Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:18

Təkpartiyalı sistemə doğru...


Yeni Azərbaycan Partiyası sovetlər vaxtında olduğu kimi, özünü az qala cəmiyyətin «avanqard və hərəkətverici qüvvəsi» elan edib
Yeni Azərbaycan Partiyası sovetlər vaxtında olduğu kimi, özünü az qala cəmiyyətin «avanqard və hərəkətverici qüvvəsi» elan edib
İndi Azərbaycanda siyasi partiyaların mövcudluğu və fəaliyyət imkanları ən çox maraq doğuran problemlərdən biridir. Təxminən 15 il bundan əvvəlki dövrü yada salsaq, siyasi partiyalar, xüsusən də, müxalifət partiyaları indikindən qat–qat güclü idi, hakimiyyətə real təsirləri məhdud olsa da, hər halda siyasi aksiyalar keçirə bilir, müəyyən mənada cəmiyyəti səfərbər etməyi bacarırdılar. Elə seçkilər zamanı da müxalifət partiyaları hər dəfə yüksək nəticələr göstərə bilirdilər. Düzdür, məlum səbəblərdən üzündən, seçkilər mütəmadi olaraq saxtalaşdırıldığından bu nəticələri reallaşdırmaq mümkün olmurdu. Hər halda müxalifət partiyaları «ciddi təzyiq» qrupları rolunu oynaya bilirdilər. Hər seçkidən sonra müxalifət partiyalarını zəiflətmək üçün böyük addımlar atılıb. 1998-ci ildə AMİP, 2003-cü ildə Müsavat, 2005-ci ildə isə AXCP mənzil-qərargahdan məhrum oldular.

Müxalifət partiyaları, demək olar ki, bütün təsir imkanlarını itiriblər, yerli elektron-informasiya vasitələrinə onların çıxışı yoxdur, ancaq qəzetlər vasitəsilə ölkədə baş verən proseslərə münasibət birdirirlər. Aksiyalardan isə danışmağa dəyməz-2003-cü ildən bu vaxta qədər «sərbəst toplaşmaq» hüququ nəinki siyasi partiyalar, QHT-lər və hətta jurnalistlər üçün yasaq edilib. Aksiya keçirmək üçün hakimiyyət elə ünvanlar təklif edir ki, həmin yerlərdə toplaşmaq, güclü mitinqlər keçirmək mümkün deyil.

Beləliklə, ölkədə faktiki olaraq təkpartiyalı siyasi sistem özünü təsdiq etməkdədir. Hakim Yeni Azərbaycan Partiyası sovetlər vaxtında olduğu kimi, özünü az qala cəmiyyətin «avanqard və hərəkətverici qüvvəsi» elan edib. Amma onun bu gücü necə qazanması hamıya bəllidir. Bu üsul xüsusən də büdcə təşkilatlarında özünü daha bariz nümayiş etdirir.

Təkpartiyalı sistem, qeyri–məhdud hakimiyyət, faktiki olaraq sülalə üsul-idarəsi - bugünkü reallıq budur. İnsanların böyük əksəriyyəti ürəklərində hakimiyyətdən narazı olsalar da, bunu aşkar şəkildə biruzə verməkdən çəkinirlər. Cəmiyyətin çox kiçik bir qismi ölkədə aparılan siyasətə etirazını bildirir.

Karl Popper yazırdı ki, hələ heç kimə siyasi partiyalar olmadan demokratiya qurmaq nəsib olmayıb. Təbii ki, tanınmış filosof və demokratiya nəzəriyyəçisi olmuş bu şəxsin xəbərdarlığı hakim partiya üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Onlar uzun müddət hakimiyyətdə qalmaq və siyasi kürsüləri öz övladlarına təhvil vermək əzmindədirlər.

Bəlkə də belə bir hal təsadüfi deyil. Əgər cəmiyyətin siyasi mədəniyyəti və vərdişləri, eləcə də azadlıq hissi güclü deyilsə, hansı partiyanı yaradırsansa yarat, son nəticədə o gəlib kommunist partiyasının prototipinə çevriləcək
Bunun üçün hətta xaricdən analoqlar tapırlar. Düzdür, xaricdə də ata ilə oğulun, hətta ata ilə qızın hakimiyyətdə olmasına təsadüf olunur. Amma orada bütün bunlar demokratik seçkilər vasitəsilə baş verir.

Onu da qeyd etmək lazımdır ki, formal olaraq ölkədə çoxpartiyalı sistem mövcuddur, onlarla siyasi partiya qeydiyyatdan keçib. Amma hələ kommunistlərin hakimiyyətdə olduğu vaxtda da bəzi sosialist ölkələrində formal olaraq digər partiyalar da var idi. Amma onların hamısı əsas partiya üçün, sadəcə «peyk partiyaları» rolunu oynayırdılar.

Cənubi Qafqazın «analoqu olmayan» ölkəsində də belə bir siyasi arxitektura bərqərar olmaqdadır, çoxlu sayda kiçik partiyalar var ki, onlar həm plüralist cəmiyyət görüntüsünü yaradır, həm də siyasətdə iştirakı özlərinin dolanışıq vasitəsinə çeviriblər.

Təkpartiyalı sistemin hansı fəsadlara gətirib çıxaracağı da hamıya yaxşı məlumdur. Bunun üçün uzağa getmək lazım deyil–keçmiş SSRİ-nin təcrübəsini xatırlamaq kifayətdir. Hətta kommunistlər də bir gün başa düşdülər ki, daha ölkəni belə idarə etmək mümkün deyil və elə bu səbəbdən «yuxarılar»ın özləri siyasi və iqtisadi islahatlara start verdilər.

Bəlkə də belə bir hal təsadüfi deyil. Əgər cəmiyyətin siyasi mədəniyyəti və vərdişləri, eləcə də azadlıq hissi güclü deyilsə, hansı partiyanı yaradırsansa yarat, son nəticədə o gəlib kommunist partiyasının prototipinə çevriləcək.

Kommunistlər hətta vəziyyəti sadələşdirmək üçün bir prinsip də tapmışdılar- «demokratik mərkəziyyət»! YAP-da heç bu da yoxdur. «91-lər» kimi tanınan YAP-ın ilk qurucuları artıq bu partiyada təmsil olunmurlar. YAP-da ancaq daxili çəkişmələrdən danışmaq olar. Məmur qrupları və onlar arasında
gərgin mübarizə var. Belə rəqabət bütün totalitar və avtoritar siyasi sistemlərdə müşahidə olunub, buna hətta xalq arasında «kürsü davası» deyirlər. Bu halın özü də gec-tez siyasi sistemin böhranına gətirib çıxara bilər.

YAP ümumiyyətlə «maraqlı» partiyadır. Deyilənə görə, bu partiya yarandığı gündən öz nizamnaməsini dəyişməyib. Amma indi artıq ikinci dəfə əsas qanunu dəyişmək istəyirlər. Məqsəd də aydındır. Şərti olaraq ölkədə «demokratik prosedurla – seçki ilə pərdələnən monarxiya» qurmağa cəhd edirlər. Tutaq ki, qurdular. Bu, neçə il davam edəcək? Bu suala indi cavab vermək çox çətindir. İnsanları təəssüflənməyə vadar edən odur ki, demokratik dəyərləri axıra qədər qoruyub saxlamaq mümkün olmadı.

Amma nə etmək olar ki? Görünür, hər şeyi təzədən başlamaq lazım gələcək!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG