Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:38

Səlim Müslümov pensiyaçıları əmin edir


Masallıda pensiya veriləndə... Fotonu oxucumuz Mirzə Ramil yollayıb

Masallıda pensiya veriləndə... Fotonu oxucumuz Mirzə Ramil yollayıb

Pensiyaçılar mart ayının təqaüdünü Novruz bayramına kimi ala biləcəklər. Bu vədi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov verir.

O deyir ki, əgər qlobal maliyyə böhranı Azərbaycanda ciddi problemlər yaratsa belə, bu, pensiyaların ödənilməsinə təsir göstərməyəcək. Bəzi iqtisadçılar isə bu sözləri siyasi populizm kimi qiymətləndirirlər.

S.Müslümov martın 6-da keçirdiyi mətbuat konfransında bildirdi ki, ötən il DSMF-nın vəsaiti 1 milyard 400 miyon manata yaxın olub. Fond bu pulun 90 faizə qədərini pensiya ödənişlərinə xərcləyib. Ötən ildən DSMF-da 100 milyon manatdan bir qədər artıq vəsait qalıb.

S.Müslümov deyir ki, əgər qlobal böhranın sərt küləyi Azərbaycanda hiss olunsa, onların təqaüdçülərin pensiyasını ödəmək imkanları var:

- Əsasən məcburi sığorta yığımı büdcə təşkilatlarının hesabınadır. Sizə də əvvəldən dedim ki, 112 milyon manat ehtiyatımız var. Bu qədər az məbləğ daxil olsa belə, biz maliyyələşməni apara biləcəyik. Qeyri-büdcə təşkilatlarının da ödəmələrini il ərzində 735 milyon manat proqnozlaşdırmışdıq. Bu da olsun təxminən 543 milyon manat. Güman edirəm ki, qeyri-büdcə təşkilatlarının ödədiyi vəsait çox azalmaz.

Dövlət Sosial Müdafiə Fondu
S.Müslümov deyir ki, büdcəyə yenidən baxılarsa, DSMF-ya hökumətin ayırdığı vəsaitin məbləğinə toxunulmayacaq və təqaüdçülər bu il öz pensiyalarını vaxtlı-vaxtında ala biləcəklər.

Amma təqaüdçülər pensiyanın məbləğində artım gözləməsinlər. Çünki Fondun sədri deyir ki, ölkədə əsasən qiymət ucuzlaşması müşahidə olunduğundan təqaüdlərin artırılmasına ehtiyac görmürlər. Ancaq inflyasiya yaranarsa, bu barədə düşünmək üçün maliyyə ehtiyatları var.

Amma elə burda bəzi iqtisadçılar deyirlər ki, rəsmi şəkildə etiraf olunmasa da, artıq qeyri-büdcə təşkilatlarından məcburi sığorta pullarının yığılmasıyla bağlı problemlər yaranıb və məcburi sığorta yığımının kəskin aşağı düşməsi gec-tez özünü göstərəcək.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev də S.Müslümovun qlobal problemin Azərbaycanda pensiya ödənişinə təsir göstərməyəcəyi fikirlərini bölüşür, amma deyir ki, bu gözlənti yalnız bu il üçün keçərlidir:

Azər Mehtiyev
- Proqnozlara görə, qlobal maliyyə böhranı Azərbaycanda ilin ortalarında dərinləşə bilər. Hər hansı səbəbdən büdcənin gəlirləri üzrə proqnozlar özünü doğrultmasa, nəzərdə tutulur ki, Dövlət Neft Fondundan ayırmalar hesabına sosial öhdəliklər yerinə yetirilsin. Ona görə də mümkündür ki, büdcə sosial öhdəlikləri yerinə yetirsin.

A.Mehtiyevin sözlərinə görə, böhran dərinləşəcəyi təqdirdə, 60 faizi büdcə təşkilatlarının hesabına formalaşdırılan DSMF üçün də çətin olacaq:

- Əməkhaqlarının ödənişində problem yarana bilər. Bu da öz növbəsində məcburi sığorta haqqı yığımına təsir göstərə bilər.

İqtisadçı Rövşən Ağayev isə bütün gözlərin Dövlət Neft Fonduna tikilməsini «təhlükəli gözlənti» adlandırır. Onun fikrincə, Neft Fondunun pulları aşıb-daşmır ki, bütün xərclərin öhdəsindən gəlsin.

Manatın ucuzlaşmasıyla bağlı məsələyə də toxunan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyir ki, indiki halda valyuta bazarına müdaxilə qaçılmazdır. Əks təqdirdə bunun ziyanını daha çox pensiyaçılar çəkəcək.

Azərbaycanda 1 milyon 200 minə yaxın əmək pensiyaçısı var.

Şərhləri göstər

XS
SM
MD
LG