Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:55

«Manat ucuzlaşsa, milyonlarla insan əziyyət çəkər»


Deputat deyir ki, manatın ucuzlaşması məsələsində kifayət qədər spekulyativ maraqlar mövcuddur
Deputat deyir ki, manatın ucuzlaşması məsələsində kifayət qədər spekulyativ maraqlar mövcuddur
«Ekspress»: Bu günlərdə Milli Bankın uçot dərəcəsini 3 faizə endirib. Bunun ölkənin bank sektoru və fond bazarı üçün hansı perspektivlər vəd etməsi ilə bağlı «Ekspress»in suallarını Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Nazim Məmmədov cavablandırıb.

«Nəzəri baxımdan, milli valyutanın ucuzlaşmasının ölkənin ixrac potensialını artırılması və daxili istehsalın stimullaşdırılması kimi qiymətləndirilsə də, iqtisadi əsasların kifayət qədər olmamasından Azərbaycan iqtisadiyyatında buna yol vermək olmaz. Çünki bu məsələdə kifayət qədər spekulyativ maraqlar mövcuddur. Xarici ölkələrin pul əskinazlarına biz bir əmtəə kimi yanaşmalıyıq. Xarici iqtisadi əlaqələrlə məşğul olmayan adi insanlara xarici valyutanın kursunun hansı səviyyədə olması təsir etməməlidir. Əgər, doğrudan da vəsait xərclənirsə, deməli daha çox itirəcəyimizi önləmək üçün bu siyasəti aparırlar. Ajiotaj fonunda bir qrup insanlar manatın «süni» ucuzlaşmasında astronomik gəlirlər əldə edə bilərlər, ancaq milyonlarla insan bundan əziyyət çəkər. Qısa müddətli hər hansı bir proqnozu vermək daha asandır, nəinki iqtisadi böhran zamanı uzun müddətli proqnoz vermək. Ancaq onu demək mümkündür ki, istənilən böhran zamanı insanlar daha qənaətcil olurlar, xərclər mümkün qədər azalır, buna adekvat olaraq inflyasiya templəri də azalır».

«Azadlıq» qəzeti: «Əgər referendum kampaniyası dayandırılmasa, seçiciləri referenduma getməməyə çağıracağıq». Müsavat başqanı İsa Qəmbər belə deyib:

«Önəmli bir referendum keçirilirsə, cəmiyyətdəki bütün siyasi qüvvələr, ictimai təşkilatlar, əslində bütün vətəndaşlar müzakirələrdə iştirak edib mövqeyin bildirmək imkanına malik olmalıdırlar. Təşviqat qruplarının yaradılması ideyasını hakimiyyət müzakirələri məhdudlaşdırmaq üçün ortaya atıb. Biz hələlik referendumu dayandırmağa çağırış edirik. Əgər bu çağırış qəbul olunmasa, seçiciləri referenduma getməməyə çağıracağıq. Amma indiki mərhələdə təbliğat kampaniyasında sona qədər iştirak etmək niyyətimiz var. Qanunvericilik bunu qətiyyən məhdudlaşdırmır».

«Üç nöqtə»: «Heç bir ölkədə ideal seçkilər olmur». Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədr müavini Gültəkin Hacıbəyli belə hesab edir:

«Ümumiyyətlə, seçkilər oldu-olmadı, seçki qanunvericiliyi mütəmadi olaraq təkmilləşir, inkişaf edir. Yəni, zamanın, dövrün tələblərinə uyğun olaraq istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə daim müəyyən dəyişikliklər etmək, orada hər zaman islahatlar aparmaq mümkündür. Ancaq bir daha qeyd etmək istəyirəm ki, seçki qanunvericiliyində hansı islahatlara ehtiyac olacağını, Seçki Məcəlləsində hansı dəyişikliklərin edilməsinin gerçəkləşməsi zərurəti yaranacağını zaman göstərəcək. Odur ki, indi zamanı qabaqlamaq, tələsik fikir söyləmək, addım atmaq düzgün olmaz».

«Yeni Azərbaycan»: «Miqrasiyanın idarə edilməsi ilə əlaqədar məsələlər Azərbaycan dövlətinin diqqət mərkəzindədir», - Azərbaycan Prezidentinin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbənin müdiri Fuad Ələsgərov belə deyir.

«Güclü iqtisadi inkişaf Azərbaycanı əcnəbilər üçün cəlbedici edib. Buna həm də sabit siyasi-iqtisadi durum, ölkədə ictimai-siyasi nizam və təhlükəsizlik, Azərbaycan cəmiyyətində mövcud olan tolerantlıq da yardım edir», - deyə şöbə müdiri bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG