Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:06
Azərbaycanda nə qədər məmur var: 27.500, yoxsa 275.000? Bu rəqəmlər 10 dəfə fərqlənir. İkisi də Azərbaycanda dövlət işçilərinin sayına aiddir.

Birincisi dövlət qulluqçularının, ikincisi isə dövlət idarəetməsində çalışanların sayını əks etdirir.

2007-ci ildə Azərbaycanda 27.600-ə yaxın dövlət qulluqçusu olub. Bunu Dövlət Statistika Komitəsi deyir.

2008-ci ilin statistikası hələ açıqlanmasa da, idarəetmənin əsas xüsiyyətlərindən biri də şişmək tendensiyasıdır.

Rəqəmlərə əsasən, dövlət idarəetməsində çalışanların sayı dövlət qulluqçularından təxminən 10 dəfə çoxdur.

Dövlət qulluqçularının sayı və statusu Dövlət Qulluğu haqqında qanunla müəyyənləşir. Bu qanun bəzi dövlət idarələrinin işçilərini dövlət qulluqçusu hesab etmir.

Bu sahə üzrə araşdırma aparmış iqtisadçı ekspert Rövşən Ağayev deyir ki, Azərbaycanda dövlət qulluqçularının təsnifatının dairəsi xeyli dardır deyə onların əhaliyə nisbətən müqayisəsini vermək də çətindir.

R.Ağayev hesab edir ki, bu sahədə müqayisə aparmağın ən optimal yolu dövlət idarəetməsində çalışanlarla əhalinin ümumi sayı arasında olan nisbəti ölçməkdir.

- Belə ki, Azərbaycanda 275.000 dövlət idarəçisi var, bura polis, hərbçi, dövlət idarələrində çalışanlar daxildir. Faktiki olaraq bu, büdcə sferasında çalışan hər 3 nəfərdən biri, və ya Azərbaycan əhalisinin hər 1.000 nəfərindən 30 nəfər deməkdir.

Bu göstərici üzrə Azərbaycan Rusiya ilə eyni səviyyədədir. Lakin nəzərə almaq lazımdır ki, Rusiya ordusu o qədər nəhəngfir ki, hərbçilərin əhalinin ümumi sayına nisbətən olan xüsusi çəkisi Azərbaycanla müqayisədə xeyli böyükdür.

Rusiyada dövlət məmurlarının sayı son on ildə rekord həddə çatıb. Hələ 2005-ci ildə az qala hər yüz rusiyalıya bir məmur düşürdü.

Digər keşmiş sovet respublikası Moldova ilə müqayisədə isə Azərbaycan idarəetmə sistemi 2 dəfə böyükdür. Moldovada hər 1.000 nəfərə təxminən 16-17 nəfər dövlət idarəsində çalışan düşür.

Dövlət idarəetməsi deyəndə bura bütün nazirlik, komitələrdə çalışanlar, icra strukturu, hərbi sistemdə, polisdə çalışanlar daxildir. Səhiyyə və təhsil sistemində işləyən sıravi əməkdaşları bura aid etmirlər.

Lakin müəllim və həkimlərsiz belə Azərbaycanda dövlət idarəetməsində çalışanların xüsusi çəkisi böyükdür.

Rövşən Ağayev bir müddət əvvəl bəzi dövlət komitələrini ləğv etmək təklifi ilə çıxış etmişdi. Onun təklifinin əsasında bəzi nazirliklərin birləşdirilməsi yolu ilə Nazirlər Kabinetinə daxil olan strukturların sayını 36-dan 25-ə qədər azaldılması dururdu.

Rövşən Ağayev deyir ki, məqsəd heç də həmin strukturların mexaniki ləğvindən getmir, həm də bu idarələrdə çalışanların ixtisarı nəzərdə tutulur.

Belə bir islahat Ermənistanda hələ bir neçə il əvvəl aparılıb. Bəzi nazirliklər yenidən qurulub, 25 hökumət idarəsi ləğv olunub, nazirliklərin sayı 12-yə endirilib.

Bir müddət əvvəl Azərbaycanda aparılmış sosioloji sorğunun nəticələri gənclərin daha çox dövlət qulluğuna meylli olduğunu göstərmişdi.

Sosioloqlar bunu dövlət qulluqçularının çoxsaylı güzəştləri, aylıq əmək haqlarının da tədricən artmasıyla izah edirlər.

Bundan başqa, bəzən dövlət idarəsində çalışmaqla yanaşı hansısa bizneslə də təhlükəsiz məşğul olmaq olur. Azərbaycanda burokratiyanın himayəsi biznesin gəlir gətirməsinin əsas şərtlərindən biridir.

Getdikcə daha çox adamın dövlət qulluğuna can atmasının başqa izahı da məhz bu ola bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG