Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:18

«Musa Nağıyevin adını qaytarın»


«Musa Nağıyevin adı milyonçunun tikdirdiyi, hazırda 1 saylı xəstəxananın yerləşdiyi obyektə qaytarılmalıdır». Bunu neft milyonçusunun nəvəsi Dilarə Nağıyeva deyir. «Can Bakı»ya müraciət edən D.Nağıyeva bildirir ki, 2005-ci ilin sonunda etibarən Təcili Yardım Xəstəxanasından babasının adı götürülüb. Milyonunun nəvəsi Səhiyyə Nazirliyinin bu qərarını düzgün saymır:

«1992-ci ildə - hələ sovet hakimiyyəti dövründə qərar verilib ki, hər bir respublikada təcili yardım xəstəxanası yaradılsın. Həmin vaxt bu xəstəxanaya Musa Nağıyevin adı verilib. Lakin 2005-ci ilin sonunda ad götürülüb. İndi mən Nazirlər Kabinetindən məktub almışam ki, adın verilməsi ilə bağlı 342 saylı qərar hələ də qüvvədədir, ad götürülməli deyildi».

D.Nağıyeva indiyə qədər bu məsələ ilə bağlı dəfələrlə Prezident Aparatına, Nazirlər Kabinetinə, Səhiyyə Nazirliyinə şikayət edib. Amma hər dəfə də Səhiyyə Nazirliyi şikayətləri Bakı şəhər Baş Səhiyyə İdarəsinə göndərir:

«Bakı şəhər Baş Səhiyyə İdarəsinin isə bu məsələdə səlahiyyəti yoxdur. Sonuncu dəfə nazirlikdən mənə cavab verdilər ki, müstəqil fəaliyyət göstərmədiyinə görə ad götürülüb. Onsuz da indi 1 saylı xəstəxana adsız qalıb. Verin də, Musa Nağıyevin adını. Axı bu kişi Bakıda dörd xəstəxana tikdirib».

Əvvəllər Musa Nağıyevin adını daşıyan Təcili Yardım Xəstəxanası 1 saylı şəhər Kliniki Xəstəxanası ilə birləşdiriləndən sonra Kliniki Tibbi Mərkəz, daha sonra isə 1 saylı xəstəxana adlandırılıb.

Səhiyyə Nazirliyi xəstəxanaya Musa Nağıyevin adının qaytarılması məsələsinin onların səlahiyyətində olmadığını bildirir. Nazirlər Kabinetindən D.Nağıyevaya göndərilən məktubda isə bildirilir ki, Musa Nağıyevin səhiyyə quruculuğu sahəsindəki xidmətlərini nəzərə alaraq onun adının Kliniki Tibbi Mərkəzə verilməsi məqsədəuyğun hesab olunur.
XS
SM
MD
LG