Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:14

İki mart


2005-ci il martın 2-də, Münhendən çox-çox uzaqlarda - elə bizim Bakıda daha bir qətl baş verdi

2005-ci il martın 2-də, Münhendən çox-çox uzaqlarda - elə bizim Bakıda daha bir qətl baş verdi

...1953-cü il martın 2-də ABŞ Konqresinin maliyyələşdirdiyi «Azadlıq» radiosu (ilk adı «Qurtuluş» olub) Münhendən yayıma başladı. Hər həftə keçmiş SSRİ ərazisinə 23 dildə 2 min saatdan çox verilişlər yayılırdı. Burada çalışanların əksəriyyəti keçmiş sovet vətəndaşlarıydı – mühacirlər, legionçular...

...Sovet diktatoru Stalinin ölümü elan ediləndən bir gün sonra – martın 6-da «Azadlıq» radiosu Azərbaycan redaksiyasının ilk verilişi səsləndi. Vaxtilə Azərbaycan legionçularının başçısı olmuş keçmiş sovet mayoru Əbdürrəhman Fətəlibəyli (Abo Düdənginski) bu redaksiyanın ilk müdiri oldu. O, elə ilk gündən sovet rejiminin iç üzünü açmağa başladı:

«Əziz həmvətənlər! Siz öz azad həmvətənlərinizin azad dünyadan səsini eşidirsiniz...Demokratiya bir hakim olaraq kommunizm və sovet imperializmini ölümə məhkum etmişdir. Bütün dünyanın azad xalqları sovetlərin əzilən xalqları ilə birgə bu hökmü yerinə yetirəcək və vahid azad dünya yaradılacaq».

Bütün bunlar, təbii ki, sovet məxfi xidmətlərinin gözündən yayına bilməzdi. 1954-cü il noyabrın 20-də Abo Düdənginskini Münhendə qətlə yetirdilər. Qatil - keçmiş mayorun «dostu» və həmyerlisi idi. Münhen kafelərinin birində yeyib-içəndən sonra həmin «dost» (sovet casusu Mikayıl İsmayılov) onu öz mənzilinə gətirir, öncə çəkiclə başını əzir, sonra boğaraq divanın altına salır.

Düdənginskinin qətlindən sonra Qərbi Almaniyanın «Der Ştern» qəzeti bu başlıqda yazı dərc edir: «Divanın altındakı kişi...»

Taleyin işinə bax, müstəqil Azərbaycan sevdalısı və bu fikirlə də Azərbaycan legionuna başçılıq edən Abo Düdənginski düz bir həftə - qətlin üstü açılanadək (öldürülənin kimliyi dəqiqləşdirilənədək) divanın altındakı kişi çağırılmışdı.

2005-ci il martın 2-də, Münhendən çox-çox uzaqlarda - elə bizim Bakıda daha bir qətl baş verdi. «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov axşam işdən sonra öz mənzilinin qapısını açmağa macal tapmadı. Onu güllələdilər!..Eynən Abo Düdənginski kimi, onun da şəkilləri uzun illər qəzet səhifələrindən işardı...

Abo Düdənginskinin qatilini alman polisi bir həftəyə müəyyənləşdirdi. Düzdür, sovet KaQeBesi onu aradan çıxarmağı bacardı (Az keçmədi ki, Mikayıl İsmayılov Bakıdakı bağında asılmış vəziyyətdə tapıldı)...

...Elmar Hüseynovun qatili isə hələ də tapılmayıb!..

Başlığı necə qoymuşdum? Belə: «İki mart və ya divan altındakı kişi ilə öz evinə çatmağa macal tapmayan kişini nə birləşdirirdi?». İndi siz söyləyin: bu iki qətli nə birləşdirir?

Şərhləri göstər

XS
SM
MD
LG