Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:35

«Can Bakı»da virtual yaz başladı


«Azadlıq» radiosunun «Can Bakı» proqramının aparıcısı Sevda İsmayıllı
«Azadlıq» radiosunun «Can Bakı» proqramının aparıcısı Sevda İsmayıllı
2007-ci il martın 5-dən bəri «Can Bakı»ya ayrılan gerçək zaman və məkan bitdi...
2009-cu ilin martın 1-dən artıq virtual, yəni xəyali məkandayıq.

...Bu yaz bir başqa yazdı,
Bu yaz daha da xoşdu
Vay o qəlbə ki, boşdu...

...Kim bilmir ki, bu şeiri Müşfiq yazıb? Hamı bilir. Özü də nə vaxt-nə vaxt yazıb? – Stalin repressiyasının şıdırğı çağıında! Niyə yazıb, necə yazıb? O yaza necə xoş deyib? – bu, təəccüblüdür!

...Neçə-neçə generallar güllələnmişdilər...

...Müsavatçılar bir sinif kimi ləğv edilmiş, Solovkiyə - gedər-gəlməzə göndərilmişdilər.

Sovet Azərbaycanında nəhəng (onda «analoqu olmayan» sözü «kəşf» edilməmişdi) «quruculuq» başlamışdı. Bəs xalq necə yaşayırdı? Görün, maestro Niyazinin ömür yoldaşı Həcər xanım o günləri necə xatırlayırmış: «Çox çətinliklə yaşayırdıq. Niyazi konservatoriyadan 70 manat təqaüd alırdı. Bunun 15-ni ev kirayəsinə verirdik (Həcər xanım evi təsvir edəndə adamın canına qorxu düşür). Niyazinin bircə kostyumu vardı, hər mövsüm ayrı rəngə boyayırdıq. Kostyumun astarı elə gündəydi ki, hər gün tikməli olurdum (Gənc yazarların, özəlliklə Qan Turalının ulduz müğənniyə məktubu yadınızdamı?). Hələ qulaq asın, Niyazinin qaloşu su buraxırdı. Onun içinə bir neçə qat qəzet qoyurduq ki, su keçməsin...Vsyo-taki, biz xoşbəxt idik...»

...Onlar xoşbəxt idilər. Hələ gələcəkdə Həcər xanımı nələr-nələr gözləyirdi!.. Onun başına nələr-nələr gələcəkdi (Bu yaxınlarda Teyyub Qurbanın kitabında onun Mir Cəfərə yazdığı o ağrılı məktubu da oxudum!..) Amma Həcər xanım adınalayiq qadın idi. Maestronu nəinki REJİMİN, hətta VƏRƏMin (30-cu illərdə, a!!! ) CAYNAQLARINDAN qurtara bilmişdi...

...O uzaq 30-cu illərdə hamı xoşbaxt idi, üstəlik, xoşvaxt!.. Düzdü, qara-qara gecələrdə qara-qara plaşlar geymiş qara-qara adamlar bəzilərini qara-qara maşınlarda qara-qara yerlərə daşıyırdılar... Əhməd Pepinov belə getdi... Kazım Ziya, Abbas Mirzə belə getdi, Cavid, Müşfiq, Seyid Hüseyn, Əhməd Cavad...- sadalamaqla bitməz...

...Elə onda da hamı xoşbaxt idi, həm də xoşvaxt. Biz «azərilər» (türklər yox ha) beləyik. Hətta ən çıxılmaz anlarda xoşvaxt ola bilirik, bunu bacarırıq.

...2009-cu il martın 1-dir. Yazın ilk günüdür (ayın 18-nə 17 gün qalır). Bu gündən «Azadlıq» radiosunun «Can Bakı» proqramı öz varlığını virtual məkanda və zamanda sürdürəcək!

...Əlvida, canlı zaman! Otello demiş, əlvida, Kipr adası, əlvida, şeypurların gur səsi!..

...Xoş gəldin, yaz! Xoş gəldin, Bakı yazı! Xoş gəldin, VİRTUAL YAZ!..
XS
SM
MD
LG