Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:18

Müxalifətçilərin maşınını çevirdilər


Bu gün “Respublikaçılar” təşviqat qrupunun nümayəndələrinə qarşı Bakıda zorakılıq olub. “Turan” informasiya agentliyinin məlumatına görə günorta saatlarında Müsavat Partiyasının üzvü Cavid Hacıbəyli və Elman Fəttah “Respublikaçılar” təsviqat qrupunun təbliğat plakatını 54 saylı orta məktəbin qarşısındakı xüsusi lövhəyə yapışdırarkən onlara hücum edilib.

Elman Fəttahin dediyinə görə, 54 saylı məktəbin təsərrüfat müdiri Murad Novruzovun başçılığı ilə 100-ə yaxın yuxarı sinif şagirdi onlara hücum edib.

Müsavatçılar canlarını qurtarmaq üçün qaçıb Elman Fəttahın maşınına miniblər. Amma Murad Novruzov və onun əmrini yerinə yetirən şagirdlər onlardan əl çəkməyiblər. Onlar Elman Fəttahın maşınını qaldırıb yana çeviriblər.

Hadisə yerinə polis gəlib. Murad Novruzovu və hər iki müsavatçını Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə aparıblar.

Murad Novruzov həm də 7 saylı seçki məntəqəsinin üzvüdür. “Respublikaçılar” təsviqat qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının “Turan”a verdiyi məlumata görə, onlar Dairə Seçki Komissiyasına və Mərkəzi Seçki Komissiyasına rəsmi şikayət göndəriblər.

Elman Fəttah həm də zorakılığa və əmlakının zədələnməsinə görə cavabdehlərin cəzalandırılmasını tələb edir.

Xəbərdə adı hallanan Bakıdakı 54 saylı orta məktəbin təsərrüfat müdiri Murad Novruzovla əlaqə saxlamaq mümkün olmayıb.
XS
SM
MD
LG