Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:38

Daşdan keçən sənəd, yoxsa təhrif edilən statistika?


 Dünya ölkələrində yaşayan ermənilər hər ilin 24 apreli «soyqırımı qurbanlarını» yad edirlər
Dünya ölkələrində yaşayan ermənilər hər ilin 24 apreli «soyqırımı qurbanlarını» yad edirlər
«İlginc sənəd». Ermənilərin 1915-ci ildə deportasiyası haqda Türkiyədə çap olunan bir sənədi «The International Herald Tribune» qəzeti belə adlandırır və əlavə edir ki, ilginc olsa da, Türkiyədə həmin sənədin çap olunduğu kitabı sükutla qarşılayıblar. Nə televiziya şouları bundan danışıb, nə də mətbuat, ancaq bir akademik kitabın nəşri haqda bir məqalə yazıb:

Qəzetin «ilginc» adlandırdığı sənəd türkiyəli yazar Murat Bardakçının nəşrə hazırladığı və «Talat Paşa»nın Evrak-ı Metrukesi» adlanan sənədlər toplusuna daxil edilib - yəni «Tələt paşadan qalan sənədlər».

Tələt paşa 1915-ci ildə Türkiyənin Dahiliye Nazirliyinə rəhbərlik edib. Ermənilər həmin ildə təxminən 1 milyon soydaşlarının soyqırımına məruz qaldıqlarını iddia edirlər. Bardakçı öz kitabına Tələt paşanın həyat yoldaşı Hayriyenin 1983-cü ildə ölümündən əvvəl ona verdiyi bir sənədi də daxil edib.

«The International Herald Tribune» yazır ki, Türkiyənin Daxili İşlər Nazirliyindən qalan həmin statistikada 1915-ci ildən əvvəl və sonra - 2 il ərzində ermənilərin sayının 1 milyon nəfər azalıb 300 minə enməsi qeyd edilib.

Qəzet yazır ki, illərdir Türkiyə sovet üslubunda həmin hadisələri unutdurmaq siyasəti yeridib, amma axır 10 ildə mülki cəmiyyət gücləndiyi üçün Türkiyə cəmiyyəti o vaxt baş verənlər haqda rəsmi versiyanı şübhə altına alır.

Keçən ilin dekabrında hətta bir qrup alim internetdə ermənilərin qətliamına görə, üzrxahlıq kampaniyası da başlayıblar, kampaniyaya 30 minə yaxın adam qoşulub.

Məqalədə tarixçi Hilmar Kaiser ilə müsahibədən də bir parça dərc edilib. Onun sözlərinə görə, Bardakçının kitabında çıxan sənəd elə Osmanlı İmperiyasının özü tərəfindən bir sübutdur ki, erməniləri məqsədli şəkildə məhv etmək siyasəti mövcud olub. Tarixçi deyir:

«Bunu başqa cür yozmaq olmaz. Bir milyon adamı gizlətmək olmaz axı».

Qəzet Murat Bardakçının özüylə də danışıb. Amma Bardakçı deyib ki, bu rəqəmlər ölümləri əks etdirmir, ancaq sürgündən sonra ermənilərin sayındakı azalmanı ifadə edir. Bardakçı soyqırımı iddiası ilə də razı deyil. O deyir ki, ermənilər Türkiyəyə qarşı müharibədə Rusiyanı açıq şəkildə dəstəkləyiblər və buna görə də onları deportasiya etməyə ehtiyac yaranıb:

«Bu, bir nasist siyasəti, yaxud Holokost deyil. O zaman mürəkkəb bir dövr idi və bu çətin qərar idi. Deportasiya qanlı hadisələrin nəticəsi idi. Hökumət üçün erməni əhalini deportasiya etmək zərurəti yaranmışdı».

Amma məqalə müəllifi yazır ki, Bardaçkının bu arqumentini bir çox alimlər rədd edirlər. Onlar hesab edirlər ki, azsaylı erməni üsyançıları Osmanlı İmperiyası üçün ciddi təhlükə deyildi, sadəcə, belə bir təsəvvür vardı ki, qeyri-müsəlman olduqları üçün ermənilərə etibar etmək olmaz, problemli əhalidirlər.

Bardakçı qəzetə deyib ki, o, rəqəmləri şərh etmək istəmir, yalnız fakt ortaya qoyur və oxucunun nəticə çıxarmasını istəyir.

Amma o sənədi 27 il müddətində açıqlamamasının səbəbini deyib. Bardakçı bildirib ki, bu addımın qəzəb doğurmayacağı vaxtın gəlməsini gözləyib. «Mən 10 il qabaq belə bir kitab çap edə bilməzdim, məni vətən xaini adlandırardılar. Amma psixologiya artıq dəyişib», - deyə Bardakçı əlavə edib.

Məqalədə Bardakçının kitabına Türkiyənin soyqırımı inkar edən çoxsaylı alimlərinin münasibəti əksini tapmayıb. Belə alimlərdən biri – Ankaranın Qazi Universitetindən doktor Yusuf Halacoğlu «Azadlıq» radiosuna müsahibəsində deyib ki, sözügedən sənəd ermənilərin qətli haqda nəticə çıxarmağa əsas vermir:

«Bu, sadəcə, Osmanlı İmperiyasında yaşayan ermənilərin 970 min nəfərinin Anadolunun şəhərləri arasında və bir qisminin də Suriyaya köçürülməsini göstərir. Sürgün haqda qərar ermənilərin qaldırdığı üsyanlardan sonra verilmişdi, onları yaşadıqları yerdən başqa şəhərlərə köçürmək qərarı verilmişdi. Burda hər hansı formada soyqırımı ortaya çıxaracaq sübut yoxdur».

Yusuf Halacoğlu deyir ki, 970 min erməni ilə bağlı köçürülmə qərarı tam icra edilməyib, onlardan 300 mini Rusiya-Türkiyə savaşı vaxtı özləri Rusiyaya köçüb:

«Qalan 670 min nəfərdən 500 mini Suriyaya, qalanı isə Türkiyə daxilində deportasiya olunub».

Alim hesab edir ki, «The International Herald Tribune» qəzetindəki məqalə təhrif edilmiş faktlara əsaslanır.

Dünya ölkələrində yaşayan ermənilər hər ilin 24 apreli «soyqırımı qurbanlarını» yad edirlər. Bu arada Türkiyənin Xarici İşlər naziri Əli Babacan ümid etdiyini bildirib ki, ABŞ-ın yeni prezidenti Barak Obama öz çıxışında «soyqırımı» ifadəsini işlətməyəcək.
XS
SM
MD
LG