Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:06

Bir hamam, bir mətbəx, bir tualet….


Bura Fətəlixan Xoyski küçəsində yerləşən gözdən əllilər üçün yataqxananın birinci mərtəbəsidir

Bura Fətəlixan Xoyski küçəsində yerləşən gözdən əllilər üçün yataqxananın birinci mərtəbəsidir

Bura gözdən əlillərin məhəlləsi deyirlər. Məhəllə deyəndə, burda onlar üçün nə xüsusi yollar var, nə iş yerləri, nə dükan-bazar, nə istirahət yerləri, nə də ki, başqa məişət obyektləri. Hansı ki, onlar nəinki bu obyektlərin, heç olmasa buna oxşar yerlərin olmasını çox arzulayırlar. Bu məhəllə ancaq yaşayış yerlərindən ibarətdir.

Fətəlixan Xoyski küçəsində yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsi. İçəri girən kimi uzanan dəhliz görürsən. Bu dəhlizə sağdan və soldan 16-17 kvadratmetrlik otaqları olan qapılar açılır. Qapıların ağzında bir-birinin üstünə yıxılmış çəkmələr, ayaqqabılar qalaqlanıb. Hər qapının üstündə rəngi getmiş nömrələr var. Bu qapılardan birini döyürəm.

Otaq çox kiçik olsa da 5-6 adam var idi. Sonradan öyrənirəm ki, burda əsasən subaylar yaşadığı üçün hər otaqda 3 nəfər qalır. Ancaq ailəlilər də var. Qorxmaz Əliyev yeni ailə qurub. Ailə qurduğu qız əvvəl də bu otaqda yaşayıb, indi də. Otaq şəraitləri olmadığına görə bu ailə bir yerdə yaşamır.

Qorxmaz danışır

Bura gözdən əlillərin məhəlləsi deyirlər
«Ev şəraitimiz olmadığına görə hazırda bir yerdə yaşamırıq. Bura qızların otağıdır, burda üç qız qalırlar. Biz qonaq gəlmişik.
- Həyat yoldaşınızla qonaq gəlmisiniz?
- Yox o da burada qalır.
- Burda qalan üç qızdır, onlardan biri sizin həyat yoldaşınızdır?
- Bəli.
- Belə çətin deyil ki?
-(Gülür) Əlbəttə çətindir, indi ev axtarırıq. Evlərlə maraqlanıram, kirayə qiymətləri çox bahadır. Bir otaqlı ev 250 manatdan aşağı deyil. Mən özüm işsiz adamam. Ona görə yaşayışımız ağırdır».

Qorxmaz deyir ki, gözdən əlil gənclər daha çox işsizlikdən əziyyət çəkir, elə görənlər kimi.
Fərid də işləmir. 12 il gözdən əlillərin internat məktəbində oxuyub. Deyir ki, günlər bir-birinə oxşayır. Özü sənətə yiyələnsə də onu işə götürmürlər.

Ceyran deyir ki, burda bir mətbəx, bir hamam, bir tualet var. Ona görə hər gün növbələşməli olurlar
«Mən masaj və kompüter kursunu bitirmişəm. Kompüter kursu adamlara bir az qəribə görünə bilər. Mən səsli proqramlarla işləyirəm. İşlə maraqlanmışam, deyirlər sənə ehtiyac yoxdur. Yəqin fikirləşirlər ki, gözdən əlil ləng işləyir, ancaq biz çox səliqəli iş görürük».

Elvira da masaj kursunu bitirib. Maraqlandığı iş yerlərindən ona elə belə də deyiblər:
«Dedilər ki, sən görmürsən, biz görməyəni işə götürmürük».

Bu gənclər ayda 165 manat təqaüd alırlar. Deyirlər ki, bu pulla yaşamaq çox çətindir. Yaxınlıqda Faiqin dükanı adlandırdıqları mağazaya həmişə borcları var.

«Ordakı nisyə dəftərini dolduran bizik. Yemək yeyirsən paltara çatmır, geyinirsən yeməyə çatmır».
Gözdən əlillər bir şeydən də narahatdırlar. Onlara kreditlə heç bir əşya vermirlər.

Buranın sakinləri bildirirlər ki, çimmək üçün də növbə gözləyirlər
«Aylıq 165 manat gəlirim haqda sənədimi təqdim edirlər, ancaq kredit vermirlər. Adi telefon nömrəsi almaq istəyəndə də vermədilər. Dedilər qol çəkmək lazımdır, sənsə gözdən əlilsən. Hansı ki, şəxsiyyət vəsiqəmə özüm qol çəkmişəm».

Burda yaşayanlar onlara uyğun yolların salınmasını, əyləncə yerlərinin olmasını nağıl kimi düşünürlər.

Qızlardan ikisi çörək almaq üçün iki addımlıqdakı dükana gedirdilər. Ancaq uyğun göstəricilər olmadığına görə çox əziyyət çəkirdilər. Elə buna görə çalışırlar bu ətrafdan çıxmasınlar. Yaşadıqları yataqxanaya oxşar bu yerdə də problem kifayət qədərdir. Otaqlarda qaz yoxdur, su problemi var. Burda bir mətbəx, bir hamam, bir tualet var. Ona görə hər gün növbələşməli olurlar.

Elvira deyir ki, masaj kursunu bitirib, amma heç yerdə iş tapa bilmir
«Təsəvvür edin, çimmək üçün növbə, yemək bişirmək üçün növbə, tualet üçün də növbə gözləyirik. Görmədiyimizə görə, bu növbələrdə bir-birimizə toxunuruq. Qızlarla oğlanların tualeti də eynidir, növbəyə duranda göz-gözə gəlməsək də utanırıq...»
Gözdən Əlillər Cəmiyyətindən bildirdilər ki, imkan düşən kimi üzvlərinin yaşayış şəraitini yaxşılaşdırırlar. Bu yaxınlarda 90 ailə evlə təmin olunub. İşləyə biləcək gözdən əlillər üçün iş yerlərinin açılması təklifini hökumətə göndəriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, nazirlikdə əlillər üçün təklif edilməli olan iş yerləri kvotası, sayı müəyyən edilib. Hazırda kvotayla işə götürülən əlillərin sayı çox olmasa da, gözdən əlillər də daxil olmaqla bütün əlillər üçün bu kvotanın artırılması planlaşdırılır.

İşləmək qabiliyyətində olan gözdən əlil gənclər isə hələ ki, vaxtlarını bir otağa yığışıb dərdləşməklə keçirirlər.

Şərhləri göstər

XS
SM
MD
LG