Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:15

Hökumətin beşillik planı başa çatdı


Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının 5 illik yekunlarına dair konfrans, Bakı, 23 fevral 2009

Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının 5 illik yekunlarına dair konfrans, Bakı, 23 fevral 2009

«Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı vaxtından əvvəl, daha böyük həcmdə və uğurla icra olundu. Bu, tarixi bir nailiyyətdir».

Fevralın 23-də regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının 5 illik yekunlarına dair konfransda prezident İlham Əliyev belə deyib.

Ölkə başçısının sözlərinə görə, 2004-cü ildə başlanan bu proqramın uğurla gerçəkləşdirilməsi artıq insanların həyat şəraitində, şəhər və kəndlərin abadlaşan simasında, çəkilən yollarda, qurulan infrastrukturda – bütövlükdə sosial sahədəki müsbət dəyişikliklərdə özünü təsdiqləməkdədir.

Prezident deyir ki, bu proqramın nə dərəcədə böyük əhəmiyyəti olduğunu görmək üçün təkcə bir neçə statistik rəqəmə diqqət yetirmək kifayətdir:

«Son 5 ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artıb. Adambaşına düşən gəlir 5500 dollara çatıb. Sənaye istehsalı 2,5 dəfə artıb və sənayeləşmə prosesi çox geniş vüsət alıb. 766 min yeni iş yerləri açılıb ki, onlardan 546 mini daimi iş yerləridir. Bunun nəticəsində yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşüb. 49 faizdən 13,2 faizə. Büdcə xərclərimiz 12 dəfədən çox artıb. Valyuta ehtiyatlarımız bu gün 18 milyard dollardan çoxdur».

İ.Əliyev deyir ki, bu illər ərzində elektroenergetika sahəsinə göstərilən diqqət, müxtəlif bölgələrdə tikilən 9 elektrik stansiyası, eləcə də ölkənin 80 faizdən çox ərazisində qazlaşma prosesinin başa çatdırılması əhalinin enerji təminatında da ciddi dəyişikliklər yaradıb.

Bəs yerlərdə əhali bu məsələlərlə bağlı nə düşünür?

Bu günlərdə Füzuli rayonu ərazisində yerləşən «Qayıdış» qəsəbələrindən «Azadlıq» radiosuna zəng edib bildirmişdilər ki, əhaliyə işıq nəinki fasilələrlə, hətta gündə cəmi bir neçə saat verilir. Narazılıq var, hətta camaat yerlərdən Bakıya yanlış məlumatlar verilməsi barədə prezidentə teleqram da vurmaq istəyir.

Zəng edib sakinlərdən indi vəziyyətlərinin necə olduğunu soruşduq.

Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının 5 illik yekunlarına dair konfrans
Dedilər camaatın narazılığı, xüsusilə də prezidentə teleqram vurulması söhbəti ortaya çıxandan sonra vəziyyət yaxşılaşıb. İndi işıq gün ərzində əvvəlki kimi 14-16 saat yox, 5-6 saat söndürülür.

O ki qaldı yeni iş yerlərinə, 5 il əvvəl işsiz olanlar bu məsələdə öz həyatlarında dəyişiklik baş vermədiyini deyirlər.

İqtisadçı Zöhrab İsmayıl isə bildirir ki, əslində bir çox irəliləyişlər yalnız kağız üzərində deyildiyi kimidir. Məsələn, iş yerlərinin açılmasını bir neçə siyahıda təkrarlamaqla say artırılır.

Yoxsulluğun azalmasına gəlincə, iqtisadçı deyir ki, bəli, ölkədə acından ölənlərin və ölmək ehtimalı olanların sayı azalıb. Yoxsulluq isə kəskin şəkildə aşağı düşməyib. Yəni 5 il bundan əvvəl regionlarda mövcud olan problemlərdə fundamental dəyişiklik baş verməyib. Qaz, elektrik enerjisi problemləri də bölgələrdə qalmaqdadır:

«Qeyd olunur ki, ölkədə 9 modul tipli elektrik stansiyası tikilib. Ancaq bu, nə verib regionlara? Əgər bu gün deyək ki, Göyçay rayonunun hansısa kəndində yenə elektrik enerjisi fasilələrlə- yalnız axşamlar və səhərlər verilirsə, deməli, bu proqramın geniş təsir dairəsindən danışmaq mümkün deyil. Mən hesab edirəm ki, ciddi dəyişiklik baş verməyib. Yəni regionlardan Bakı şəhərinə miqrasiya yenə də davam edir».

Z.İsmayıl deyir ki, regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı məqsədləri baxımından yaxşı bir proqramdır. Əgər orada qoyulan məqsədlərə tam əməl edilsəydi, təkcə əhalinin yox, elə bölgələrin inkişafında da ciddi irəliləyişlər nəzərə çarpardı. Ancaq bu, baş vermədi.

Prezident İlham Əliyev isə deyir ki, artıq növbəti 5 il üçün Dövlət Proqramının yeni layihəsi hazırlanıb. Əvvəlki proqramın uğurla başa çatması və mövcud imkanlar gələcəyə ümidlə baxmağa əsas verir.

İqtisadi İnkişaf naziri Şahin Mustafayev isə bildirir ki, son 5 ildə regionlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi 6 dəfə artaraq 7 milyard manata yaxın olub. 2009-cu ildə isə regionlara dövlət büdcəsindən 4 milyard manata yaxın vəsait ayrılacaq ki, bu da ümumi investisiyaların 83 faizi deməkdir.

Şərhləri göstər

XS
SM
MD
LG