Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:56

ABŞ-ı daha Azərbaycan maraqlandırmır?


Müşahidəçilər getdikcə ABŞ-ın Azərbaycana təsirinin azalmasından gileylənirlər

Müşahidəçilər getdikcə ABŞ-ın Azərbaycana təsirinin azalmasından gileylənirlər

Dünya geosiyasətində prinsipial və ciddi dəyişikliklərin baş verməsi haqda dəqiq mülahizələr yürütmək çətin olsa da, ABŞ kimi qlobal siyasətə təsir etmək iqtidarında olan bir ölkədə yeni hakimiyyətin fəaliyyətə başlaması hər halda müəyyən ehtimalların səslənməsinə əsas verir. Fikirlər və rəylər çox müxtəlifdir. Təbii ki, müzakirələrin fokusunda ilk növbədə Cənubi Qafqaz və xüsusən də Azərbaycan dayanır. Amma bu vaxta qədər adət olunan geosiyasi arxitekturanın özündə qəribə çalarlar müşahidə olunmaq üzrədir. Bu yazının əsas mövzusu olmasa da, məsələn Türkiyə ilə Rusiya arasında ciddi yaxınlaşma hiss edilir. Türkiyə ilə Rusiya arasında tarixi ziddiyyətlərə, Gürcüstana qarşı aqressiv siyasət yürüdən və hətta onun ərazisinin bir hissəsinin işğal edən Rusiyaya qarşı Türkiyənin çox «isti» münasibətinin Qərb dövlətləri tərəfindən təqdir olunmamasına baxmayaraq, Türkiyənin Rusiyanın Cənubi Qafqazda mühüm rol oynamasına «işarə» vurması Türkiyə ilə ABŞ arasındakı uzun müddətli tərəfdaşlıq baxımından xeyli təəccüb doğurur. Təbii ki, daha əvvəl olduğu kimi dünya ikiqütblü deyil və məsələn Avropa ilə Rusiya arasında ABŞ-dan müqayisədə ciddi fərqlər var. Bu baxımdan müəyyən «siyasi sürprizlər» istisna olunmur.

Məsələn, ABŞ üçün Gürcüstanın enerji təminatı çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan da bu məsələdə öz qonşusuna kömək edir. Bu yolla «müəyyən anlaşma» yaratmaq mümkündür və belə «üsullar» hələ ki var!
Amma əsas məsələ Cənubi Qafqazdır. Cənubi Qafqazda hələlik ABŞ-ı qane edən və müəyyən mənada razı salan daha çox Gürcüstandır. Ermənistanla münasibətlər əsasən erməni lobbisi tərəfindən qurulur və bu ölkə qətiyyən ABŞ-ın təsir dairəsində deyil. Qalır Azərbaycan. Əslində tarixə nəzər salsaq ABŞ üçün SSRİ dağılarkən mühüm əhəmiyyət kəsb edən məsələ Rusiyanın daxilindəki demokratikləşmə prosesləri, Şərqi Avropa və bir də Baltikyanı ölkələrin problemləri idi. Sonradan isə Azərbaycanın enerji ehtiyatları və geosiyasi vəziyyəti, eləcə də tədricən dəyişən siyasi stereotiplər diqqətin «Şərqin qapısına» yönəlməsinə səbəb oldu. Burada ABŞ-ı siyasi dairələrinə təsiri olan politoloq Zbiqnev Bjezinskinin də xidmətlərini unutmaq olmaz.

Hələ bir neçə il bundan əvvəl nəşr olunan «Böyük şahmat taxtası» əsərində o, Azərbaycanın geosiyasi rolunu çox yüksək qiymətləndirərək onu Orta Asiyanın yolunda «tıxac» adlandırmışdı. Daha sonra «neft amili», eləcə də Azərbaycanın ABŞ-a müəyyən geosiyasi «jestlər» etməsi bu diqqəti bir az da artırdı. Hətta hakimiyyətə gələn Corc Buş bu kiçik ölkənin önəminə qiymət verərək məşhur 907-ci düzəlişin də təsirini dayandırdı. Azərbaycanla əlaqə üçün müəyyən maraqlar iyerarxiyası formalaşdırıldı: enerji, təhlükəsizlik, demokratiya və insan haqları!

Bəs bundan sonra nə olacaq? Yeni prezident Cənubi Qafqazın «geosiyasi tərəddüdlərlə» yaşayan ölkəsinə münasibətdə hansı siyasəti yürüdəcək?
Bu, bir neçə amildən asılıdır. Əsas odur ki, daxildə və xarici siyasətdə yeni kabinet üçün hansı məsələlər daha çox üstünlük təşkil edəcək. Artıq məşhur «neft amili» əvvəlki rolunu itirib. Düzdür, son vaxtlar Kollektiv Təhlükəsizlik Müqaviləsinin hərbi alyansa çevrilmək cəhdi ( baxmayaraq ki, hətta KTM üzvlərinin bir hissəsi buna ehtiyatla yanaşır), Özbəkistan və Qırğızıstandan sonra ABŞ-ın Orta Asiyada mövqelərinin zəifləməsi onun üçün müəyyən narahatlıq yaradır, çünki bu ölkələr birbaşa Əfqanıstana çıxış deməkdir və həm də daha bir alternativ enerji mənbəyidir. Bu halda nəzərlər yenidən «Şərqin qapısı»na yönələ bilər. Amma siyasi manevr və «balans» imkanları bu hakimiyyət üçün artıq xeyli məhdudlaşıb. Cəmiyyətinə münasibətdə özünü xeyli «müstəqil» aparan, «heç bir dövlət qarşısında öhdəlik» daşımadığını qeyd etməyi sevən Azərbaycan hakimiyyəti hər halda əvvəlki kimi müstəqil deyil, «günəşli ölkədə» Rusiyanın «kölgəsi» getdikcə daha çox hiss olunmaqdadır.

Bunun da əsas səbəbi odur ki, ölkədə aparılan siyasət mahiyyətcə nəinki Qərbdən uzaqlaşmaq yoludur, həm də bu siyasət Azərbaycana Qərb dünyasında özünə yer tutmağa, Qərbin siyasi rəğbətini qazanmağa imkan vermədi. Hakimiyyət məsələsi o qədər önəm kəsb etməyə başladı ki, ölkə Rusiyaya tərəf ciddi dreyf etdi. Martın 18-də keçiriləcək referendum isə ölkəni dünyaya, o cümlədən də ABŞ-a və Qərbə tamamilə yeni «qiyafədə» təqdim edəcək. Bu, çoxlarının xoşuna gəlməyə də bilər. Düzdür, siyasət çox mürəkkəb fenomendir. ABŞ-ın yaxın əməkdaşlıq etdiyi avtoritar dövlətlər də var. Ola bilsin ki, prinsipial olaraq yeni heç nə baş verməsin. Həm də ölkə hakimiyyəti ABŞ-ı da dolayı yolla «razı salmağın» müəyyən yollarını tapıb.
Məsələn, ABŞ üçün Gürcüstanın enerji təminatı çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan da bu məsələdə öz qonşusuna kömək edir. Bu yolla «müəyyən anlaşma» yaratmaq mümkündür və belə «üsullar» hələ ki var!

Amma müşahidəçilər getdikcə ABŞ-ın Azərbaycana təsirinin azalmasından gileylənirlər. Bunun üçün isə kifayət qədər əsas var. ABŞ qərbyönümlü siyasi partiyaların zəiflədilməsinin qarşısını ala bilmədi, ölkədə həqiqi demokratik seçkilərin keçirilməsinə təsir göstərə bilmədi. Hətta Corc Buşun
Azərbaycanı «jurnalistlər həbsxanası» adlandırmasına baxmayaraq həbsdə olan jurnalistlər azad edilmədi, azad mətbuata və elektron informasiya vasitələrinə qarşı təqiblərə son qoyulmadı. İnsanlara daha çox təsir edən isə birdən-birə üç radiostansiyanın bağlanmasıdır. Düzdür, amerikalılar hələ problemi həll etmək üçün çox çalışırlar. Həm də onu qeyd etmək lazımdır ki, Azərbaycan hakimiyyəti vaxtilə çox yaxın əlaqədə olduğu Rusiyaya qarşı da belə hərəkət etmişdi, telekanallardan birini bağlamışdı. Amma siyasi sistem sərtləşməkdə davam edir.

Hətta hüquq müdafiəçiləri təqib olunur, internet saytları belə bağlanır, internetə giriş, ondan istifadə bəzi hallarda məhdudlaşdırılır və müxtəlif maneçiliklər törədilir. Vəziyyət necə olacaq? Təbii ki, siyasətin tam aşkar olması üçün hələ bir müddət gözləmək lazım gələcək. Amma artıq indidən aydındır ki, təkcə «Sem dayını»nın təsiri ilə bu ölkədə həqiqi demokratik dövlət qurmaq mümkün olmayacaq, xüsusən də nəzərə alanda ki, bu səylər daha əvvəlki gücündə deyil. Ola bilsin, burada ölkəyə siyasi marağın azalması da az rol oynamır. Uinston Çerçillin məşhur bir sözü var idi: «İngiltərənin əbədi dostları yox, əbədi maraqları var!» Maraqların coğrafiyası isə siyasətin məntiqinə uyğun olaraq daim dəyişir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG