Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:46

«Kişi deputatlar qadınlara aid qanunlara mane olur»


Ölkədə qadınlara qarşı zorakılıq problem olaraq qalır

Ölkədə qadınlara qarşı zorakılıq problem olaraq qalır

Milli Məclisdə ailədaxili zorakılığa qarşı qanun hazırlanıb və hüquq müdafiəçiləri bunu müsbət hal sayırlar. Amma Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir ki, belə bir qanunun qəbulu azdır, Cinayət Məcəlləsinə də əlavələr edilməlidir:

«Polislər bizimlə söhbətlərində etiraf edirlər ki, onlara həyat yoldaşlarının zorakılığına məruz qalan onlarla qadın müraciət edir. Amma Cinayət Məcəlləsində ayrıca maddə olmadığı üçün polislər bununla bağlı ölçü götürmürlər».

ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə aid son hesabatında da bildirilir ki, ölkədə qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı problem olaraq qalır. Rayon yerlərində qadınlar ərlərinin onlara qarşı zorakılığının qarşısını almaq üçün təsirli vasitələrə malik deyillər. Zorlama və məişət zorakılığının qurbanlarına kömək üçün dövlət tərəfindən maliyyələşdirilən proqramlar yoxdur.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova «Azadlıq» radiosuna deyir ki, ailədaxili zorakılığa qarşı mübarizəni çətinləşdirən həm də Azərbaycan cəmiyyətində qərar verən postlarda daha çox kişilərin təmsil olunmasıdır:

«Bir çox kişilər hesab edirlər ki, ailədaxili zorakılığa qarşı qanunun qəbul edilməsi milli mentalitetə uyğun deyil, boşanmaların sayını artıra bilər. Bunu mən Milli Məclisin bir kişi deputatından eşitmişəm. Ümumiyyətlə, parlamentdə kişi deputatların sayı daha çox olduğu üçün qadın hüquqlarına aid qanunlar çətin keçir».

«Təmiz Dünya» qeyri-hökumət təşkilatının rəhbəri Mehriban Zeynalova isə deyir ki, ailədaxili zorakılıq həm də Azərbaycanda fahişəliyin artmasının əsas səbəbidir. Onun bildirdiyinə görə, ailədaxili zorakılığa dözə bilməyən bəzi qadınlar cinayətə də əl atırlar, ərlərinə qəsd edirlər.

ABŞ Dövlət Departamentinin hesabatında bildirilir ki, fahişəlik də Azərbaycanda ciddi problemdir, xüsusən də Bakıda. Azərbaycan qanunlarına görə, fahişəlik cinayət yox, inzibati hüquqpozmadır, 88 manat (təxminən 100 dollar) məbləğində cərimə ilə cəzalandırılır. Aradüzəldənlər və fahişəxana sahibləri isə 6 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Mehriban Zeynalova problemlə mübarizədə QHT-lərin də fəal olmadığını deyir:

«Bəzi QHT-lər fahişəlik yoluna düşən qadınlarla işləməyi ayıb bir iş sayırlar. Halbuki onlar da qadındır, öz problemləri var».

«Təmiz Dünya» Mərkəzinin rəhbəri deyir ki, fahişəlik yoluna düşən qadınların çox vaxt öz peşələri, savadları, yaxud evləri olmur, bu isə onların fahişəliyin çəngindən qurtarmağa mane olur.

ABŞ Dövlət Departamentinin hesabatında o da qeyd edilir ki, keçən il Azərbaycanda nə qədər qadının zorlandığı məlum deyil. Azərbaycanın dövlət orqanları bununla bağlı hər hansı statistika açıqlamayıb. 2007-ci ildə isə 86 zorlama faktının qeydə alındığı bildirilir.

Hesabatda deyilir ki, zorlama qurbanlarının çoxu onları zorlayanları tanısa da, bunu ya qorxularından, ya da rüsvay olmaqdan çəkinərək gizli saxmağa üstünlük verirlər. Zorlama cinayətinə görə, 15 ilədək həbs cəzası nəzərdə tutulub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG