Keçid linkləri

Təcili xəbərlər

Mərkəzi Bankın müstəqilliyi


Azərbaycan Milli Bankı
Azərbaycan Milli Bankı
Altı aydır ki, davam edən devalvasiya prosesinin ardından Türkiyə Mərkəzi Bankı (MB) martın 9-da bazara ucuz valyuta satılması ilə bağlı qərarını açıqladı. Martın 10-dan etibarən keçiriləcək tenderlərlə MB-nın valyuta ehtiyatından hər gün 50 milyon ABŞ dolları bazarda likvidlik yaratmaq məqsədi ilə satılacaq. Əlbəttə, bu qərar sərbəst bazara müdaxilə məqsədi daşımır - sadəcə, bazarda ehtiyac olan əcnəbi valyuta kütləsində müəyyən qədər artış məqsədi güdür.

Əslində, Türkiyədə Mərkəzi Bankın bazara sərt şəkildə müdaxiləsindən söhbət gedə bilməz. 2001-ci ildəki iqtisadi böhrandan sonra müstəqilliyi daha da gücləndirilən MB-nın işinə hökumətin müdaxiləsi də gündəliyə gələ bilməz. Çünki güclü müstəqillik əldə etməsəydi, Türkiyə Mərkəzi Bankı da hökumətlərin populist siyasətlərinə alət olma təhlükəsindən xilas ola bilməzdi. Dövlətin pul siyasətinin başlıca «instrument»i olan Mərkəzi Bankların müstəqilliyinə son illərdə Türkiyə MB-nın örnək kimi göstərilməsi ölkənin kredit etibarı üçün də önəmli faktor olmuşdur.

1999-2000-ci illərdə valyutanın məzənnəsini forvard üsulu ilə bir neçə ay əvvəldən müəyyənləşdirən Türkiyə Mərkəzi Bankının bu siyasəti 19 fevral 2001-ci ildə ortaya çıxan böhranda iflas etdi və o gecə toplanan Mərkəzi Bankın Pul Siyasəti Şurası əcnəbi valyutanın məzənnəsini dalğalanmaya buraxdı. Faizlərin 7200-ə çatdığı həmin vaxt türk lirəsi əcnəbi valyutalar qarşısında təxminən 100% dəyərini itirsə də, hökumət və Mərkəzi Bank sərbəst iqtisadiyyatın prinsiplərindən vaz keçmədi.

Bu, bazarın oyunçusu olan bütün tərəflərin haqlarına hörmət idi -100%-lik devalvasiyadan bir gecədə külli miqdarda pul itirən olsa da, külli miqdarda pul qazananlar da olmuşdu. Devalvasiyanı qabaqcadan bilərək türk lirəsindəki pulunu 50 min dollara çevirən Mərkəzi Bankın prezidenti isə işin üstü açılan kimi istefa vermişdi. Dalğalanmaya buraxılan valyuta məzənnəsi bir neçə aydan sonra durulmağa başlamış və bazardakı nominal dəyərini əldə etmişdi.

O vaxtdan bəri Türkiyə Mərkəzi Bankının bazara hər hansı şəkildə müdaxilə etdiyini görən olmayıb. MB hər gün saat 11-də valyuta məzənnəsi elan etmək təcrübəsinə də elə o vaxtdan son qoyub. Ümumiyyətlə, hər gün valyuta məzənnəsi elan edən ölkələrin Mərkəzi Bankları müstəqil deyil, üstəlik, o ölkədə bazar qaydalarının işləməsi də şübhə altındadır. Bazardan pul qazanmaq istəyən hər cür oyunçu var - mühüm olan məsələ bu oyunçuların hamısının hüququna hörmətlə yanaşılmasıdır. Mərkəzi Bank öz mənafeyi naminə bazardakı oyunçuların haqlarını tapdalaya bilməz.

Qonşu ölkələrdə cərəyan edən devalvasiya proseslərinə baxanda istər-istəməz «Ağ manatımız»ın aqibəti gözümüzün qabağına gəlir və düşünürük ki, əcəba, biz hansı bir iqtisadi sistemdə yaşayırıq ki, dünyanın hər yerində milli valyutaların «əriməsi» hadisəsi bizə heç yaxın gəlmir? Rusiya Mərkəzi Bankı bir neçə gün ərzində öz valyuta ehtiyatından 120 milyard dollar itirərək, rubl əcnəbi valyuta qarşısında 50% əriyirsə, sadəcə neftlə ayaq üstündə durması heç kimdə şübhə doğurmayan iqtisadiyyatımız dünyanı sarsıdan bu zəlzələyə necə qada-bəlasız davam gətirə bilir? Anarın «Sizi deyib gəlmişəm» komediyasında Pirverdi bəyi oynayan Səməndər Rzayevin qəribə bir ləhcə ilə dediyi kimi, «Nə təhər olur ə, bu?» Milli Bankın prezidenti Elman müəllimin dediyi kimi, bu iş bazara 300 milyon dollar satmaqla həll edilibsə, buna qarğalar da gülər. Əgər dünyada cərəyan edən bu qədər həngamədən Milli Bankımız təsirlənməyibsə, burda anormal bir durum var. Hər şeydən əvvəl, bu durum Milli Bankın qətiyyən müstəqil olmadığını göstərir.

Türkiyə Mərkəzi Bankının dünyada ona görə etibarı var ki, onun prezidenti Kürşad Yılmaz 2006-cı ildə AKP-nin təqdimatı ilə bu kresloya otursa da, indiyə qədər bir dəfə də olsun, hökumətin populist siyasətinə baş əyməyib. Siz Azərbaycan Milli Bankının prezidentinin ölkə başçısının sözünə əməl etməyəcəyini düşünə bilərsinizmi? Əgər Milli Bankın prezidenti öz müstəqilliyini göstərmək istəyirsə, milli valyutanın məzənnəsini təzyiq altında tutmaqdan vaz keçib, xalqı düşünməli və bir an əvvəl məzənnəni dalğalanmaya buraxmalıdır. Başqa sözlə desək, məzənnə qayçısını vaxt keçirmədən əlinə almalıdır. Bu, ölkədəki monopoliyaya ən böyük zərbə, xalqa isə çox böyük yaxşılıq olardı. Milli Bankı müstəqil olmayan bir ölkə işğal altındadır - fərqi varmı kimin işğalı altında olmasının?

İqtisadiyyatımızı kim idarə edir - əgər xiyardan anlayan Artur Rəsizadə dedinizsə, onda ölmüşük, yerdən götürənimiz yoxdur.
XS
SM
MD
LG