Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:59

Siyasi məhbuslarla bağlı rəqəmlər niyə fərqlidir?


2005-ci il dövlət çevrilişi və korrupsiya ittihamı ilə bağlı aparılan həbslər əslində siyasi motivli hesab olunur

2005-ci il dövlət çevrilişi və korrupsiya ittihamı ilə bağlı aparılan həbslər əslində siyasi motivli hesab olunur

Azərbaycan həbsxanalarında 60-a yaxın siyasi məhbus saxlanmaqdadır. Siyasi məhbusların əksəriyyəti 10-15 illiyinə azadlıqdan məhrum edilir, çox zaman bu cür qərarlar «icbari həbs» kimi qələmə verilir.

ABŞ Dövlət Departamentinin insan haqlarına dair illik hesabatında belə deyilir. Hesabata görə, Azərbaycanda hələ də siyasi məhbus hesab olunanların düzgün qiymətləndirilməsi mövcud deyil. Hesabatda yerli insan haqları təşkilatlarının siyahısında siyasi məhbus hesab olunanların sayının 27-57 civarında olduğu göstərilir.

Bəs, siyasi məhbus hesab olunan insanlarla bağlı rəqəmlər niyə belə fərqlidir?

Məsələn, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupuna görə, Azərbaycanda 28, Azərbaycan İnsan Hüquqları Müdafiə Təşkilatları Federasiyasına görəsə, 50-dən artıq siyasi məhbus var.

Hüquq müdafiəçisi Səidə Qocamanlı deyir ki, Monitorinq Qrupu federasiyadan fərqli olaraq, separatçı «Sadval» təşkilatının üzvlərini, metro partlayışında ittiham olunanları siyahıya daxil etmirlər:

«Monitorinq qrupuna daxil olan altı təşkilat belə qənaətə gəlib ki, biz kimi məhbus siyahısına daxil edirik, kimi yox. Ona görə də bizdə siyahı elə əvvəlcədən kiçik olub. Siyahıdakıların bir qismi son beş ildə həbs olunan jurnalistlər, nazirlər, nazirlərlə birgə həbs olunanlardır. Avropa Şurasına 2001-ci ildə təqdim olunan 716 nəfərlik ilk siyahıdan indi kifayət qədər az adlar qalıb».

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklərdən biri də, siyasi məhbus problemini həll etmək olub. Yəni onları ya azad etmək, ya da ikinci dəfə hüquq müdafiə təşkilatlarını qane edəcək təkrar məhkəmələrini keçirmək. Bu yaxınlarda isə AŞ PA qərar verib ki, Azərbaycana siyasi məhbus üzrə xüsusi məruzəçi təyin olunsun. Çünki bu öhdəliklər tam yerinə yetirilmir.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusa görə, məruzəçinin təyinatı vəziyyəti yüngülləşdirə bilər. Ancaq bəzi məqamlara da diqqət yetirilməlidir:

«İndi biz təklif edirik ki, təzə siyasi məhbuslarla məşğul olacaq məruzəçi daha geniş səlahiyyətə malik olsun. Qazamatda, polis şöbələrində, «şizo»larda qanunsuz rəftarlara, işgəncələrə baxsın».

Hüquq müdafiəçisi Səidə Qocamanlı isə hesab edir ki, məruzəçinin tək Azərbaycana deyil, Cənubi Qafqaz üzrə təyin olunması məqbuldur. Çünki bu problem digər ölkələrdə də aktualdır. Digər tərəfdən, S.Qocamanlı deyir ki, hökumət siyasi məruzəçinin təyin olunmasının qarşısını gecikmədən almalı, özü birinci addım ataraq, siyasi məhbus hesab olunanların hamısını Novruz bayramı ərəfəsində azadlığa buraxmalıdır:

«Tək Azərbaycan üzrə məruzəçinin təyin edilməsi düzgün deyil. Hardasa qərəzli mövqedir. Siyasi dustaqlar Ermənistan və Gürcüstanda da var. Ona görə Cənubi Qafqaz ölkələri üzrə yeganə vahid məruzəçinin təyin edilməsi məqsədəuyğun olar. Azərbaycan gərək məruzəçinin təyin edilməsinin qarşısını alsın. Çıxışlarla, müxtəlif ultimatumlarla yox, sadəcə siyahıda olan jurnalistləri, xəstə məhbusları azadlığa buraxmaqla».

Ancaq bu məsələylə bağlı Azərbaycan hökumətinin mövqeyi birmənalıdır. Hökumət ölkədə siyasi məhbusların ümumiyyətlə olmadığını, onların müəyyənləşdirilməsi ilə bağlı istinad edilən meyarların subyektiv xarakter daşıdığını bildirir.

Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov:

«Azərbaycanda siyasi məhbus yoxdur. Siyasi məhbus üzrə məruzəçi təyin etməyə Avropa Şurasının nə əsası, nə də zəmini var».
ABŞ Dövlət Departamentinin hesabatına görəsə, 2003-cü il prezident seçkisi ilə bağlı həbs olunan üç siyasi məhbus - Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun adları Avropa Şurası ekspertlərinin hesabatlarında qeyd olunsa da, onlar hələ də dustaq həyatı sürməkdədirlər.

2005-ci il dövlət çevrilişi və korrupsiya ittihamı ilə bağlı aparılan həbslər əslində siyasi motivli hesab olunur.

Hüquq müdafiəçilərinin fikrincə, Azərbaycanda siyasi məhbusların taleyi gələn ay keçiriləcək AŞ PA-nın yaz sessiyasından sonra da dəyişə bilər.

Şərhləri göstər

XS
SM
MD
LG