Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:22
Barak Obama hər səhər işə başlayanda ona Ağ Evə daxil olan minlərlə poçtdan yalnız 10 məktub təqdim edirlər.

Orta hesabla hər gün prezidentin ünvanına 40 minə yaxın məktub gəlir.

«Vaşinqton Post» yazır ki, Ağ Evdə keçirdiyi ilk 40 gün ərzində prezident Obamanın vətəndaşlarla əsas ünsiyyəti vasitəsi elə bu məktublardır.
Əhalidən gələn informasiya ilə işə prezident administrasiyasının 100 əməkdaşı cəlb olunub.

Bu heyətin ən çətin vəzifələrindən biri də on minlərlə məktubun içindən Obamanın hər gün oxuduğu 10 məktubu seçməkdir.
3 xəttat isə hər gün prezidentin dəvət və təşəkkür məktublarını yazır.

Prezidentin 2 cangüdəni onunla addımlayaraq jaketini saxlayır, telefon zənglərinə cavab verir və lazımi anda dodaq çatlamasına qarşı olan tibbi dodaq kremini ona təqdim edirlər.
Prezident Ağ Evdə Konqres üzvləri ilə iqtisadi məsələləri müzakirə edir. 23 yanvar 2009


Bu heyət elə bu qaydada on illər ərzində Ağ Evdə məskunlaşan prezidentlərə xidmət ediblər. Lakin Barak Oabamanın məşhurluğu Ağ Evdə daha çox gözətçi tələb edib. Çünki ölkənin daha çox diqqət mərkəzində olan Afrika əsilli ilk prezidenti Obamadan avtoqraf, müsahibə istəyən, foto çəkilməsini xahiş edənlərin sayı kifayət qədər çox olduğundan əlavə gözətçilərə ehtiyac yaranıb.

Obamanın əsas heyəti iş gününə səhər saat 7-dən tez başlayır, onlar prezidentin gününü planlaşdırırlar. Yaxın məsləhətçilərdən ibarət kiçik qrup saat səkkizin yarısı bir araya gəlirlər. 1 saat sonra isə Ağ Ev departamentlərinin 30 rəhbəri Ruzvelt otağında bir araya gələrək 20 dəqiqəlik dəyirmi masada öz departamentlərində gedən işlər haqqında qısa məlumat verirlər. Sonda prezidentin yaxın məsləhətçisi Rahm Emmanuel onlara günün fəaliyyəti haqqında göstəriş verir. Prezidentin görüş və səfərələrini təşkil edən heyət və bir çox departament rəhbərləri onu andiçmədən sonra bir ya iki dəfə görüblər.
Oval Ofisdə işə başlamazdan əvvəl Obama öz qızları ilə səhər yeməyi yeyir və idmanla məşğul olur. Bundan sonra onu Oval Ofisdə iqtisadi yığıncaq, nitq yazarları ilə görüş və bir çox başqa işlər gözləyir. Bunlar hamısı da 15 ya 45 dəqiqə çəkir. Səhər saat 10-da o, baş məsləhətçilərlə görüşür. Baş məsləhətçilər də ona mümkün olan bütün informasiyanı çatdırırlar, çünki nəyi isə unutsalar həmin gün prezidenti bir daha görmə şansları olmadığından sabahı gözləməli olurlar.

Obama ailəsinin sərəncamında onlarla xidmət adamı olsa da, onlar ailənin əsası çoxdan qoyulmuş ənənələrini pozmurlar
Obama ailəsinin sərəncamında onlarla xidmət adamı olsa da, onlar ailənin əsası çoxdan qoyulmuş ənənələrini pozmurlar. Prezidentin qızları 10 yaşlı Malia və 7 yaşlı Saşa hələ də öz zəngli saatları ilə yuxudan oyanırlar, öz çarpayılarını özləri qaydaya salır və otaqlarını özləri təmizləyirlər. Peşəkar aşpazın olmasına baxmayaraq ciddi yemək rejimini saxlayırlar.

Obama ailəsinin Ağ Evdəki ilk günündə isə ölkənin birinci xanımı Mişel Obama Şərq otağında sərəncamında olan 92 nəfəri yığaraq bildirib ki, onlar burada adi işçi yox, komandanın bir hissəsidirlər. O deyib ki, tezliklə onlar Şərq otağının döşəməsinə qəzet parçaları salıb, uşaqlarına bu otaqda pizza qonaqlığı verəcəklər.

Prezidentin dostları və məsləhətçiləri deyirlər ki, Obama Ağ Evə çatmaq üçün 18 ay çalışıb yol qət eləsə də, indi sanki Ağ Evdən qaçmaq istəyir. O öz məsləhətçilərindən xahiş edib ki, heç olmasa həftədə bir dəfə Vaşinqtondan kənara səfər təşkil olunsun. Prezident seçildikdən sonra o ya həyat yoldaşı, ya da dostları ilə Ağ Evdən kənarda vaxt keçirməkdə elə də korluq çəkməyib.

Ağ Evin daha gənc heyəti isə deyir ki, Obama hətta həftə sonlarında baş verənlər və heyət üzvilərinin yeni sevgililəri haqqında kiçik dedi-qodular eşitməyi sevir və əgər hər hansı bir qeybət ona hamıdan gec çatarsa o, bundan inciyir. Amerikada xüsusi izlənən Amerika futbolu ilə bağlı Supe Bowl günündə Obama bir xeyli adamı Ağ Evə yığaraq xüsusi ziyafət verdi və ziyafətdə iki qayda qoydu. Heç kim siyasətdən danışmayacaq və fotoqraflara kifayət qədər səmimi poz veriləcək. Daha sonra isə Obama ilə şəkil çəkdirən hər kəsin şəkli onun şəxsi ünvanına yollanacaq. O, ziyafətə qatılan bir neçə konqresmenə deyib ki, bu ziyafətdən kənarda yox, onun bir hissəsi olmaq istəyir.

Lakin Ağ Evin dəqiqələrini belə nizamlayan ciddi iş rejimindən qaçmaq elə də uzun çəkmir. O şam edərkən 3 heyət üzvi onun axşam icmalını hazırlayırlar. Bu kifayət qədər ağır çəkili, hökumət sənədləri, qısa tərcümeyi-hallar, nitqlər və məqalələrdən ibarət bir qovluqdur. Bu qovluq Obamanı növbəti günə hazırlayır. O, şam yeməyini bitirən kimi heyət qovluğu ona təqdim edir. Qovluğun gəlişi də onun gününün ən sevimli hissəsinin gəlişindən xəbər verir, bu qovluqdan sonra o öz reallığına qayıdır. Sənəd qovluğunun oxunub başa çatdırılması isə bəzən gecə saat 1-dən tez bitmir.

Şərhləri göstər

XS
SM
MD
LG