Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:55

Anar Məmmədxanov: «Bu gündən özümü çox azad hiss edirəm»


«Day.az» saytının keçmiş təsisçisi, deputat Anar Məmmədxanov
«Day.az» saytının keçmiş təsisçisi, deputat Anar Məmmədxanov
«Day.az» saytının keçmiş təsisçisi, deputat Anar Məmmədxanov «Media forum» saytına müsahibə verib. Müsahibəni təqdim edirik

- Hazırda «Day.az»a kim rəhbərlik edir?

- «Trend»in keçmiş baş direktoru İlqar Hüseynov. Mən belə başa düşürəm ki, o daha «Trend»ə rəhbərlik etməyəcək. Lap düzünü özündən soruşa bilərsiniz. Amma mən bilən, belədir. Onunla sonuncu dəfə dünən əlaqəm olub. Çox şadam ki, bizim işimizə, bizim yaratdığımız portala o rəhbərlik edəcək. Peşəkar, yaxşı bir insandir. Onun mövqeyi Azərbaycanın mövqeyi ilə həmişə üct-üstə düşür. Demokrat bir insandır və mən buna çox şadam.

- Saytlar fəaliyyətini dayandırandan bir gün sonra – fevralın 19-da açıqlama verib dediniz ki, «Day.az» texniki problemlə üzləşib. Amma son açıqlamalarınızdan bəlli olur ki, sayt başqasına satılıb, təsisçi, rəhbərlik dəyişib. Nə üçün ilk açıqlama o şəkildə verilmişdi?

- Əgər mən desəydim ki, sayt satılır, bundan da böyük qalmaqallara təkan vermiş olardım. Eyni zamanda hesab edirəm ki, bu doğrudan da texniki məsələdir. Saytın başqasına təhvil verilməsi milyon texniki problemlə bağlıdır. Bu iş fevralın 28-dək uzanmalıydı. Sözün düzü, texniki məsələlərdən elə də başım çixmır. İnformasiya agentliyi başqa işdir, portalda çalışmaq başqa iş. Bunu bu sahələrdə çalışanlar gözəl başa düşür. Fərq milyonlarladır. Ona diqqət yetirmək lazımdır ki, «Day.az»ı və «Today.az»ı dünyanın hər yerində oxuyurlar. Orta Asiya və Cənubi Qafqazda bir nömrəli portal idi. Keçmiş sovet məkanında yalnız Ukrayna və Rusiyadan geri qalırdıq.

Axı kommersiya problemi olmayıb ki, mən belə deyim. Siyasi problem desəydim, bu da yalan olardı. Bəzi jurnalistlər, xüsusən də bu gün özlərini ekspert, agentlik baş direktoru adlandıranlar - buna görə çox təəssüf edirəm, çünki öz davranışları ilə bizim hamımızı biabır etdilər - əslində əsl kommersiya əməliyyatının necə aparıldığını bilmirlər. Bu işlər həmişə gizlin olur. Heç vaxt əvvəlcədən açıqlanmır və bu, bütün dünyada da belədir. Min cür söz-söhbət gedir. Bizə təzyiq edilib fikrini qabardanlara həyatımın bütün kadrlarını göstərsəm belə, yenə də inanmayacaqlar. Bizi az-çox tanıyanlar bilir ki, hər hansı təzyiq olmayıb.

- Anar müəllim, brend olaraq «Day.az»ın bahalı olduğunu deyirsiniz. Qiymətli brend satış prosesində dəyərləndirildimi?

- Təbii ki. Həm də bu mənim həyatımda birinci dəfə deyil. «Parni iz Baku» brendi məgər bir nömrəli deyildi?! Mən onlarla sağollaşıb getdim və bildirdim ki, başqa işlərlə məşğul olacam. Mənim üçün bu problem deyil. Bəzi adamlar ki, özünü vəzifəyə görə öldürürlər, bəzi məmurlar ömürlərinin axırına qədər kresloda oturmaq istəyirlər, amma mənim üçün bu problem deyil. Çünki mən özümü hər sahədə realizə edə bilərəm və həmişə də belə olub. Bütün dünyaya sübut elədim ki, mən «KVN»də birinci ola bilərəm və oldum, eyni zamanda informasiya saytında da birinci ola bilərəm dedim və oldum.

- Bəs nə üçün sayt satıldı?

- Bu söhbət çoxdan var idi. Amma mənim üçün bu artıq yeni bir mərhələnin başlanğıcı deməkdir. Həm də son zamanlar çox yorğun idim. Eləcə də Elnur (saytın sabiq baş redaktoru Elnur Baimov – red.) çox yorulmuşdu. Hər ikimiz bu barədə çoxdan danışırdıq. Bu işi buraxmaq problem deyil. Kim deyir bizə saytı çalışdırmaq qadağan edilib, guya biz vurulmuşuq - belə deyil. Bir informasiya agentliyi bəyanat verib. Mənim üçün bu, çox maraqlı və gülməli oldu. Maraqlı idi ki, onlar bəyanat verdilər, yoxsa, «donos» yazdılar. Onların bəyanatı donosa daha çox oxşayırdı.

Portallar arasında bir ənənə var: bir-birimizlə rəqabətdə olsaq da, «Day.az» heç vaxt nə «Media forum»a, nə «1news»a, nə «APA»ya, nə «Trend»ə, nə «Novosti-Azerbaydjana»ya toxunub, ümumiyyətlə, biz heç vaxt bir-birimizə sataşmamışıq. Bir-birimizin fəaliyyətini şərh etməmişik, normal əxlaq, mənəvi sərhədlər cərçivəsində çalışmışıq. Amma bir agentlik bu qanunu pozdu və vəziyyəti şərh etməyə, təhlillər etməyə, şər atmağa başladı. Azərbaycan kiçik bir ölkədir, adamlar sensasiya istəyirlər. Onlar istəyirdilər ki, bu sensasiyadan danışsınlar. Anlayıram ki, bu proseslər hələ bir həftə də çəkəcək. Hələ çox yazacaqlar ki, «Day.az» elə olacaq, Anar Məmmədxanov belə olacaq.

- «Parni iz Baku»dan sonra sizin həyatınızda ictimai-siyasi fəallıq dövrü başladı. «Day.az»dan sonra hansı mərhələ başlayacaq?

- 2001-ci ildə «Parni iz Baku» ilə sağollaşandan sonra jurnalistlər bundan sonra nə olacağı barədə suallar verirdilər. Onda onlara cavab verirdim ki, bunu görəcəksiniz. Ümumiyyətlə, mən bir iş görməmişdən əvvəl danışmağı xoşlamamışam və indi də deyirəm ki, yeni mərhələnin nə olacağını görəcəksiniz. Amma onu da bilin ki, bu gündən özümü çox azad hiss edirəm. Onu bilin!

- Bundan sonra sizin «Day.az»la heç bir əlaqəniz, təmasınız olmayacaq?

- Necə olmayacaq? Bu sayt mənim övladımdır. Ona baxacam, fəaliyyətini izləyəcəm. Lazım olanda müsahibələr verəcəm, yazılar yazacam. Məni bu sayta mənəvi tellər bağlayacaq, başqa heç nə. Vəssəlam, qurtardı.

- Bəs Elnur Baimov? Onunla əlaqələriniz davam edəcək?

- Elnur çox gözəl menecerdir. O, «Day.az»dan əvvəl «İmprotext»də, «Nurgün Motors»da, «MBask»da menecer işləyib. Onun taleyi ilə heç bir narahatçılığa əsas yoxdur. Hesab edirəm ki, «Day.az» onun bu menecerlik istedadı hesabına belə populyarlıq qazandı.
XS
SM
MD
LG