Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:37

100-cü binanı kim tikəcək?


Ağa Musa Nağıyevin Bakıda tikdirdiyi binalardan biri - İsmailiyyə (Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası)

Ağa Musa Nağıyevin Bakıda tikdirdiyi binalardan biri - İsmailiyyə (Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası)

...1919-cu il martın 4-də Bakı milyonçusu Ağa Musa Nağıyev 77 yaşında dünyadan köçür. Köçərkən, o da, hamı kimi, yığdıqlarını, qurduqlarını bu dünyada qoyub gedir. Lap iraq-iraq, aparmalı olsaydı belə, Ağa Musa o qədər mal-dövləti necə daşıyacaqdı?!.

Bütün ömrünü Parisdə yaşamış nəvəsi Ümbülbanunun (Banin) çox sonralar yazdığına görə, babasının Bakıda 70-ə yaxın, nəvəsi Dilarə xanıma görəsə, 100-ə yaxın imarəti vardı (100 rəqəmini yadda saxlayaq!). Başqa bir yazıçının eşidib yazdıqlarına dayansaq, o, var-dövlətdə Hacı Zeynalabdindən geri qalmırdı, hətta üstün idi və ömrünün sonuna yaxın sərvətinin dəyəri 70 milyon qızıla çatmışdı.

Ağa Musanın imarətlərini sayıram:

28 may küçəsindəki qoşa imarətlər;

yenə həmin küçədəki qırmızı kərpicdən tikilmiş əzəmətli bina;

Opera Teatrının yanındakı yaşayış binası;

Ağa Musa Nağıyevin tikdirdiyi yaşayış binası
köhnə Mərkəzi Poçt;

Nigar Rəfibəyli küçəsindəki yaşayış binası;

İndi Ağa Musanın adını daşıyan xəstəxana (keçmiş Semaşko xəstəxanası);

Zabitlər evi;

İstiqlaliyyət küçəsindəki Real Məktəbin binası;

İsmailiyyə (Milli Akademiyanın Rəyasət Heyəti yerləşən bina;
Və s.

...Bu qədər sərvət sahibi ikən, onun xəsisliyi barədə rəvayətlər bütün şəhəri dolaşırmış. Amma Bakıda çıxan qəzetlər yazırmış ki, Ağa Musa Nağıyev müsəlman xeyirxahlarından ən səxavətlisidir. Nədən? O üzdən ki, xeyriyyə cəmiyyətlərinə yarım milyon pul verib.

...Ağa Musanın yeganə oğlunun nakam taleyi bir yana, üstəlik, qızı da doğuş zamanı ölür... Beləcə, qardaşı oğlu Fərəci oğulluğa götürür. Və bu Fərəc hansı sənəti seçsə yaxşıdır? – aktyorluğu!.. Və o, illər ötəcək, Azərbaycanda qaravəlli teatrını yaradacaq. Hələliksə sürgündə də teatr sevdasını yaşadır. Və 50-ci illərdə doğma şəhərinə dönəndə, Ağa Musaya – sonrakı atasına məxsus imarətin dar bir bucağına sığınır (sovetlər ona burada «ev» verirlər). Dilarə xanım hələ də o «ev»də yaşayır.

Ağa Musa Nağıyevin tikdirdiyi yaşayış binası
Baninin taleyini bilirsiniz...

...1918-ci ilin mart qırğınında «İsmaiıliyyə» topa tutulub yandırılır (dəlmə-deşiklər indiyədək qalıb). Ağa Musa sevimli oğlunun adını daşıyan binanın dağılmasına dözə bilmir... Dərdə düşüb ölür!..

Yeri gəlmişkən, milyonçu Ağa Musa ölümünə inanmazmış. Bir dəfə özünün tikdirdiyi 7 mərtəbəli «Novaya Yevropa» otelini göstərib Hacı Zeynalabdinə deyib: «Mən ölməyəcəyəm. Ölsəydim, bu qədər xərc töküb o mülkü tikdirməzdim!..»

...Əlqərəz, samançının milyonçu oğlu öldü!.. 100-cü binanı tikdirmək ona qismət olmadı. 98, bəlkə də 99 binanı yadigar qoydu, 100-cüyə fürsət tapmadı...

... İndi 21-ci əsr xırdalanır. Görəsən bu əsrin adsız Bakı milyonçuları 22-ci əsrə nə qoyub gedəcəklər? Xaricdən öz bağları üçün gətirdikləri (adamyeyən?) timsahları? Ağ canavarları? Şəxsi zooparkları?

Düzü, daha önəmli başqa sualdır: Görəsən, o 100-cü binanı kim tikəcək?

Doğrudan a, şərhiniz varsa yazın, görək o binanı kim tikəcək?

Şərhləri göstər

XS
SM
MD
LG