Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:57

Əməliyyat aparan qurumlar kəşfiyyat xidmətinin köməyindən yararlanacaq


Prezident İlham Əliyev «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanunun qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb.

Dövlət başçısı qanunsuz gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı siyasət həyata keçirilməsi, bu sahədə nəzarət sisteminin təkmilləşdirilməsi və aidiyyəti olan dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Milli Bank yanında Maliyyə Monitorinqi Xidməti yaradılmasına dair göstəriş verib.

Milli Banka tapşırılıb ki, bir ay müddətində Maliyyə Monitorinqi Xidmətinin əsasnaməsinin layihəsi hazırlansın və prezidentə təqdim edilsin.

Qanuna müvafiq olaraq yeni yaradılan Maliyyə Monitorinq Xidmətinin Azərbaycana gətirilən, ölkədən aparılan və alqı-satqı zamanı dəyəri 20 min manatdan artıq olan bütün pul əməliyyatlarını yoxlamaq səlahiyyəti olacaq.

Millət vəkili Nazim Məmmədovun «Azadlıq» radiosuna açıqlamasına görə, Azərbaycan Avropa Şurası qarşısında öhdəlik götürüb ki, terrorçuluğun maliyyələşdirilməsində «çirkli pullar»ın «yuyulması»nın qarşısını almaq üçün qanun qəbul edəcək.

N.Məmmədov deyir ki, əməliyyatların aparıldığı qurumlar – banklar, sığorta şirkətləri, notariuslar şübhəli məqam hiss etdikdə yeni kəşfiyyat xidmətinə müraciət edəcəklər. Yeni qurum isə öz araşdırması zamanı terrorçuluqla bağlı ehtimalı yaransa, həmin məlumatları hüquq-mühafizə orqanlarına verəcək. Deputat yeni qanunun işgüzar mühitə problemlər yarada biləcəyi fikirlərilə razı deyil. Onun sözlərinə görə, hədəf yalnız şübhəli görünən əməliyyatlardır.
XS
SM
MD
LG