Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:40

Prezident Avropa Birliyinə qarşı


V.Klaus deyir ki, Avropa xalqı olmadığı kimi, onun tam Avropa Birliyi miqyasında təmsilçiliyi də yanlış və səmərəsizdir

V.Klaus deyir ki, Avropa xalqı olmadığı kimi, onun tam Avropa Birliyi miqyasında təmsilçiliyi də yanlış və səmərəsizdir

Çexiyanın prezidenti Vaslav Klaus Avropada yumşaq desək qeyri-populyar fikirləri ilə bu məkanın gündəmini yenə məşğul edib. İnadla qlobal istiləşmənin şişirdilmiş problem olduğunu sübut etməyə çalışan prezident indi də Avropa Birliyinə inteqrasiyanın o qədər də yararlı iş olmadığını deyir. Hazırda Avropa Birliyinə sədrlik edən Çexiya Respublikasının prezidenti Avropa Parlamentində çıxışında bu Birliyin fəlsəfəsinə zidd olan fikirlərini səsləndirib.

Məsələn, çex prezident hesab edir ki, Avropa Birliyi bu quruma daxil olan xalqların maraqlarını doğru-durust qoruya bilməz. Prezident fikrini belə əsaslandırır ki, Avropadakı hər hansı vətəndaşla onun Brüsseldəki təmsilçisi arasında məsafə çox böyükdür. Halbuki həmin vətəndaşın öz ölkəsindəki nümayəndəsi ilə arasındakı məsafə daha kiçikdir. Bunun da nəticəsində öz ifadəsi ilə desək «demokratik çatışmazlıq», Avropa Birliyi siyasətçiləri və bürokratlarının məsuliyyətsizliyi yaranır:

- Qurumun fəaliyyətində bu çatışmazlıq Avropa Parlamentinin rolunun gücləndirilməsi ilə də həll oluna bilməz. Əksinə, bu problemi daha da dərinləşdirə, Avropa Birliyi ölkəsinin vətəndaşı ilə Birliyin strukturları arasında yadlaşmanı artıra bilər.

V.Klaus deyir ki, Avropa xalqı olmadığı kimi, onun tam Avropa Birliyi miqyasında təmsilçiliyi də yanlış və səmərəsizdir.

Çexiya prezidenti Birliyin daxilindəki həmrəylik, gəlirlərin bir əldə toplaşaraq yenidən bölüşdürülməsi prinsipinə də qarşı çıxır. Onun bu Birlik daxilində yeganə bəyəndiyi qayda səyahət və ticarət maneələrinin aradan qaldırılmasıdır.

Prezidentin bu fikirləri Çexiyanın özündə də narahatlıq yaradıb. Baş nazir Miroslav Topolanek dolayı yolla olsa da, prezidentin fikirləri ilə razılaşmadığını ifadə edib:

- Bilirsiniz ki, Konstitusiyaya əsasən prezident beynəlxalq mövzuda çıxışlarına görə, sorğu-suala tutula bilməz. Parlament səviyyəsində prezidentin öz fikirlərini səsləndirmək hüququ var. Mən bu fikirlərlə razı olmaya bilmərəm, amma bu fikir ayrılığı mənimlə, eləcə də ölkədəki başqa demokratlarla prezident arasında ziddiyyət yarada bilər.

Avropa Birliyinin özündə də çoxları Çexiya prezidentinin Birliyin əleyhinə fikirlərini etirazla qarşılayıblar. Deputatların bəziləri Klausun çıxışına etiraz edərək zalı tərk edib. Avropa Parlamentinin prezidenti Hans-Georg Pottering isə bildirib ki, Vaslav Klaus sadəcə öz fikrini azad ifadə etmək hüququndan yararlanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG