsələn, Əfqanıstan prezidenti üzv dövlətləri narkotiklərin qanunsuz dövriyyəsi və terrorla mübarizədə ölkəsinə kömək etməyə çağırıb. İranın prezidenti Mahmud Əhmədinejaa isə İƏT ölkələrinin vahid valyutasının yaradılması barədə fikirləşmək lazım olduğunu deyib.

Təhlilçilər deyirlər ki, sammitin rəsmi gündəliyində iqtisadi əməkdaşlıq məsələsi olsa da, bu tərkibdə bir görüşdə sadəcə ticarət problemlərindən danışılacağını düşünmək sadəlövhlükdür.

Elə tədbirin başlamasından az əvvəl xəbər yayılıb ki, Türkiyə prezidenti Abdullah Gül amerikalı həmkarı Barak Obamanın şəxsi ismarışlarını İran prezidentinə çatdıracaq.

Hələlik bu xəbər bir rəsmi qaynaqdan təsdiqlənməyib, amma Türkiyə prezidenti Tehrana uçmazdan əvvəl ABŞ-İran münasibətlərinə toxunub. O bildirib ki, prezident Barak Obamanın Ağ Evə gəlməsi ilə hər şey dəyişib. Ona görə də başqa ölkələr də bunu nəzərə alıb öz siyasətlərini yenidən nəzərdən keçirməlidirlər.

Azərbaycan prezidenti İlham Əliyev də Qarabağ problemi və işğal olunan əraziləri diqqətə çatdırıb.

Azərbaycanın İrandakı keçmiş səfiri, millət vəkili Nəsib Nəsibli bildirir ki, 1990-cı illərin əvvəllərində də rəsmi Bakı Qarabağ probleminin həllində həmin təşkilatın imkanlarından istifadə etməyə çalışıb:

- Bir bəyanat verdi, amma orda da qeyd edildi ki, biz daha çox iqtisadi əlaqələrlə məşğul olan təşkilatıq. Siyasi problemlərə qarışmırıq. Hər halda, bu da bir platformadır. Qonşu dövlətlərin bir yerdə olması, gömrük, nəqliyyat məsələlərində birgə siyasət yeritməsi, məncə, üzv dövlətlərə fayda verə bilər.

Nəsib Nəsibli hesab edir ki, İƏT-in yaxın vaxtlarda güclənərək təsirli bir quruma çevriləcəyi o qədər də real deyil. Çünki ona üzv olan ölkələrin arasında lider ola biləcək biri yoxdur. Ən əsası da təhlükəsizlik məsələsində onların arasında ciddi fikir ayrılıqları var. Bu dövlətlərin hərəsi bir-birinə zidd olan müxtəlif qütblərə - bir hissəsi Rusiyaya, bir hissəsi isə Qərbə meyllidir.
XS
SM
MD
LG