Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:45

Parlamentdə hökumətin istefası tələb oluna bilər


«Biz martın 13-də parlamentdə bu sualları soruşacağıq, cavab verməsələr, hökumətin istefasını tələb edəcəyik»

«Biz martın 13-də parlamentdə bu sualları soruşacağıq, cavab verməsələr, hökumətin istefasını tələb edəcəyik»

Hökumət antiböhran proqramı hazırlayır. Parlamentin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Xanhüseyn Kazımlı deyir ki, proqramda əsasən yeni ehtiyat mənbələrinin işə salınması nəzərdə tutulur:

«Faydalılığı artırmaq üçün dövriyyədə olan normal pul kütləsini təmin etmək, həmin pul kütləsini qeyri-neft sektoruna, aqrar sektora yönəltmək, kənd təsərrüfatı istehsalını artırmaq lazımdır. Əsas bunlardır. Bundan başqa, karbohidrogen ehtiyatlarından, turizmdən istifadə olunması planlaşdırılır».

İqtisadçı ekspert İnqilab Əhmədovsa deyir ki, hökumətin antiböhran proqramı başqa ölkələrdə olduğu kimi, iqtisadiyyatı stimullaşdırıb mümkün qədər onu canlandırmalıdır:

«Hökumət iş yerlərini xərcləri bahasına olsa belə, saxlamağa çalışmalıdır. Daxili iqtisadiyyatın zəifləməsinə imkan vermək olmaz. Çalışmaq lazımdır ki, ölkəyə daxil olan valyutalar azalmasın, ölkənin borclarının idarə edilməsiylə bağlı problemlərin necə həll olunması haqda düşünülməlidir. Böhran şəraitində Neft Fondunun daxili investisiya imkanları yenidən nəzərdən keçirilməlidir. İndi beynəlxalq aləmdə bu müzakirə olunmağa başlanılıb».

İqtisadi Tədqiqatlara Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyevsə deyir ki, Azərbaycanda həyata keçirilən layihələr, onların cəmiyyət üçün faydalılığı haqda məlumat verilmir:

«Son zamanlar həyata keçirilən layihələrin böyük əksəriyyəti yalnız maddi-texniki təchizatın yaxşılaşdırılmasına xidmət edir. Bu maddi-texniki təchizatdan nə qədər düzgün faydalanırıq, cəmiyyət ondan nə qədər fayda götürəcək kimi suallar açıq qalır. Həm də həyata keçirilən layihələr real xərclərindən artıq şişirdilir. Yol salınır, yağış yağan kimi dağılır, körpü tikilir, məlum olur ki, bu körpü, məsələn, 20 yanvardakı kimi, əksinə tıxacı daha da artırıb. Bu cür layihələri həyata keçirməkdənsə, dayandırmaq lazımdır».

Azər Mehtiyev deyir ki, ən yaxşı antiböhran proqramı, inhisarçılığın aradan qaldırılması, rəqabət və normal sahibkarlıq mühitinə şərait yaratmaqdan ibarətdir.
Müsavat deputat qrupu isə Milli Məclisin martın 13-də keçirilən iclasında hökumətdən antiböhran proqramının açıqlanmasını və qəbul edilməsini tələb edəcək. Millət vəkili Arzu Səmədbəyli deyir ki, hökumət böhran vəziyyətindən çıxmaq üçün heç bir iş görmür:

«Hökumət deməlidir ki, vəziyyət budur, çıxış yoluyla bağlı da proqramım budur. Ancaq heç nə demirlər. Ortada heç nə yoxdur. Bu böhran neft ölkələrinə çox toxunur, Azərbaycan da neft ölkəsidir. Biz martın 13-də bu sualları soruşacağıq, cavab verməsələr, hökumətin istefasını tələb edəcəyik».

Bundan əvvəlsə Milli Bankın rəhbəri Elman Rüstəmov demişdi ki, pul-kredit siyasətini yumşaltmaqla qlobal böhranın təsirlərini minimuma endirmək olar.
XS
SM
MD
LG