Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:39

Azərbaycan haqqında mühacirətdə buraxılan ilk kitab


Rəsulzadənin ərəb əlifbası ilə yazdığı sözlər: «Berlinin Qafqaz Cəmiyyətinə hədiyyə. 1924-cü il, İstanbul. Sabiq Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə»
Rəsulzadənin ərəb əlifbası ilə yazdığı sözlər: «Berlinin Qafqaz Cəmiyyətinə hədiyyə. 1924-cü il, İstanbul. Sabiq Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə»
«Məhəmməd Əmin Rəsulzadənin Los-Anceles kitabxanasında tapılan kitabı vaxtilə «Atatürk mükafatı» alıb». Bunu «Azadlıq» radiosuna Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı, tarixçi-alim Nəsiman Yaqub dedi:

«Kitabın adı «Azərbaycan cümhuriyyəti» - mötərizədə də yazılıb ki, «keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti». Məndə bu kitabın orijinalı var. 1923-cü ildə İstanbulda çap olunub. 1924-cü ildə İzmirdə keçirilən kitab müsabiqəsində Atatürk mükafatı alıb. Azərbaycan haqqında mühacirətdə buraxılan ilk kitabdır. «Əsrimizin Siyavuşu» ondan sonra buraxılıb. Amma «Azərbaycan cümhuriyyəti» həcminə və əhatə dairəsinə görə daha böyükdür. Bu kitab yeni variantda 1990-cı ildə Azərbaycanda çap edilib.

Qeyd edək ki, Los-Anceles Universitetində Azərbaycan dili, eyni zamanda, «Türk xalqları tarixi» proqramı çərçivəsində Azərbaycanın son 200 illik tarixi haqqında dərs deyən tarixçi-alim Altay Göyüşov «Azərbaycan cümhuriyyəti» adlı kitabı təsadüfən tapıb. Bu barədə «Azadlıq» radiosuna geniş məlumat verən tarixçi-alim kitabı kataloqa da daxil etdirib:

«ABŞ-da kitabxanaların iş sistemi Azərbaycan kitabxanalarından çox fərqlənir. Kitabxanaçıya kitabın kodunu vermirsən ki, get, o kitabı gətir. Burada kompüterdə kitabın yerini müəyyənləşdirib, kodunu tapırsan və onun əsasında həmin kitabı yerləşdiyi yerdən özün götürürsən. Universitetin vəsiqəsi ilə qeydiyyat aparılır ki, bu kitabı götürdün. Mən əslində, Young Kitabxanasına başqa kitab arxasınca getmişdim. Kompüterdə kitabın yerini müəyyənləşdirib, 3-cü mərtəbəyə qalxdım. Rəfdə bir sıra kitablar diqqətimi çəkdi. Kitablara baxanda, təsadüfən Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yazdığı və üzərində şəxsi imzası olan kitab çıxdı qabağıma. Kitabın adı «Azərbaycan Cümhuriyyəti»dir, ərəb əlifbası ilə yazılıb. Bu kitabı qiymətli edən odur ki, kitabda Rəsulzadənin şəxsi imzası var. Yazıb ki, «Berlində yerləşən Qafqaz Cəmiyyətinə hədiyyə. 1923-cü il, 29 haziran, İstanbul. Sabiq Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə». Azərbaycan mətbuatında səhvən 1924-cü il yazılıb, amma kitabın üstündə 1923-cü il qeyd olunub. Bu kitab rəsmi qeydiyyata düşüb, amma kitabxananın kataloquna salınmayıb. Mən kitabın adını tərcümə elətdirdim və kataloqa salındı».

Altay Göyüşov deyir ki, kitabda intibah dövrünə aid Azərbaycan ziyalıları barədə məlumatlar, Zəngəzur da daxil olmaqla, Azərbaycanın 1918-1920-ci illərə aid rəsmi xəritəsinin təsviri, şəhidlərimizin siyahısı yer alıb:

«Kitabda maraqlı şəkillər də var. Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nuru Paşanın şəkilləri var. Azərbaycan parlamentinin ilk iclasının, türk şəhidinə tikilmiş məqbərənin, İstiqlal küçəsində 1918-ci il 15 sentyabrda - Bakının azad olunması günü keçirilən əsgər marşından çəkilən şəkillər də yer alıb.
Rəsulzadə «Azərbaycan cümhuriyyəti»ni İstanbulda yazıb, Berlinə göndərib, sonra necə olubsa, kitab Los-Anceles Universitetinin kitabxanasına gəlib çıxıb. Ola bilər ki, kimsə öz arxivini kitabxanaya bağışlayıb, bəlkə də İkinci Dünya müharibəsindən sonra hər hansı şəkildə gəlib ABŞ-a. Bu barədə dəqiq məlumat yoxdur».
XS
SM
MD
LG