Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:28

Bulaq başına gecə gedən qadınlar...


BQXK bildirir ki, dünyanın hər yerində çoxlu sayda qadın müharibənin vurduğu zərbələrdən əziyyət çəkir
BQXK bildirir ki, dünyanın hər yerində çoxlu sayda qadın müharibənin vurduğu zərbələrdən əziyyət çəkir
Bu kəndin bircə bulağı var. Adına da «Bulağcan» deyirlər. Kənd qadınları içmək üçün suyu ancaq bu bulaqdan götürürlər. Ona görə də bu bulaq onların gündəlik gediş-gəliş yeridir. Amma Tovuzun Koxanəbi kəndində qadınlar digər kəndlərin bulaq başına gedən qadınlarından bir xeyli fərqlənirlər. Çünki onlar bulaq başına yalnız qaranlıq düşəndə gedə bilirlər. Ona görə yox ki, bu kənddə qadınların gündüz çağı gözə görünməsi yasaqdır və ya hansı isə başqa bir adət-ənənə var. Sərhəd ərazidə yerləşən bu kəndin qadınları erməni gülləsinə tuş gəlməmək üçün suya ancaq gecələr gedirlər. Çünki Koxanəbi kəndinin «Bulağcan» bulağı düz Ermənistan silahlı qüvvələrinin postuyla üzbəüzdür.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısının müavini Bəhruzər Rüstəmov sərhəd kəndlərinin sosial problemlərindən danışarkən deyib ki, bu kənddə su borularının çəkilməsindən söhbət gedə bilməz. Onun fikrincə, kənddəki problemləri həll etmək üçün əks tərəflə sülh sazişinin olması lazımdır.

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) dünyanın hər yerində çoxlu sayda qadın və qızların müharibənin vurduğu zərbələrdən əziyyət çəkdiyini bildirir.

Komitə iddia edir ki, bir çox bulaqların hərbi mövqelər arasında və ya cəbhə xəttinə çox yaxın yerləşməsi üzündən orada yaşayan əhalinin içməli sudan istifadə etməsinə müntəzəm olaraq əngəl törədilir. Qadınlar özlərinin və ailələrinin yaşayış ehtiyaclarının təmin edilməsini tam olaraq öz üzərlərinə götürürlər ki, bu da onlardan həddindən artıq vaxt və enerji tələb edir.

«Münaqişədən zərər çəkmiş kəndlərdə cəbhə xəttinə yaxın yerləşən bulaqlardan su gətirən əsasən qadınlardır», BQXK Azərbaycandakı nümayəndəliyinin başçısı Ton Vandenhov belə deyib. Onun sözlərinə görə, onların həyatları hər gün risk altındadır və beləliklə də su təchizatı sistemini bərpa etməklə BQXK dolayısı yolla onları müdafiə edir.

Qurum cəbhə xəttinə yaxın ərazidə yaşayan kənd əhalisinin təhlükəsiz içməli sudan istifadə etməsinə yardım göstərmək üçün səy göstərir. 2008-ci ildən başlayaraq «Qırmızı Xaç» yerli hakimiyyət orqanları və icma üzvləri ilə əməkdaşlıq şəraitində iki su təchizatı layihəsi həyata keçirib. Bunlardan biri Azərbaycanın Ermənistanla sərhədinə yaxın ərazidə yerləşən Əyridərə kəndində, digəri isə Füzuli rayonunun cəbhə xəttinə yaxın yerləşən Şükürbəyli kəndində həyata keçirilib. Ümumilikdə bu kəndlərin təxminən 1400 sakini su təchizatı sisteminin bərpası sayəsində içməli sudan istifadə imkanı əldə edib:

Azərbaycanda həyata keçirilən su layihələrinin uğur qazanmasından məmnun qalan cənab Ton Vandenhov deyib ki, qurum hazırda bütün sərhəd rayonlarında qiymətləndirmə aparır. O bildirib ki «biz həll olunmamış Dağlıq Qarabağ problemindən hələ də əziyyət çəkən mülki əhaliyə mümkün olduğu qədər kömək göstərməyə çalışacağıq».
XS
SM
MD
LG