Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:10

Azərbaycanda cinslər arasında bərabərliyin tərəfdarları çoxdur


Rəyi soruşulanların 63%-i artıq qadınların bərabər hüquqlar qazandıqlarını deyib
Rəyi soruşulanların 63%-i artıq qadınların bərabər hüquqlar qazandıqlarını deyib
WorldPublicOpinion.org dünyanın müxtəlif ölkələrində qadın və kişilərin hüquq bərabərliyinin vəziyyəti və yerli əhalinin cinslər arasındakı bərabərliyə münasibətini öyrənib. Sorğunun Beynəlxalq Qadınlar Günü ərəfəsində - martın 6-da yayılan nəticəsində qeyd edilib ki, qadınlarla kişilər arasında hüquq bərabərliyi artıq bütün dünyada əksəriyyətin qəbul etdiyi bir normadır.

Təşkilat 22 ölkədə, ö cümlədən də Azərbaycanda sorğu keçirib. Nəticələrə görə, məsələn, Azərbaycanda cinslər arasında bərabərliyin tərəfdarları kifayət qədər çox – 85%-dir.

WorldPublicOpinion.org Azərbaycanda apardığı sorğunun nəticələrinə əsasən qeyd edir ki, bu ölkədə rəyi soruşulanların 63%-i artıq qadınların bərabər hüquqlar qazandıqlarını deyib. Onların yalnız 18%-i bildirib ki, öz həyatı boyu qadın hüquqlarının təmin olunmasında ciddi dəyişiklik görməyib.
Azərbaycanda respondentlərin 66%-i hesab edir ki, hətta dövlətlərin suverenliyinə müdaxilə kimi qiymətləndirilsə belə, BMT dünyada qadınlarla kişilər arasında hüquq bərabərliyini təmin etmək üçün ciddi addımlar atmalıdır. Yalnız 23%-i bildirib ki, BMT-nin bu cəhdləri ölkənin daxili işlərinə qarışmaq olardı.

ABŞ-da yerləşən WorldPublicOpinion.org müxtəlif problemlər üzrə ictimaiyyətin səsini çatdırmaq üçün dünya üzrə sorğular aparır.

Təşkilatın Azərbaycan üzrə nəticələrini Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bölüşmür. Novella xanım hesab edir ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsi rəsmi sənədlərdə təmin edilsə də, reallıqda buna əməl edilmir:

«Baxın görün, nə qədər deputat var, nə qədər nazir var. Mən istərdim ki, heç olmasa, bir neçə il qadınlara hökumətdə xüsusi kvotalar ayrılsın. Onda görərlər ki, nə qədər bacarıqlı qadınlar var».
N.Cəfəroğlu deyir ki, qadın hüquqlarının müdafiəsi sahəsində bir qədər irəliləyiş onların öz hüquqlarını bilmələri sahəsindədir. Artıq sovet dövrü ilə müqayisədə daha çox qadın öz hüquqlarının bərpasına zərurət yarananda polisə müraciət edə bilir.

Qadın problemləri ilə bağlı bir sıra layihələrdə çalışmış psixoloq Azad İsazadə isə hesab edir ki, indi Azərbaycanda qadınların hüquqlarını daha çox elə qadınların özləri pozurlar:

«Fikir verin, sərbəst qadına başqa qadınlar necə baxırlar. Onları başqa qadınlar daha çox özlərindən itələyirlər, nəinki kişilər. Kişilər uzaqbaşı deyirlər ki, mənim arvadım, qızım, bacım belə olmasın. Amma qadınlar sərbəst gördükləri həmcinslərinə qarşı daha aqressiv olurlar».

A.İsazadə hesab edir ki, Azərbaycanın yazılı qanunlarında cinslər arasında ayrı-seçkilik var, amma qadınların xeyrinə. Psixoloq deyir ki, əmək, istirahət, ailə hüquqları sahəsində Azərbaycan qanunları qadınlara kişilərdən daha çox da hüquq verir. Amma sosial, ailə münasibətlərində bu qanunlar o qədər də işləmir.
XS
SM
MD
LG