Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:52

Amerika eksperti referendum, Bakı-Ankara münasibətləri haqda


Vaşinqtondakı Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin eksperti, doktor Bülənt Əlirza
Vaşinqtondakı Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin eksperti, doktor Bülənt Əlirza
Vaşinqtondakı Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin eksperti, doktor Bülənt Əlirza deyir ki, Ermənistanla sərhədlərin açılması Bakı ilə Ankaranın münasibətlərini ciddi şəkildə korlaya bilər.

Türkiyənin Yerevanla münasibətləri normallaşdırmaq cəhdləri və bu istiqamətdə danışıqlarda Bakının maraqlarının arxa plana keçməsi ilə bağlı Azərbaycan narahatlıqlar davam edir. ABŞ Konqresində «erməni soyqırımı» iddialarının tanınmasının qarşısını almaq üçün Ankaranın Yerevanla dialoqları sıxlaşdırdığı vaxtda bunun Azərbaycan-Türkiyə münasibətlərinə mümkün təsirləri, eləcə də Azərbaycanda aparılan Konstitusiya dəyişikliyinə dair referendumun Vaşinqtonda nə qədər diqqətlə izlənməsi barədə «Azadlıq» radiosunun suallarına Vaşinqtondakı Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin eksperti, doktor Bülənt Əlirza cavab verir.

-Bülənt bəy, son zamanlar Türkiyənin xarici siyasətində bir dəyişikliklər edildiyi haqqında söhbət var. Ermənistanla yaxınlaşmadan, bu ölkə ilə diplomatik əlaqələrin qurulması üçün Türkiyənin sərhədlərinin açılması ehtimalı barədə söhbətlər dolaşır. Sizcə, bu mövzu Azərbaycanı narahat etməlidirmi?

-Azərbaycanla Ermənistanın münaqişəsi Ankara ilə Yerevan arasında yeganə problem deyil. Türkiyə «erməni soyqırımı» iddialarından, Yerevanın Türkiyə-Ermənistan sərhədini tanınamamasından narahatdır. Bundan da savayı, Azərbaycan torpaqlarının işğalda saxlanması və 1 milyondan artıq insanı evlərindən qaçqın salmasından da narahat olduğunu davamlı olaraq söyləyir.

Əgər Türkiyə Ermənistanla ikili bir anlaşmaya gedəcəksə və bu aradan Qarabağ münaqişəsində Azərbaycanın istədiyi və Türkiyənin də müdafiə etdiyi bir formada razılaşma olmayacaqsa, təbii ki, bu, Azərbaycanı narahat edər.

Amma Türkiyənin, xüsusilə də Tayyib Ərdoğanın iqtidara gəlməsindən bu yana «qonşularla sıfır problem siyasəti» var. Suriya ilə, Yunanıstanla problemləri yoluna qoydular. İranla, hətta, İraqla daha yaxın əlaqələr qurdular. Amma bircə ölkə ilə ciddi problemlər qalır, o da Ermənistandır. Türkiyə indi həm bu siyasət çərçivəsində Ermənistanla daha yaxşı əlaqələrə çalışır, həm də ABŞ Konqresində «soyqırım» mövzusu açılanda «baxın, biz Ermənistanla əlaqələr yaradırıq, siz həmin iddiaları tanımayın, çünki, bu, Yerevanla əlaqələri pozacaq» tezisini hazırlamaq istəyir.

-Bakıda isə belə fikirlər səslənir ki, Türkiyə artıq Ermənistanla dialoqunda Qarabağ məsələsini bir şərt kimi qoymur. Bunu söyləmək mümkündürmü?

-O nöqtədə deyilik. Türkiyədə əvvəllər də buna bənzər cəhdlər olub. 1996-cı ildə Məsud Yılmaz baş nazir olanda xüsusilə Vaşinqtonun təşviqi ilə o da Ermənistanla sərhədin açılmasını istədiyini söyləmişdi. Amma sonradan Məsud Yılmaz Heydər Əliyevlə görüşdü və Türkiyə həmin istəyindən geri çəkildi. Yəni, Türkiyə Ermənistanla əlaqələrdə bir nöqtəyə qədər gedir, Azərbaycan bundan razı qalmadığını deyəndə, onun həmin istəyi, Türkiyənin hərəkətlərinə təsir edir. Məncə, bu məsələdə Türkiyənin çalışdığı budur ki, Ermənistanla münasibətləri bir qədər inkişaf etdirərkən eyni zamanda da Minsk qrupu həmsədrlərinin apardıqları prosesə paralel olaraq Ermənistanla Azərbaycan arasındakı danışıqları daha da inkişaf etdirsin. Əlbəttə, bu çox çətin olacaq. Asan iş olsaydı, Qarabağ məsələsi çoxdan həll edilərdi. Qarabağ məsələsi həll edilmədən, Türkiyə Ermənistanla əlaqələrini yeni mərhələyə qədər inkişaf etdirsə, hətta sərhədlərini açarsa, məncə, Bakı ilə Ankara arasında çox ciddi problem yaranar.

-Sizin bildiyiniz qədər Türkiyənin Azərbaycanla əlaqələri hazırda nə yerdədir?

-Azərbaycan həm Ermənistanla münaqişədə, həm də İran və Rusiya ilə münasibətlərində tarazlıq yaratmaq üçün Türkiyənin yanında olmasını istəyir. Türkiyə də Azərbaycanın neft və qazına çox önəm verir. Bundan da savayı, bölgədə ona ən yaxın ölkə Azərbaycandır.

Xəzərin o yanındakı Orta Asiyanın türk respublikaları çox uzaqdadırlar. İnsanları da Türkiyədə başa düşülmür. Amma Azərbaycanla Türkiyənin vətəndaşları bir-biri ilə də danışa bilirlər. Yəni, çox ciddi bir yaxınlıq var. Amma Ermənistanla indiki dialoqun Bakı ilə Ankara arasında davamlı bir problem olmaq təhlükəsi də var. Məncə, Azərbaycanla Türkiyə mütləq bunun öhdəsindən gələcək.

-Bu yaxınlarda Azərbaycanda Konstitusiya dəyişikliyi üçün referendum olacaq. Konstitusiyanın dəyişdirilməsindən sonra İlham Əliyevin iki dəfə deyil, daha çox prezident olmaq imkanı yaranacaq. Bu mövzu Vaşinqtonda necə izlənir?

-Corc Buş dönəmində Yaxın Şərq regionda demokratiyanı daha da inkişaf etdirmək layihəsi vardı. Vaşinqton İraqdan sonra Misir, Səudiyyə Ərəbistanı, İordaniya kimi avtoritar ölkələrdə daha demokratik bir idarəetmə istədiyini söyləyirdi. Amma Buşun hakimiyyətinin son illərində bundan vaz keçildi. Həmin ölkələrlə yaxın bir dialoqa qatıldı. Bu ölkələrdəki demokratlar çox narahat oldular. Eyni şey Azərbaycan və başqa keçmiş sovet respublikaları üçün də söylənə bilər.

Bunun səbəbi Obamanın demokratiyaya inanmamasında deyil. Əksinə, məncə, Obama demokratiyaya Buşdan daha çox inanan bir prezident olacaq. Amma ABŞ-dakı iqtisadi böhran o qədər çətindir ki, onunla məşğul olarkən, eyni zamanda da Azərbaycan və digər ölkələrdəki demokratiya problemlərinə xüsusi diqqətlə yanaşmaq məncə, azı indiki dövrdə o qədər də real deyil.
XS
SM
MD
LG