Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:49

«Böhranın səbəbi israfçılıqdır»


İqtisadçı ekspert Kənan Aslanlı
İqtisadçı ekspert Kənan Aslanlı
İqtisadçı ekspert Kənan Aslanlı «İşdən sonra» proqramına müsahibə verib. Müsahibəni təqdim edirik:

- Hökumət nəhayət ki, iqtisadi böhranın ölkəyə gəlib çıxdığını etiraf etdi. Siz böhranın əsas təzahürlərini harda görürsünüz?


- Böhran fərdlərin həyatında da təzahür edir, amma mən ən ciddi təzahürü ölkəyə gələn investisiyaların azalmasında görürəm. Artıq iki ildir ki, bu meyl davam edir. Amma ötən il daha ciddi olub. 2009-cu ilin yanvarında isə bu meyl artıb, yəni investisiyaların həcmi 45 faiz azalıb. Əslində bizim Dövlət Neft Fondundakı 11 milyard dollar o qədər də iri vəsait deyil, 5-6 iri infrastruktur layihəsinin qiymətidir. Neftlə bağlı gözləntilər həddən artıq şişirdilmişdi, amma indi biz görürük ki, bu o qədər də böyük məbləğ deyilmiş və yenidən xarici investisiyalara ciddi ehtiyac yaranıb.

- Bu enmə nə ilə bağlıdır? Əvvəlki rəqəmlərin şişirdilməsi ilə, yoxsa ölkəyə birdən- birə maraq azalıb?

- Bunun iki səbəbi var. Neft-qaz layihələrində investisiya dövrü bitib və indi artıq sərmayədarlar pullarını gəlir şəklində geri götürürlər. Bu, bir səbəbdir. İkinci səbəb isə daha təhlükəlidir. Neft pulları hesabına daxili maliyyə resursları əmələ gələndə sanki belə qeyri-rəsmi qərar verildi ki, xarici investisiyaya əvvəlki qədər ehtiyac yoxdur. Yəni ölkə rəhbərliyi əvvəlki qədər xarici investisiyaların cəlb olunmasına maraq göstərmirdi. Gələn investorlar da ölkədə problemlərlə üzləşdiyi üçün sərmayələr azaldı. Böhranın təzahürləri təkcə burda deyil. İxracın 97 faizi neft və neft məhsullarından asılıdır. Bundan başqa, ölkədə çox ailələr var ki, bir və ya iki üzvü ölkədən kənardadır - əmək miqrantıdır. Onların ölkəyə göndərdikləri pulda azalma var.

- Bu göndərişləri hesablamaq mümkündürmü? Çünki deyilənə görə, belə vəsaitlərin çox hissəsi rəsmi kanallarla deyil, «qaraçı poçtu» deyilən üsulla - vasitəçilərlə göndərilir.

- Bu pulların mühüm hissəsi statistikadan kənarda qalır. Amma statistikaya düşən hissəsi də var. Və biz orada azalmanı müşahidə ediriksə, deməli, həmin tendensiya qeyri-rəsmi üsullarla göndərilən vəsaitdə də əksini tapır.

- Bəs böhran ölkə daxilindəki iş yerlərinin sayında necə təzahür edir? 2008-ci il seçkilərindən əvvəl ölkə prezidenti iddia edirdi ki, ölkədə 700 mindən çox iş yeri açılıb və bu siyasət davam edəcək, daha çox iş yerləri açılacaq. Bunu etmək mümkündürmü?

- Əslində 2008-ci ilin sonlarına qədər bu istiqamətdə müəyyən irəliləyiş var idi. Düzdür, bəzən statistikada uyğunsuzluqlar da var idi. Məsələn, Statistika Komitəsi bir rayonda yeni iş yerlərinin sayını həmin rayonun əhalisindən də artıq saymışdı. 2008-ci ilin sonu, 2009-cu ilin əvvəllərində ixtisarlar müşahidə edilməyə başladı.

- Mətbuatda gedən məlumatlara görə, bu, əsasən tikinti və tikinti materialları ilə bağlı şirkətlərdə baş verirdi.

- Bir rəqəm də səsləndi. Təqribən 3000 işçi məzuniyyətə göndərildi. Amma faktiki olaraq, söhbət ixtisardan gedirdi. Hökumət hansı qabaqlayıcı addımlar atdı? Azərbaycana gəlib yerli işçi qüvvənin yerini tutan çinli və digər miqrantların qarşısını almaq üçün rüsumları qaldırdı. Xarici işçini gətirmək üçün lisenziyanın qiyməti 44 manatdan 1000 manata qaldırıldı. Belə işçiləri lisenziyasız işlədən şirkətlərin cəriməsi isə indi təqribən 30 min manata qaldırılıb. Amma bu özü də göstərdi ki, əmək bazarında gərginlik var və hökumət bunu görür.

- Nəqliyyat naziri Ziya Məmmədov infrastruktur layihələrinin, Dövlət Neft Şirkəti ekoloji layihələrin təxirə salındığını elan ediblər. Ziya Məmmədov deyib ki, imkan yarandıqca, icra olunacaq. İmkan yaranacaqmı?

- Əslində sosial xərclərdən fərqli olaraq, infrastruktur layihələrində ixtisarlar mümkündür, çünki orada şişirtmələr çox olur. İnzibati binaların tikintisi təxirə salına bilər. Mən bir vətəndaş kimi israfçılığın şahidi oluram. Artıq müəyyənləşdirilib ki, maliyyə böhranının səbəbi həm fərdlərin, həm şirkətlərin, həm də dövlətlərin israfçılığa yol verməsidir. Misal üçün yeraltı keçidi sadə də düzəltmək olar. Onu bu qədər süsləməyə ehtiyac yox idi. Xüsusilə də idxal olunmuş kafel və metlaxla. Bu layihələrdə xeyli israfçılığa yol verilmişdi. Odur ki, o xərclərə yenidən baxıla bilər. Amma indi böhranla bağlı verilən məlumatların da öz məqsədi var. Vaxtilə iqtisadi artımla bağlı verilən bəyanatlar elə gözləntilər yaratmışdı ki, indi hökumət onun altından qalxa bilmir. Amma indi biz böhranla bağlı etirafları eşidirik. Nəyə görə? Çünki neft və qazın qiymətinin aşağı düşməsinin təsirini Azərbaycan ciddi şəkildə hiss edəcək. Hökumət də bunun fərqindədir. Böhranın dərinləşəcəyi ehtimalı böyükdür.

- Dediklərinizdən belə çıxır ki, maliyyə böhranı bizim hökumətimizin qanının arasına girib. Çünki indi iqtisadi tənəzzülü maliyyə böhranının dalğası ilə izah etmək olar. Bəs ekspert olaraq siz bunun səbəbini nədə görürsünüz – məsuliyyətin nə qədəri qlobal maliyyə böhranının, nə qədəri səhv idarəetmənin üzərinə düşür?

- Əllinin əlliyə. Neft qiymətlərinin aşağı düşməsinin səbəbi bizim hökumət deyil. Amma infrastruktur layihələrinin şişirdilməsi, israfçılıq, Neft Fondunun pullarından limitsiz şəkildə istifadə, proqnozlaşdırmanın zəifliyi, bunlar hökumətin işidir. İki il dalbadal hökumətin büdcə ilə bağlı proqnozlarından bir neçə milyard dollarlıq kənarlaşma olub. Müəyyən qədər «vizyon» problemi var.

- Hökumətdə strateji qərar vermək qabiliyyəti olan adamlar çatmır, ya belə qərarlar üçün siyasi iradə?

- Ayrı-ayrı adamlarda bu «vizyon» ola bilər. Amma bu «vizyon» dövlətin siyasətində öz əksini tapmalıdır. Strateji görüşləri dövlət siyasətində əks etdirəcək mexanizm də yoxdur. Real idarəetmə taktiki qərarların qurbanıdır.

- Bəs bu qədər investisiya layihələrinin həyata keçirilməsindən sonra Azərbaycanda qeyri-neft sektorunda real istehsal sahələri yaradılıbmı?

- İqtisadi İnkişaf Nazirliyinin veb səhifəsində yeni yaradılan müəssisələrin siyahısı var. Orada şadlıq evləri də belə müəssisələr siyahısına salınıb. Real istehsal sahələrinin demək olar ki, hamısı, ya Rusiyadan göndərilən sərmayələr, ya da xarici investisiyalar hesabına yaradılıb.
XS
SM
MD
LG