Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:46

«Gözlərimi bağlayıb, qollarımı burdular. Bərk qorxdum»


«Möhkəm həyəcanlanmışdım. Buraxanda dedilər, düz get aeroporta. Bir də ayağın buralara dəyməsin»
«Möhkəm həyəcanlanmışdım. Buraxanda dedilər, düz get aeroporta. Bir də ayağın buralara dəyməsin»
«Ayna»- «Zerkalo» qəzetinin əməkdaşı İdrak Abbasov fevralın 18-20-də Naxçıvanda təzyiqlərə məruz qalandan sonra hazırda Respublika Xəstəxanasının kardiologiya şöbəsində müalicə olunur. Onunla xəstəxanada söhbət etdik.

«Halım, əhvalım yoxdur, boğuluram. Elə bir ürəyimə tikan batır, təngnəfəs oluram. Ayın 18-də Naxçıvana getdik. Söz azadlığı, insan haqları, referendum qabağı muxtar respublikadakı vəziyyətlə bağlı araşdırma aparırdım. Belə baxanda hər şey normal görünürdü.
İcra hakimiyyəti nümayəndələri, nazir müavini səviyyəsində də görüşlər oldu. İki gündən sonra zəng etdilər ki, gələrsiniz ora...

- Hara?

- Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə. Getdim. Bir nəfər məni qəbul etdi.

- Sizi kim qəbul etdi?

- Bir oğlan idi. Ancaq içəri aparanda saxladılar, dedilər gözlərini bağlayın. Gözlərimi bağlayıb qollarımı burdular. Bərk qorxdum. Əvvəlcə bir nəfər idi, sonra iki oldular. Özümdə deyildim, necə apardılar, niyə apardılar, bilmirəm.

- Sizi hara apardılar?

- Allah bilir, ora-bura, pilləkənləri də çıxırdıq. Sonra bir otağa saldılar. Normal bir otaq idi. Stol-stul var idi. Bir nəfər hərbi geyimli şəxs gəldi, rütbəsi yox idi. Gələn kimi başladı ki, bura müharibə şəraitində olan yerdir, blokadadır, haradan gəlmisən, niyə gəlmisən. Səni kim göndərib, sərhəd bölgəsində nə edirsən, cəbhə xəttiylə niyə maraqlanmısan...

- Siz özünüzü təqdim etmədiniz?

- Əslində hər şeyi bilirdilər. Hansı kəndlərdə olmuşam, kimlərlə görüşmüşəm, bilirdilər. Mən də deyirdim ki, «Kütləvi informasiya vasitələri haqqında» qanun var, onun əsasında bura gəlmişəm.

- Sizə təzyiqlər oldumu, oldusa hansı formada?

- Məni döymədilər. Psixoloji təzyiq göstərirdilər. Təhqir edirdi, döyməklə hədələyirdi.

- Kim hədələyirdi?

- Mənimlə danışan həmin adam.

- Həmin şəxs özünü sizə təqdim etdi, siz onun özünü təqdim etməsini istədiniz?

- Əlbəttə, dedi ki, sən kimsən, mən sənə özümü təqdim edim.

- Bəs hədə-qorxu nə qədər davam etdi?

- İki saat çəkdi, bəlkə də bir az çox. Sonra da ki, fotoaparatımdakı şəkilləri pozdular.

- Bəs necə oldu sizi buraxdılar?

- Bilmirəm, vallah. Bəlkə fikirləşdilər ki, hay-küy qopacaq, ona görə.

- Vəziyyətiniz orda pisləşdi?

- Gözlər bağlananda, qol burulanda adam həyəcanlanır. Möhkəm həyəcanlanmışdım. Buraxanda dedilər, düz get aeroporta. Bir də ayağın buralara dəyməsin. Elə həmin gün, ayın 20-də gəldim. Bakıya çatandan sonra ürəyimdəki ağrılar lap artdı. Şənbə günü məni gətirdilər bura, xəstəxanaya.

- Sizə hansı diaqnoz qoyublar?

- Nevrolgiya var, ürəkdə problemlər var, görək hansı olacaq. Təki düzəlim.

- Baş verənlərlə bağlı, sizə olan bu təzyiqlərlə bağlı harasa şikayət edəcəksiniz

- Kimdən kimə şikayət edəcəyəm ki. Oranınkı guya bura deyil, oradan bura şikayət edəcəyəm? Məncə heç bir mənası olmayacaq.

- Siz bundan əvvəl də təzyiqlərə məruz qalmısınız. Bundan sonrakı fəaliyyətiniz necə olacaq?

- Bir lətifə var, tutuquşuyla bağlı. Tam yadımda deyil, məğzi odur ki, tutuquşu deyir, onsuz da mən danışacağam. İndi onun sözü olmasın, onsuz da yazacağam.

İdrak Abbasov fevralın 18-20-də Naxçıvanda olub. O burada referenduma hazırlıq, insan haqlarının vəziyyətiylə bağlı araşdırma aparanda Milli Təhlükəsizlik Nazirliyinə aparılıb, burda təzyiqlərə məruz qalıb. Bundan sonra səhhəti pisləşib.
XS
SM
MD
LG