Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:09
«Yaradıcılıq üçün ən səmərəli sistem Sovet teatr sistemi idi». Bunu «Azadlıq» radiosuna «Yuğ» Teatrının baş rejissoru Vaqif İbrahimoğlu deyir. Onun fikrincə, Sovetlər dönəmində teatr sənəti indiki qədər bazar şərtlərinə bağlı deyildi:

- Tutaq ki, «Azərbaycanfilm» kinostudiyasında ortabab film istehsal olunurdu. Moskvada bu filmə üçüncü kateqoriya verilirdi. Yəni bu film klublarda və əyalətlərin kiçik kinoteatrlarında nümayiş etdiriləcək. Təbii ki, belə bir hal rejissor və filmin bütün yaradıcı heyəti üçün mənfi hal idi. Fəqət, 5-6 aya bu film öz xərclərini qaytarırdı. Yəni, bir sistem vardı, işlək idi. Unitar dövlətin çərçivəsində teatrlar Moskvaya qastrol səfərinə gedirdi, SSRİ-nin o başından teatrlar Azərbaycana qastrola gəlirdirlər. Bu işi dövlət tənzimləyirdi. İndi bazar-bazar deyirik, amma o vaxt Azərbaycandan başqa respublikaya qastrola gedən teatr əgər xərclərlə gəlirləri 1 manat üstələsəydi, bu, çox uğurlu sayılırdı. Çünki öndə maliyyə gəliri, iqtisadi effekt deyil, mənəvi, ideoloji sənət effekti güdülürdü. Bu, nə dərəcədə səmimi idi, nə dərəcədə yerinə yetirilirdi, o başqa məsələdir.

(Vaqif İbrahimoğlunun fikirləri barədə daha ətraflı VİDEODA. Reportajın mətni videodan sonra davam edir.)
V.İbrahimoğlu hesab edir ki, Sovet teatr sisteminin dağılması müstəqil Azərbaycanın teatrına mənfi təsir göstərdi. Təkcə, Rus Dram Teatrı bu vəziyyətə nisbətən tab gətirə bilib:

- Düzdür, ölkədə rusdilli əhalinin sayı kifayət qədər azalıb. Amma ən böhranlı illərdə belə, həm maliyyə, həm iqtisadi, həm də əməkdaşlarının iş yükü, maaşı və s. məsələlər bu teatrda yerində idi. Nəyin hesabına - o başqa məsələdir. Əgər bu teatrdırsa, qapısı hər axşam açılmalı, zalı dolu olmalı və tamaşaçılar razı çıxmalıdırlar. Bu üç şərt uzun illərdir ki, Rus Dram Teatrında yerinə yetirilir.

Gənc teatrşünas Sevda Babayeva da V.İbrahimoğlunun bu fikrilə razıdır. Onun fikrincə, hər bir teatrın öz siyasəti, tamaşaçılarla əməkdaşlıq prinsipi olmalıdır:

Sevda Babayeva
- Bu, teatrın rəhbərliyinə bağlı məsələdir. Təəssüf ki, bu gün tamaşaçı ilə ünsiyyəti saxlaya bilən böyük teatr yalnız Rus Dram Teatrıdır. Düzdür, istedadlı gənc nəsil yetişir. Amma teatrşünaslıq sahəsində bu, heç də hiss olunmur. Bu sahə heç kimə lazım deyil. Bu gün ölkə qəzetlərinin birinin baş redaktoruna yaxınlaşıb, deyirəm ki, bir tamaşaya yaxşı resenziya yazmışam, qəzetdə dərc etdirmək istəyirəm. Deyir o nə olan şeydir? Mən resenziyanın nə olduğunu başa salandan sonra deyir ki, yox, belə yazıya ehtiyac yoxdur. Qəzetlər satılmır, oxucunu cəlb etmək üçün get müğənnilərdən müsahibə al, qalmaqallardan yaz. Teatrşünas rəyinə, resenziyalara tələbatın olmaması üzündən də ölkədə tənqidə qərəzli münasibət var, tənqidi həzm etmirlər.

Martın 10-u Azərbaycanda teatrın yaranmasının 136 illiyi tamam olur.

Şərhləri göstər

XS
SM
MD
LG