Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:39

Bakının simasında görünən və görünməyən məscidlər


Nardaran məscidi, 14 may 2003
Nardaran məscidi, 14 may 2003
Əgər Bakı şəhərinə buludların arasından boylansan, burdakı məscidlərin minarəsini çox çətin ki, görə biləsən. Daha çox gözünə yeni, hündürmərtəbəli binalar dəyəcək. Elə ki, yerə endin, Bakının bir balaca dar küçələri ilə dolaşıb qədim məscidləri görmək olar. İndi Bakının özü kimi məscidləri də iki yerə bölünüb, qədim və yeni məscidlər.

Qədim məscidlər, əsasən, Bakının ən qədim yeri sayılan İçərişəhərdə salınıb. Elə ki, qala divarlarından içəri girdin, dar küçələrin yolunu tutdun, müxtəlif formalı məscidlər gözə dəyir. Rəsmi məlumata görə, İçərişəhərdə 21 məscid var. Onlardan yalnız dördü - Həzrəti Məhəmməd, Aşur, Cümə və Gileyli məscidləri real olaraq fəaliyyət göstərir. Bəs o biri məscidlərin taleyi nə yerdədir? Gördüklərim məni heyrətləndirir.

Qız qalasının yaxınlığında bir məscid gözümə sataşır. Məscidin sağ tərəfində qızılı rəngdə lövhə asılıb. Üstündə yazılıb ki, bura «Məktəb məscidi»dir və dövlət bu tarixi abidəni qoruyur. Əgər siz bu məscidi ziyarət etmək istəsəniz, orada sizi nə molla qarşılayacaq, nə axund, nə də ki, imam. Sizi xalça alveri ilə məşğul olan satıcı qarşılayacaq. Elə məni də o qarşıladı. Soruşdum ki, məscid hara, dükan hara? Xalça alverçisi dedi ki, bura məscid deyil və ordan asılan lövhədəki məlumat səhvdir.

İçərişəhərdə belə məscidlər çoxdur, «Mədrəsə məscidi» də indi «Carpet Shop» olub. Digər məscidlərin isə qapısı qara qıfılla bağlanıb. İçərişəhər Cümə məscidinin imam-camaatı, ilahiyyatçı Hacı İlqar İbrahimoğlu bunun səbəbini onda görür ki, ölkədə islamla məşğul olmalı qurumlar bu məsələlərə məsuliyyətlə yanaşmırlar. Nəinki köhnə məscidlər, heç yenicə təmir olunan məscidlər də insanların istifadəsinə verilməyib.

Üç il əvvəl «Mənəvi Saflığa Dəvət» İctimai Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birlikdə İçərişəhərdəki məscid və dini abidələrlə bağlı monitorinq keçirib.
Cümə Məscidi
Məlum olub ki, bu ibadət ocaqlarının böyük əksəriyyəti hazırda başqa məqsədlər üçün - bəziləri satış-ticarət məkanı, bir qismi zirzəmi, bəziləri sex və s. kimi istifadə olunur.

Rəsmi məlumata görə, Bakı şəhərində tarixi abidə kimi qorunan məscidlər və ibadət evləri də daxil olmaqla 114 məscid var. Fəaliyyətdə olan məscidlərin sayı isə 64-dür. Müstəqillikdən sonra salınan yeni məscidlər «Şəhidlər məscidi», «İlahiyyat məscidi» və qəsəbələrdə salınan digər xırda məscidlər var. Bakıda ən qədim məscid isə İçərişəhərdə Mirzə Mənsur küçəsində yerləşən Həzrəti Məhəmməd məscididir. 1078-79-cu illərdə salınan bu məscidə yerli sakinlər «Sınıq qala» da deyir. 18-ci əsrdə ruslar Bakıya hücum edəndə atışma zamanı məscidin minarəsi zədələnib. Elə o zamandan məscid «Sınıq qala» kimi adlandırılır.

Əməkdar memar Nəriman Əliyevin sözlərinə görə, məscid tikilərkən əsas odur ki, istiqamət düzgün bəlli olsun, yəni üzü Məkkəyə. Məscidlərin forması da dəyişik ola bilər, amma məzmun birdir. Yalnız məkan vacibdir:

«O məkan daşdanmı, dəmirdənmi olacaq, əhəmiyyəti yoxdur. Formada təbiət və iqlim xüsusiyyətləri həlledicidir. Bir də məscidlər həm də millətin özünün düşüncəsinin, mənəviyyatının, adət-ənənələrinin əksidir».

Memar Nəriman Əliyev Bakıda islam mədəniyyəti kompleksinin tikilməsini vacib sayır:

«Və o kompleksdə məscid də olmalıdır. 20-ci əsrin əvvəllərində Cümə məscidi tikilərkən Bakıda 300 min əhali vardı. Amma bu günləri milyondan yuxarıdır. İndiki Cümə məscidi əhalini əhatə etmir. Yeni, şəhərin miqyasına uyğun Cümə məscidinin tikilməsinə ehtiyac var».

Məhəmməd Məscidi
İslamdan öncə də insanlar dua etmək üçün ən çox hara toplaşardılarsa, həmin yerdə məscid tikilərmiş. Və o, şəhərin mərkəzi məscidi sayılırmış. Bakının da Cümə məscidi İçərişəhərdə yerləşir. Məscidin imam-camaatı Hacı İlqar İbrahimoğlu Cümə məscidinin özəlliyindən danışır:

«Hər şəhərin bir came məscidi olur. Orada edilən ibadətin savabı daha çox olur. Üstəlik, etikaf (ibadət məqsədilə müəyyən vaxt ərzində məsciddə qalma) deyilən bir mənəvi ibadət var ki, onun da came məscidində edilməsi məsləhət görülür».

İ.İbrahimoğlu yeni məscidlərin ehtiyacdan deyil, hansısa bir diplomatik münasibətlərin əsasında tikilməsindən narahatdır:

«Məsələn «Şəhidlər», «İlahiyyat məscidi»ni hamı türklərin məscidi kimi qəbul edir. Mən istəməzdim ki, Azərbaycanda məscidlərin sistemləşdirilməsi bu cür olsun. Bu, xoşagəlməz haldır. Faktiki olaraq biz görmürük ki, öz vətəndaşlarımızın təşəbbüsü ilə məscid salınsın. Amma hər on şadlıq sarayına heç bir məscid düşmür bu şəhərdə».

Hazırda bir sıra məscidlərimizdə mövcud olan ən xoşagəlməz hal bu mədəniyyət ocaqlarımızın özünün yas mərasimlərini tərənnüm edən duruma düşməsi və bəzi hallarda kimlərinsə qazanc mənbəyinə çevrilməsidir. Yerli sakinlər məscidlərdə pulla ölüyə Quran oxutdurulmasını görsə, təəccüblənməz. İlqar İbrahimoğlu bunun kökünü təsisatlaşma mədəniyyətinin çox zəifliyində görür:

«Sovet dövrünün təsiri hələ də qalıb. Vəqflər, islami dərnəklər yaranmalıdır. İslamda bilən var, bilməyən var. İslam daxilində molla, axund kimi bölgü yoxdur».

Məktəb Məscidi
«Mənəvi Saflığa Dəvət» İctimai Birliyinin sədri, fəlsəfə elmləri namizədi Elşən Mustafaoğlu isə məscidlərdə təmizlik və sanitariya baxımından ciddi problemlər olduğunu deyir:

«Bəzi məscidlərdə dəstəmazxanalar, tualetlər bərbad haldadır».

E.Mustafaoğlunun Bakıdakı məscidlərin digər ölkələrlə müqayisəsindən məlum oldu ki, paytaxtda vəziyyət heç də ürəkaçan deyil. Xarici ölkələrdə, istər müsəlman, istərsə də xristian cəmiyyətlərində məscid və kilsələrdə ən çox diqqət yetirilən məqam yeni nəslin mənəvi tərbiyəsidir:

«ABŞ-da həm məscidlərdə, həm də kilsələrdə zəngin dini kitabxanalar, videozallar, hətta idman və əyləncə sektorları olur. İstanbulda isə, əsasən, Türkiyə azəriləri - mənşəcə Qars və İqdırdan olan qardaşlarımızın yaşadığı Halkalı məhəlləsində «Zeynəbiyyə» adlanan böyük bir məscid kompleksi var. Bura əsl elm və mədəniyyət mərkəzidir. Ailə ilə gəl, mənən zənginləş, ruhən dincəl, elmini artır, istirahətini et, namazın-duan da öz yerində».

İndi Bakıya yaz gəlir. Bu fəsildə İçərişəhərdə gəzməyin öz yeri var. Yaz yağışının yuduğu dar küçələrdə açıq məscid axtarmaq bir qədər vaxt aparsa da, bunun sayəsində İçərişəhəri əməlli-başlı gəzə bilirsən. Burda insanlar o qədər mehribandırlar ki, məscidin yanından keçən yerli sakinlər bir-birini salamlayır, hal-əhval tuturlar. Burda hamı öz işiylə məşğul olur. Səhər tezdən xlor satanın səsi ilə azan səsi bir-birinə qarışır. Kimi azanın səsinə qulaq tutub məscidə gedir ki, namaz qılsın, kimi də xlor satanın səsini eşidib küçəyə düşür ki, xlor alsın.
XS
SM
MD
LG