Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:12

«Gözəgörünməyən əl indiki qiymətləri diktə edir»


Ekspert: Qiymətləri süni şəkildə uzun müddət saxlamaq çətindir

Ekspert: Qiymətləri süni şəkildə uzun müddət saxlamaq çətindir

İndi əmlak bazarında bir mənzilin satış müddəti 437 gündür. Bu rəqəmi Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov söyləyir və tikinti şirkətlərinə mesaj göndərir ki, təklif etdikləri qiymətlərə bir daha baxsınlar.

Dünya maliyyə böhranı bir çox ölkələrdə mənzillərin qiymətini əməlli-başlı silkələyib. Yerli mütəxəssislər isə hesab edirlər ki, qlobal böhran Azərbaycanın tikinti şirkətlərinin iş prosesinə təsir göstərsə də, qiymət məsələsinə təsir etməyib. Elə E.Rüstəmov da narahatdır ki, əmlak bazarında ciddi durğunluq var:

«İndi bir mənzili satmaq üçün bir ildən çox vaxt lazımdır. Bu, ciddi rəqəmdir. Biz hökumət olaraq düşünürük ki, bazara maliyyə vasitələriylə elə təsir göstərək ki, tələblə təklif qarşılaşsın».
OXUCU FİKRİ

Heç bir eniş gözləməyə dəyməz. Bizdə əsl "bazar" iqtisadiyyatıdır. Satan ucuzlaşdırmır, deyir mal mənimdir özüm bilərəm, alan da almır, deyir pul mənimdir özüm bilərəm. Çünki hökümətimizi idarə edənlər xalqın malını xalqa vermir, deyir kreslo mənimdir özüm bilərəm.

Ölkənin baş bankirinin mənzillərin satış müddətinin əvvəlki illərlə müqayisədə uzanmasını ev alqı-satqısıyla məşğul olanlar da təsdiqləyir. Yerli mətbuatın məlumatına görə, ötən ilin axırları Bakıda 20 ev alqı-satqısıyla məşğul olan firma fəaliyyətini dayandırmalı olub.

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin sədri Nüsrət İbrahimov isə deyir ki, tikilən binaların sayı azalıb. Bazarda isə təklif tələbi üstələyir.

Bəs əmlakın satış müddətinin uzanması ev bazarına nə vəd edir? Qiymətlərin ucuzlaşması gözlənirmi?

Bakının mərkəzi rayonlarının birində bir neçə çoxmərtəbəli bina tikən şirkətin adının çəkilməsini istəməyən meneceri deyir ki, 10 aydan çoxdur ki, bir mənzil də sata bilməyiblər. «Bəs qiymətləri niyə ucuzlaşdırmırsınız» sualına isə onun cavabı belə oldu:

«Düzdür, normal bazar qanunları deyir ki, tələbat azalırsa, sən də ona uyğun davranmalısan ki, malını alsınlar. Çünki heç kim bilmir, sabah hansı qiymət olacaq. Amma bizdə gözəgörünməyən əl var. O əl indiki qiymətləri diktə edir, biz bu şərtlərdən qırağa çıxa bilmirik. Hələ ki, bazar idarə olunur».

Abşeron rayonunda tikintiylə məşğul olan şirkətin bir əməkdaşı isə hesab edir ki, indiki qiymətlər şişirtmə deyil. Onun sözlərinə görə, vaxtilə tikinti şirkətləri o qədər xərcə düşüblər ki, binanın inşasına çəkilən xərcləri ötüb-keçib:

«Burda söhbət təkcə kiməsə nəsə verməkdən getmir. Axı bir ev tikəndə o ərazidəki sakinlərə külli miqdarda pul ödənilib. Bunu saymırsız? İndi şirkət necə ziyana düşsün?»

Məşhur tikinti şirkətlərinin birinə isə özümüzü alıcı kimi təqdim etdik. Bizə metronun «28 may» stansiyası yaxınlığında təklif olunan mənzilin bir kvadratmetri 1800 manataydı. Satış meneceri bizə 400 manat güzəşt etdiyini söylədi. Metronun «Əhmədli» stansiyasının yanında isə bir kvadratmetri 700 manata ala bilərdik:

- Danışarıq. 70-80 manat güzəşt edə bilərik.
- Bəs axı deyirlər ki, mənzillər ucuzlaşıb…
- Heç yerdə heç nə ucuzlaşmayıb. Əgər çörəyi 20 qəpiyə alsaz, kolbasanın qiyməti düşsə, onda bilin ki, evlər də ucuzlaşıb. Əgər 10 faizdən artıq heç nə düşməyibsə, evlərin də qiyməti o cür düşüb.

Amma həmsöhbətimiz artıq ev biznesinin cəlbedici olmadığını söylədi. Onun sözlərinə görə, əlindəki vəsaitə mənzil alıb sonra onu baha satmaq planı indiki şəraitdə çox risklidir.

Ev alqı-satqı firmalarından birinin rəhbəri Azər Alıyev isə deyir ki, əmlak bazarını canlandırmaq üçün bir yol var. Şişirdilmiş qiymətləri əvvəlki halına qaytarmaq:

«Ötən il bu vaxt bazara girən mənzil ən geci üç aya satılırdı. Amma indi bir il olar ki, təklif olunur, amma heç soruşan yoxdur ki, nə var, na yox…»

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev də deyir ki, yerli əmlak bazarında sağlam rəqabət olmadığından alıcıların kəskin qiymət ucuzlaşmasını gözləməsi özünü doğrultmaya bilər:

«Amma qiymətləri süni şəkildə uzun müddət saxlamaq çətindir. Hamı bilir ki, nə qədər monopoliya olursa-olsun, vəziyyət uzun müddət belə davam edə bilməyəcək».

Bununla belə, mütəxəssislər mənzillərin ucuzlaşma həddiylə bağlı proqnoz verməkdən ehtiyat edirlər.

R.Ağayev diqqəti bir məsələyə də yönəldir. Onun fikrincə, hökumətin Neft Fondunun vəsaiti hesabına tikinti sektorunu canlandırmaq istəməsi ayrı-ayrı məmurların marağına da xidmət edə bilər:

«Ola bilər ki, hökumət böhran sovuşana qədər qiymətləri indi kimi saxlamağa çalışsın. Bu mənada Azərbaycanın əmlak bazarında vəziyyət çox mürəkkəbdir».

Şərhləri göstər

XS
SM
MD
LG